İnsanlara hürriyət, millətlərə istiqlal!

“KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə

İlham İsmayıl: “Bu adam dövlətin agentidir, başqa ölkənin xüsusi xidmətinin işçisi deyil axı?!”

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Dövlət Təhlükəsizlik Komitəsi (“KQB”) arxivindəki sənədlər daima cəmiyyətin diqqət yetirdiyi əsas mövzulardan olub. “Sənədlər açılsın” deyənlər bunu həm rus-sovet işğalı dövründə respressiyalarla bağlı həqiqətlərin üzə çıxması, həm də Azərbaycanın müstəqilliyinə mane olmağa çalışan qüvvələrin ifşa edilməsi baxımından zəruri sayıblar. Əleyhinə olanların arqumenti isə bu olub ki, agentura şəbəkəsinin açılması cəmiyyətdə qarşıdurma yarada bilər. Azərbaycanla eyni vaxtda müstəqillik qazanmış keçmiş sovet respublikalarından bəziləri, xüsusilə Baltikyanı ölkələr bu istiqamətdə ciddi addımlar atdılar. Onlar “KQB” arxivlərini açdılar və bu qurumla əməkdaşlıq edən agentlərin Litva, Latviya və Estoniyada hər hansı bir dövlət vəzifəsi tutmasını qadağan etdilər. Gürcüstanda isə məxfi agentlərin adları açıqlanmasa da, “KQB” arxivində toplanan məlumatlar ictimaiyyətə açıq elan edildi. 

Bəzi ekspertlər bildirir ki, casus şəbəkəsinin açılması istənilən xüsusi xidmət orqanı üçün istər ölkə daxilində, istərsə də ölkə xaricində ciddi nəticələrə səbəb ola bilər: Azərbaycanla bağlı məsələnin incəliyi ondan ibarətdir ki, həmin məlumatların bir hissəsi sovet dövrünə aiddir, o dövrdə müstəqil xüsusi xidmət orqanı olmayıb. Bu baxımdan hesab edilir ki, sovet dövrünün arxivləri xüsusi öyrənildikdən sonra dövlətin təhlükəsizliyinə aid çox ciddi məlumatlar istisna olmaqla açılmalıdır.

“Birinci növbədə DTK arxivləri açılmalıdır. Lüstrasiya haqqında qanun qəbul olunmalıdır. İctimai-siyasi fəaliyyətlə məşğul olan partiya sədrləri, millət vəkillərinin hamısının arxivləri təmiz olmalıdır. Onlara sovet dönəmindəki kimi, cinayət işi açılsın demirəm. Əsla! Sadəcə olaraq, cəmiyyət agentləri tanısın”. Bunu isə Ümid Partiyasının sədri Modern.az-a  müsahibəsində belə deyib. “Artıq bundan sonra cəmiyyətin seçimi olacaq ki, o, agentə səs versin, yoxsa yox. Lüstrasiya haqqında qanun qəbul olunandan sonra aktiv insanları agentura şəbəkəsinə cəlb etmək çox çətin olacaq. Yoxsa demokratımız da, dinçimiz də, sosialistimiz və kommunistimiz də agent olur. Belə olmaz. İndi Qarabağ məsələsi də bitib. Düşünürəm ki, arxivlər açılmalıdır. Azərbaycan hökuməti də bunu ciddiyə almalı, Milli Məclis məsələ ilə bağlı qərar qəbul etməlidir. Prezident və hökumətin tərkibinin böyük hissəsi buna etiraz etməyəcək”, - deyə o bildirib. 

Ümumiyyətlə, DTK arxivləri açılarsa, cəmiyyətdə ciddi şəkildə ajiotaj doğura bilər. Çünki ictimaiyyətin tanıdığı və agent ola biləcəyini gözləmədiyi siyasi xadimlər, nüfuzlu şəxslər ifşa oluna bilər. Bu da Azərbaycanın ictimai-siyasi səhnəsinin yenidən şəkillənməsini şərtləndirəcək. Həmin sənədlərin üzə çıxarılması ilə siyasi arenanı tərk etmək məcburiyyətində qalacaq şəxslər ola bilər. Bu mənada ayrı-ayrı dövrlərdə DTK arxivlərinin açılması təklifləri səslənsə də, çağırışlar olsa da bu addım atılmayıb. İndi belə bir işin görülməsinə zərurət varmı? Bu məsələ nə dərəcədə aktualdır? Yeri gəlmişkən, Ukraynada DTK sənədlərini qismən açdılar. Hətta o dərəcədə oldu ki, bəzi insanların qohum-əqrəbalarına kimlərsə satqınlıq edibsə, kimisə satıbsa, məlumat verildi.

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl

Sabiq MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, nəinki indi, heç zaman agentura şəbəkəsinin açılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, bu, dövlətin təhlükəsizlik xidmətinə zərər vura bilər: “Əvvəla, qanun var ki, hansısa alim, yaxud tanınmış şəxs barəsində neçə il sonra arxiv açıla bilər, amma o zaman məsələ əhəmiyyətini itirmiş olacaq. Amma mən əleyhinəyəm. Çünki xüsusi xidmət orqanının işini məxfilik təşkil edir və dünyada necə nüfuzlu adamlar, hətta Nobel mükafatı almış şəxslər agent olublar, cild-cild olan kitabları istifadə edilir. O demək deyil ki, həmin adamlar satqındırlar. Onlar dövlətə xidmət etmiş məxfi əməkdaşlardır. Sadəcə, sovet vaxtı qoyulan tapşırıq var idi ki, qonşun nə danışırsa, gəl, xəbər ver. Əgər bir agent dövlətə xəyanət etmiş adamdan, yaxud gözlənilən terror təhlükəsindən məlumat verirsə, onu necə üzə çıxarmaq olar? Onun gördüyü iş vətənə xidmətdir”.

İ.İsmayıl bildirdi ki, bir anlıq təsəvvür edin - arxivlər açılır: “Və məlum olur, filankəsin babası "KQB" agenti olub. Deməli, hamıda rəy yaranacaq ki, bu adam özü də babası kimi satqındır. Bu da mənfi rəy yarada bilər. Biz Ukrayna, Baltikyanı ölkələrin xalqları kimi soyuqqanlı deyilik. Bu gün arxivlər açılarsa, həmin şəxslərin ailələrinə də pis təsir edə bilər. O da təbii ki, indi agent işləyən adamlarda ehtiyatlılıq yaradacaq. Həmin adamlar fikirləşəcəklər ki, deməli, 20 il sonra mənim adım da açıqlana bilər. Mərhum Namiq Abbasov nazir olanda təkliflər səslənirdi ki, arxiv açılsın. Biz rəsmi  kadr idik, bununla belə, qarşı çıxdıq, dedik ki, məxfi əməkdaşların işinə təsir edəcək. Hətta deyirdilər ki, Elçibəyə qarşı işləmiş agentin kimliyi açıqlansın. Buna da etiraz etdik. Bu, işimizi pozacaqdı və əməkdaşlığa cəlb etmək işini aparmaq mümkün olmayacaqdı. İndi də arxivlərin açılması nə verəcək ki? Bu adam dövlətin agentidir, başqa ölkənin xüsusi xidmətinin işçisi deyil axı?!"

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR