İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Bakı və İrəvana yeni sülh sazişi hazırlayır - Putinin emissarı Ermənistanda

Rusiyanın diplomatik hərəkətlənməsinin pərdəarxası; Moskva əlini bölgənin “nəbzində” saxlamağa çalışır, Ermənistan isə müharibəni seçir...

Srağagün Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidəki üçtərəfli görüşünü müzakirə edib. Görüş zamanı Paşinyan bəyan edib ki, Ermənistan 2022-ci ilin avqustunda Bakı və İrəvana təklif olunan sülh sazişinin Rusiya variantını dəstəkləyir.

Diqqətçəkən ikinci məqam erməni rəsmi mənbələrinin Xovayevi həm də ATƏT-in üzdəniraq Minsk Qrupunun həmsədri kimi təqdim eləməsidir. Halbuki heç Rusiya XİN-in özü iki ildir bu ifadədən istifadə eləmir.

Bu fakt Ermənistanın hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşamağa davam elədiyinin, demək ki, ədalətli və daimi sülhdə maraqlı olmadığının növbəti sübutudur. Təsadüfi deyil ki, N.Paşinyan İ. Xovayevlə görüşdə də Rusiyanın “sülh variantı”nı dəstəklədiyini deyir. Niyə?    

Bu yerdə xatırladaq ki, iki ay öncə Rusiyanın “Kommersant” qəzeti özünün etibarlı mənbələrinə istinadən yazmışdı ki, Xovayev ötən yay bölgədə səfərdə olarkən Bakı və İrəvana Rusiyanın hazırladığı “sülh sazişi varinatı”nı təqdim edib. Həmin sənədin 15-ci bəndində Qarabağdakı bir ovuc erməniyə gələcəkdə status verilməsi nəzərdə tutulurdu. Təbii ki, Bakı onu rədd edib, İrəvan isə bəyənib. Paşinyan məhz onu nəzərdə tutur.

Nəşr həmçinin yazmışdı ki, Bakının imtinasından sonra Moskva 15-ci bəndi sənəddən çıxarıb və təklif edib ki, “status məsələsi” müqaviləyə əlavə ediləcək protokolda əksini tapsın. Sonrası bəlli deyil. Daha doğrusu, İqor Xovayevin regiona budəfəki səfərindən sonra yəqin ki, çox şey üzə çıxacaq.

Bunu da qeyd edək ki, səfər 31 oktyabr Soçi görüşü və üçtərəfli Soçi bəyanatından cəmi iki həftə sonra reallaşır. Həm də Putinin emissarı öncə Bakıya deyil, İrəvana gedib. 6 gün sonra isə (22 noyabr) V.Putinin özünün KTMT sammitində iştirak üçün Ermənistan paytaxtına gələcəyi gözlənilir...

Kremldən Bakı və İrəvana çağırış: Gərginliyi artırmayın! Yenipress.az

Bəs Kreml gerçəkdənmi Bakı və İrəvan üçün yeni sülh sazişi hazırlayır?

Bir şeyə şübhə yox ki, “Ukrayna bataqlığı”nda ilişən Rusiyanın belə diplomatik hərəkətlənməsində əsas məram ən azından Azərbaycanla Ermənistan arasında vasitəçilik statusunu qoruyub saxlamaq, Qərbdən “geri qalmamaq” və əlini daim bölgənin “nəbzində” saxlamaqdır, nəinki iki xalqın barışığına can atıb real yardımçı olmaq. 

Təbii ki, Paşinyan da həmişəki ampluasındadır və Ermənistan üçün sərfəli olmayan sülh müqaviləsini əngəlləməkdən ötrü Qərblə Rusiya arasında oynamağa davam edir. Söz düşmüşkən, Xovayev İrəvanı tərk edər-etməz, Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon əlaqəsi saxlayıb. Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşü müzakirə ediblər.

Blinken ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib. Bundan başqa, tərəflər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər...

İrəvan rəsmilərinin Azərbaycanla ədalətli sülhdə maraqlı olmadığını Ermənistan Təhlükəsizlik Şurasının katibi, “sorosçu” kadrlardan olan Armen Qriqoryanın son açıqlamaları da təsdiqləyir.

Yenə köhnə bayatını oxuyan Qriqoryan deyib ki, “Dağlıq Qarabağ problemini həll etmədən, heç olmasa Qarabağ probleminin necə həll olunacağına aydınlıq gətirmədən sülh müqaviləsinin imzalanması mümkünsüzdür”.

Azərbaycan, Ermənistan və Rusiyanın 3 tərəfli görüşü gözlənilir » Anews.az  Azərbaycan xəbər portalı

“Yeni Müsavat” xəbər verir ki, bu barədə o, yerli “Civilnet” saytına müsahibəsində bildirib.

“Qarabağ problemindən yan keçmək mümkün deyil, bu bütün görüşlərdə müzakirə olunan, gündəmdə olan mövzudur. Məsələni gələcəyə buraxmaq, ya da Dağlıq Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizliyin müzakirəsi üçün beynəlxalq mexanizm yaratmaq variantı var. Dağlıq Qarabağ problemini həll etmədən, heç olmasa bu problemin necə həll olunacağına aydınlıq gətirmədən sülh müqaviləsi bağlamaq mümkün deyil”, - Qriqoryan iddia edib.

Onun sözlərinə görə, hazırda “Qarabağ məsələsi”ni sülh müqaviləsi prosesindən necə ayırmaqla bağlı müzakirələr gedir: “Çünki uzun müddətdir ki, Qarabağ probleminin sülh sazişinin, prosesin tərkib hissəsinə çevrilməsinə dair həll yolu yox idi. İndi biz mövzuları məhdudlaşdırmağa çalışırıq, lakin bunun üçün zəmanətlər lazımdır. Zəmanət olmadan bunu sülh müqaviləsində əks etdirməmək mümkün deyil”.

Beləcə, A.Qriqoryan da öz şefi N.Paşinyan kimi sülh müqaviləsini artıq tarixə qovuşmuş konfliktin “həllinə” aparıb bağlayıb. Bu isə Bakı ilə sülh sazişindən faktiki imtina və müharibə yolunu seçməkdir. Çünki Azərbaycan heç vaxt “miatsum qoxusu” verən köhnə erməni gündəmini yaxına buraxmayacaq. Sonuncu Soçi bəyanatı və Azərbaycan Prezidentinin Soçidə Putinə söylədiyi “Qarabağ münaqişəsi iki il öncə həll olunub” sözləri buna bir daha öz möhrünü basıb.

Hərçənd Ermənistan Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, zəmanətçilərin, yaxud zəmanətçi dövlətlərin kim olacağı hələ bəlli deyil. “Bu, danışıqların mövzusudur. Ermənistan bilir ki, bu zəmanətlər tarix boyu həmişə işləmir, lakin onların işlədiyi vaxtlar ola bilər”, - deyə o əlavə edib.

Görəsən, hansı zəmanətçi ölkələrdən söhbət gedir? 30 il erməni işğalına göz yuman, işğalı faktiki rəsmiləşdirməyə çalışan dövlətlərdən və “beynəlxalq təşkilat” adı altında gizlənən xristian klublarından?..

P.S. Yazı hazırlanarkən İqor Xovayevin Bakı səfəri haqda informasiya yox idi. İstisna deyil ki, o, Moskvaya qayıdaraq öz rəhbərliyi ilə bəzi detalları müzakirə etdikdən sonra, yəni daha bitkin təkliflə Azərbaycana gələcək.  

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR