İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya prezidenti ilə argentinalı siyasətçi arasında toqquşma

Kolumbiya prezidenti Qustavo Petro Argentinada avqustun 13-də keçirilən ilkin seçkilərdə ən çox səs toplayan ifrat sağçı populist namizəd Xavyer Mileinin sosialistlərə qarşı söylədiklərinə Hitler bənzətməsi ilə reaksiya verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Mileinin dediyi "Sosialist özü zibildir, insan nəcisidir” sözlərinə Q.Petro X sosial media platformasında cavab verərək deyib ki, Hitler də eyni şeyi deyirdi.

Petro Argentinanın hazırkı solçu prezidenti Alberto Fernandes ilə yaxın münasibətlərə malikdir. Mileinin qələbəsinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi ehtimal edilir.

Milei teleçıxışında Argentinanın iqtisadi böhranında sosializmi günahlandıraraq deyib: “Argentinanın tənəzzülü sosialist ideyalarını mənimsəməklə başlayır, yəni Argentinanın əsl xəstəliyinə sosializm deyilir. Bir ölkənin bu ideyaları qəbul etdikcə, daha da yoxsullaşacağı bəllidir”.

Argentinada avqustun 13-də keçirilən ilkin seçkilərdə Milei təəccüblü şəkildə səslərin 30 faizini, müxalifət bloku 28 faizini toplayıb. Hazırda iqtidarda olan Peronist alyansın səs faizi 27 olub.

Son illər Argentinada mübahisəli siyasi fiqura çevrilən Milei ekstremist fikirləri ilə gündəmdədir.

Keçmişdə televiziya ulduzu və iqtisadçı olan, ifrat sağçı və populist fikirləri ilə tanınan Milei Argentinanın Mərkəzi Bankını bağlamağı və dollardan valyuta kimi istifadə etməyi müdafiə edir.

Milei həmçinin bildirir ki, iqlim dəyişikliyi real deyil, orqan satışı qanuni olmalıdır və silahlar liberallaşdırılmalıdır.

Ölkədəki iqtisadi problemlər üzündən bir çox seçici hakimiyyətdən narazıdır. Bunun xüsusilə gənc seçicilər arasında Mileinin populyarlığını artırdığına diqqət çəkilir.

Argentinada ümumi seçkilər oktyabrın 22-də keçiriləcək. Ölkədə keçirilən ilkin seçkilərin nəticələri ümumilikdə ümumi seçkilərin nəticələrinə uyğun olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR