Onlayn ictimai-siyasi qəzet
Qardaş Türkiyə nə yazıq ki, son illər çox faciəvi hadisələr yaşayır- terrorlar, dövlət çevrilşi cəhdi, zəlzələ... Biz Türkiyə ilə lap çoxdan kədər və sevinc ortağıyıq. İnformasiya məkanlarımız çuğlaşıb, dövlətlərimiz çiyin-çiyinədir, toplum olaraq da iç-içə ev kimiyik, sevinclərimiz kimi kədərlərimizi də paylaşırıq. Toylarımızda oradan gələn müğənnilər oxuyur, bizimkilər oraya şənbə-bazar alış-verişə gedirlər.
Boludakı “Kartalkaya” dağ-xizək mərkəzindəki 12 mərtəbəli hoteldə baş verən dəhşətli yanğın da ölkəmizdə dərin məyusluq yaratdı. Dəhşətli hadisədir, ailəlikcə həyatını itirənlər var, Türkiyə mediasında elə hekayələr var ki, sona kimi oxumağa ürək tab gətmir. Həyatını itirənlər arasında hər sosial təbəqədən var: alimdən, mühəndisdən tutmuş hələ dil açmayan körpəyədək...
Prezident İlham Əliyev Türkiyə rəhbərliyinə həmin gün başsağlığı məktubu göndərmişdi, bu gün isə Ərdoğana zəng etdi, bir daha dəhşətli faciədə həlak olanlara Allahdan rəhmət dilədi və xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Türkiyə Prezidenti də diqqətə və başsağlığına görə minnətdarlığını bildirdi. “Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır” dedi. Yeri gəlmişkən, Koroğlu türklərlə ortaq dastan qəhrəmanımızdır. “Grant Kartal otel” də 2 min 200 metr hündürlükdəki Koroğlu dağınının zirvəsində yerləşən 5 hoteldən biri imiş...
Avropada, elə Asiyada da turizm potensialına görə Türkiyə ilə müqayisə edilə biləcək az ölkə var. Həm qardaş ölkə ərazicə böyükdür, həm də yalanı yox, dağı-meşəsi, dənizləri və tarixi abidələri ilə çox ölkələri geridə qoyur. Turizm hər mövsüm Türkiyə büdcəsinə milyonlar qazandıran ən mühüm sahədir. Türkiyə elə Azərbaycandan da dincəlmək üçün getdikləri ölkələr sırasında ilk üçlükdə olar. Türkiyə turizmi həmişə bir numunə kimi göstərilib. Bu ağır hadisə şübhəsiz ki, xüsusilə Türkiyənin qış turizminə ciddi zərbə olacaq.
Türkiyə sosial medası hadisələrə qərəzli və fürsətcil “təhlil” verən zehniyyət bizim ölkədən 10 qat çoxdur. Bu tip olaylarda ağız deyəni qulaq eşitmir. Məsələn, yazıblar ki, hoteldə yananların hamısı varlılar olub. Yəni tətildə olan məktəbli uşaqların da həlak olduğu dəhşətli hadisəyə bunca qəddar münasibət əlbəttə ki, üzücüdür. Müxalifətə bağlı media da bu olaya iqtidarı sərt tənqid etmək fürsəti kimi baxır.
Neçə gündür qardaş ölkənin televiziyalarında izləyirik, bu dəhşətli olayda həqiqətən də çoxsaylı suallar var. Bunlara əlbəttə cavab vermək lazım gələcək. Məsələn, indi az qala hər evin mətbəxində yanğın xəbərvericisi detektoru var, amma necəsə bu boyda hoteldə olmayıb. Eləcə də adi tüstüləmədə “yağış effektli” təhlükəsizlik sistemi də ya quraşdırılmayıb, ya da işlək vəziyyətdə olmayıb. Mətbəxdə ilk tüstüləmədə bu xəbərdarlıq olsaydı, heç kimin nəinki barmağı yanar, heç burnu da qanamazdır. Bu boyda hotel-mərkəz tikəsən, çölə yanğın nərdivanların olmaya... Günü adambaşına 1000 dollara (daha bahalı otaqlar da varmış) otaq kirayə verəsən, yaxınlıqda yanğın söndürən 5-10 nəfərlik qrup saxlamağa “xəsislik edəsən”. Yanğına ilk müdaxilə 112 çağırışdan səhv etmirəmsə, 35-40 dəqiqə sonra olub! Əlbəttə, yaxınlıqda yanğınsöndürənlər saxlamaq xəsislik məsələsi deyil, bunun bir adı var- məsuliyyətsizlikdən doğan cinayət. Hadisəyə görə 11 adam tutublar, 111 adam tutsalar da, nə yazıq ki, ordakı 78 candan birini belə geri qaytarmaq mümkün olmayacaq. Demək, bu cür məsuliyyətsizliyin səbəb olduğu cinayətə qədər qarşısı alınmalı idi. Türkiyədə bələdiyyə bizimlə müqayisə edilməz, mərkəzi bələdiyyə var, ondan başqa kənd bələdiyyələri və sairə. İndi tutulan arasında Bolu bələdiyyəsinin hansısa müavini də var. Əsas iddia budur ki, 12 dekabrda bu hotel yanğın təhlükəsizliyi ilə bağlı bələdiyyəyə müraciət edərək sertifikat almaq istəyib. Bələdiyyə 16 dekabrda yoxlama zamanı nöqsanları tamamlamaq üçün onlara 15 gün vaxt verib.
Amma hotel bir həftə sonra ərizələrini geri götürüblər. Bələdiyyə yanğın təhlükəsizliyi olmayan hotelin yüzlərlə müştəri qəbul etməsinə göz yumub. Amma Bolu bələdiyyə başqanı(deyəsən, heç bir partiyalığı yoxdur) isə deyir ki, bu iddialar yalandır, onlar 2017-ci ildən bəri bu hoteldə nəinki yoxlama, heç yaxınına gələ bilmək yetkiləri belə olmayıb. Xizək mərkəzi də, hotel də Turizm Bakanlığının (Nazirliyinə) nəzarətində olub, məsuliyyət də onların üzərindədir. Bunları araşdırmaq əlbəttə ki, Türkiyə hüquqçularının işidir, araşdıracaqlar. Türkiyənin tənqidçi mediası, müxalifət bu işin peşini tezliklə buraxmayacaq, düzü də budur. Bunu Ərdoğan iqtidarının əleyhinə yönəltmək cəhdləri məncə, mənasız işdir, amma əlbəttə də ki, bu da olacaq. Ən azı o səbəbdən ki, bu ölkəyə görə AKP, yanğın baş verən hotelə Turizm Bakanlığı (Nazirliyi) məsuldur.
Bu yanğının ölkəmizdə doğurduğu məyusluq bəlli, amma əsas odur ki, bu dəhşətli hadisədən biz də nəticə çıxarmalıyıq. Azərbaycan turizm bazarında yenidir, torpaqlarımız işğaldan yeni azad edlib, həm qış, həm yay turizmini dirçəltmək üçün zaman lazım olacaq. Bizim oliaqarxlar İspaniya, İtaliya, Çexiya, Monteneqro kimi ölkələrdə turizmə sərmayə qoyurlar, bəzilərinin elə Türkiyədə də hotelləri var, Allah qazanclarını bol etsin. Amma Azərbaycanda hansı oliqarxa, iş adamına bağlılığından asılı olmayaraq, mütləq bizim də turizm bölgələrindəki hotellərdə yanğın təhlükəsizliyi ilə bağlı ciddi araşdırmalar aparılmalı və lazım gələrsə, nəticələri barədə məlumatlar ictimailəşməlidir...
Nazim SABİROĞLU
Musavat.com
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ