Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentin sorğusuna baxılaraq məqsədəuyğun hesab edilib; hüquqşünas: “Prezident seçkilərin keçiriləcəyi tarixi bu gün də, 10 gün sonra da elan edə bilər”
İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.
İclasda sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.
Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilməlidir.
Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.
Yada salaq ki, ötən həftə hakim partiya parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini təklif edib. Seçkilər noyabrda olmalıdır, lakin həmin ay COP29 tədbirləri təşkil olunacağı üçün iqtidar partiyası təşəbbüs göstərib ki, iki ay irəli çəkilərək növbədənkənar parlament seçkiləri keçirilsin. Çünki eyni aya təsadüf etməsi həm seçkinin, həm tədbirlərin yüksək səviyyədə təşkilində çətinlik yarada bilər. Artıq Konstitusiya Məhkəməsi də Prezidentin sorğusuna müsbət rəy verib və indi seçkilərin nə zaman keçiriləcəyi tarixi açıqlamaq qalır.
Xatırladaq ki, 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilib. Həmin referendumda konstitusiyaya edilmiş dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. 2019-cu il noyabrın 28-də Prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə ən çox deputatla təmsil olunan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsünü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması, növbədənkənar seçkinin təyin olunması üçün prezidentə müraciət edib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi prezidentin sorğusuna baxaraq növbədənkənar parlament seçkisinə “yaşıl işıq” yandırıb. Dekabrın 5-də prezident Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidir. Konstitusiyaya görə, 18 yaşına çatmış ölkə vətəndaşı Milli Məclisin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin deputat seçilməsi yasaqdır.
Deputatlığa namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, müvafiq seçki dairəsində daimi yaşayan, seçki hüququ olan vətəndaşlar irəli sürə bilər. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür. Seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, müvafiq seçki dairəsi üzrə seçki 2 ay müddətinə təxirə salınır. Səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçki birmandatlı seçki dairəsində ən geci 3 ay müddətinə təxirə düşür. Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş sayılır. Qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda birmandatlı seçki dairəsi üzrə seçki baş tutmamış hesab edilir. Seçkinin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.
Qulamhüseyn Əlibəyli
Hüquqşünas, sabiq millət vəkili Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Konstitusiya Məhkəməsi qərarını açıqladıqdan sonra Prezident növbədənkənar seçkilərin keçirilməsinin vaxtını elan etməlidir. Onun sözlərinə görə, seçkilərə iki ay qalmış tarix elan olunur: “Yəni Prezident seçkilərin keçiriləcəyi tarixi günü sabah da, 10 gün sonra da elan edə bilər. Sonra Mərkəzi Seçki Komissiyası elan edilən zamanı nəzərə alaraq, seçki hərəkətlərinin hansı vaxtlarda, hansı ardıcıllıqla həyata keçiriləcəyinə dair qrafikini müəyyən etməlidir”. Q.Əlibəyli bildirdi ki, bunun davamı olaraq deputat olmaq istəyənlər namizədliyini açıqlayır, sonra 5 gün müddətində onlara vəsiqə verilir, verilən zaman müddətində 450-500 imza toplanır, sonra Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Ondan sonra namizədlərin qeydiyyatı başlanır. Nəhayət, bu proses də yekunlaşdıqdan sonra 21 günlük təbliğat-təşviqat kampaniyasına start verilir".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ