İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqres anti-Azərbaycan layihəsinə tərəfdar toplaya bilmir

ABŞ Konqresinin bir qrup üzvünün sanksiya tətbiq etmək niyyətində olduğu azərbaycanlı dövlət məmurlarının siyahısına (41 nəfər) üç yeni ad əlavə edilib. Konqresə təqdim olunan variantda adları göstərilən üç yeni məmur aşağıdakılardır:

- Kərim Vəliyev, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi;

- Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi;

- Azər Tağıyev, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi.

Yada salaq ki, ötən həftə Dina Titusun rəhbərliyi ilə bir qrup ermənipərəst konqresmen “insan hüquqlarının pozulmasına və hərbi əməliyyatlara görə” Azərbaycanın  yüksək vəzifəli hərbçilərini, hüquq mühafizə və məhkəmə sisteminin məmurlarının adlarını sanksiya siyahısına salmaq üçün qanun layihəsi hazırlayaraq Nümayəndələr Palatasına təqdim edib.

 

Ermənipərəstlər qanun layihəsinə Konqres üzvləri arasında tərəfdar toplamaqda isə çətinlik çəkirlər. “Turan” yazır ki, hazırda anti-Azərbaycan layihəsinə imza verənlərin sayı 21-dən 27 konqresmenə çatıb. Son tərəfdarlar arasında qanun layihəsinə qoşulan konqresmenlər Den Qoldman, Mişel Stil və Mayk Kuiqli də var.

Ötən həftə təqdim edildikdən sonra qanun layihəsi Konqresin Xarici işlər komitəsinə və Hüquq komitəsinə təqdim edilib, hələlik gələcək addımlar atılmayıb. Əgər qanun layihəsi qəbul olunarsa, Konqres Bayden administrasiyasından tələb edəcək ki,  “Maqnitski qanunu” çərçivəsində azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etsin. 

Göründüyü kimi, anti-Azərbaycan layihəsinə Konqresdə tərəfdar toplaya bilmirlər. Ermənipərəstlərin “əlavə siyahısı”ndan da aşkar görünür ki, “Maqnitski qanunu” adı altında Azərbaycanın rəşadətli ordusu hədəfə götürülüb. Yəni ermənipərəst konqresmenlərin quyruq acısı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, erməni separatizminin birdəfəlik çökdürülməsidir. Üstəlik, bu, Vaşinqton-Bakı münasibətlərində əlavə gərginlik niyyəti də güdür. Hadisələrin axarı hara doğru gedir?

Abutalib-semedov-121-900x604.jpg (83 KB)

 Abutalıb Səmədov: “Biz Qarabağda nə vaxt etnik təmizləmə həyata keçirdik?”

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan layihəni hazırlayan konqresmen özü bu layihəni iki səbəblə əlaqələndirib: "Bunlardan biri müxalifətə qarşı guya görülən kəskin tədbirlərlə, ikincisi Azərbaycanın guya Qarabağda həyata keçirdiyi etnik təmizləmə ilə əlaqədardır. Azərbaycana qarşı çox ağır və dəhşətli  böhtan atılıb. Buna müxalifət hələ bir reaksiya verməyib. Biz Qarabağda nə vaxt etnik təmizləmə həyata keçirdik? Heç vaxt. Ermənilər özləri getdilər. Azərbaycan ən yüksək səviyyədə çağırışlar etdi, vədlər verdi ki, getməsinlər, lakin getdilər. Ermənilər gedərkən bir nəfər də olsun mülki erməni təzyiqə məruz qalmayıb. İndi bizi konqresmenlər etnik təmizləmədə günahlandırırlar və özlərini Azərbaycan sevdalısı adlandıran müxalifət buna etiraz eləmir. Və bu qanun layihəsinin qəbul olunması təbiidir ki, Azərbaycan-ABŞ münasibətlərinə ağır zərbə vurar. Bu gün belə bir layihənin ortaya atılması tamamilə mənasızdır və həm də ABŞ-Azərbaycan münasibətlərini pozmağa hədəflənib. Çox güman ki, bu layihə Konqres tərəfindən qəbul olunmayacaq və qəbul olunmamalıdır. Əgər belə bir qanun layihəsi qəbul olunacaqsa, Azərbaycan-ABŞ münasibətlərinə çox çətin sağalan yara vuracaq. 907-ci düzəlişin hələ təsiri keçməyib. Baxmayaraq ki, ABŞ-ın bizə göstərəcəyi yardıma ciddi bir ehtiyacımız da yoxdur.  Ancaq 44 vəzifəli şəxsə qarşı yönələn layihədə nəzərdə tutulan sanksiyalar qətiyyən qəbuledilməzdir. Çünki heç bir real əsası yoxdur. Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirməyib. Mən ümid edirəm ki, bu qanun layihəsi qəbul olunmayacaq. Buna ümid etməyə qanun layihəsinə daha çox sayda konqresmenləri qoşmaq cəhdlərinin boşa çıxması da əsas yaradır”.

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov: "Hazırda Konqresdə həmin absurd qanun layihəsinin qəbul edilib-edilməməsinə, onu təqdim edənlərin sayı azdır..."

Politoloq Oqtay Qasımov isə bildirdi ki, ABŞ-da Nina Titus və digər erməni lobbisi ilə iç-içə olan konqresmenlərin hazırladığı qanun layihəsi iki ölkə arasında münasibətləri pozmağa yönəlib: “Erməni diasporunu ABŞ Konqresi və Senatında dəstəkləyən qüvvələr var. Zaman-zaman bu qüvvələr Azərbaycan əleyhinə qərarlar qəbul ediblər. 907-ci bədnam düzəliş də bunun bir sübutudur. Keçən ilin sentyabr və noyabrında məhz bu şəxslərin xüsusi fəallığı nəticəsində Amerika Konqresində Azərbaycanla bağlı dinləmələr keçirilmiş və Azərbaycan əleyhinə bəyanatlar səslənmişdi. Bu da iki ölkə arasında münasibətlərə ciddi təsir etmişdi. Hətta Azərbaycan Amerikanın bəzi rəsmi şəxslərinin ölkəyə girişinə qadağa da qoydu. O ki qaldı hazırda Konqresdə həmin absurd qanun layihəsinin qəbul edilib-edilməməsinə, onu təqdim edənlərin sayı azdır, cəmi 21 nəfərdir. Mən düşünmürəm ki, onlar bu qanun layihəsinə böyük dəstək əldə edə biləcəklər. Belə ki, bu gün Azərbaycanla ABŞ arasında çox müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur və bunun gücləndirilməsi ilə bağlı tərəflərdə müəyyən siyasi iradə də var. Dövlət katibi Entoni Blinkenin müntəzəm şəkildə Azərbaycan Prezidenti ilə təmasları da əslində bu əməkdaşlığın təzahürlərindən sayıla bilər. ABŞ-ın seçki prosesinə girdiyi və administrasiyanın da müəyyən uğurları olması səbəbindən mən düşünmürəm ki, erməni diasporuna xidmət edən şəxslərin irəli sürdüyü avantürist, ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirəcək layihə dəstəklənsin. Hesab edirəm ki, Ağ Ev və Dövlət Departamenti konqresmenlərlə, Nümayəndələr Palatası və Senatla iş apararaq bu layihənin qəbulunun əngəllənməsinə çalışacaqlar. Əgər bu layihə keçməsə, iki ölkə arasında münasibətlərin dinamikasına müsbət təsir göstərəcək. Lakin o layihə qəbul olunacaqsa, bu, iki ölkə arasında münasibətlərə ciddi mənfi təsir eləyəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR