Onlayn ictimai-siyasi qəzet
Kipr Türk Dövlətində səfərdə olan Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu tanınmış siyasət və dövlət adamları ilə görüşüb. Onlardan biri də Kipr Türk Dövlətinin kənd təsərrüfatı naziri Hüseyin Çavuşdur. Ortaq dostlar vasitəsi ilə nazirlə görüşən
R.Arifoğlu bu barədə Musavat.com -a məlumat verib. Hüseyin bəy ona bildirib ki, qısa müddət əvvəl Azərbaycanda olub və azad edilmiş torpaqların zəngin kənd təsərrüfatı potensialından heyranlıqla bəhs edib. O, Azərbaycanın kənd təsərrüfatı potensialını yüksək qiymətləndirərək, azad edilmiş ərazilərin ölkəmizə böyük fayda gətirdiyini vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, Şimali Kipr Türk Dövləti ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur. İlk dəfə olaraq Kiprdən Azərbaycana narıngi (mandarin) və portağal ixracı ilə bağlı razılaşmalar əldə edilib və bu istiqamətdə ilk addımlar atılıb. Hüseyin Çavuş bildirib ki, Kipr Türk Dövləti Azərbaycanda kənd təsərrüfatı layihələrini genişləndirmək, azad edilmiş Qarabağ ərazilərində portağal və tropik meyvə bağlarının salınması, o cümlədən süd və süd məhsulları sahəsində, Kipr Türk Dövlətinin marka məhsulu olan hellim pendirinin Azərbaycanda hazırlanması istiqamətində layihələr reallaşdırmaq istəyir.
O, həmçinin vurğulayıb ki, bu əməkdaşlıqda Türkiyənin liderliyi və koordinasiyası mühüm rol oynayır.
Sonda nazir Hüseyn Çavuş Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğluya Kipr Türk Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının nümunəsindən ibarət bir bağlama hədiyyə edib.
Musavat.com bildirir ki, Hüseyn Çavuş, 25 iyul 1979-cu ildə Şimali Kiprin Qazimağusa şəhərində fermer bir ailənin oğlu olaraq dünyaya gəlib. Orta məktəb və lisey təhsilini İskele Bekir Paşa Liseyində tamamladıqdan sonra, ali təhsilini Şərqi Aralıq Dənizi Universitetinin Turizm və Otel İdarəçiliyi fakültəsində başa vurub.
Hüseyin Çavuş, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınmış siyasətçilərindən biridir. O, ŞKTC kənd təsərrüfatı, təbii qaynaqlar və ərzaq naziri kimi fəaliyyət göstərir. Hüseyin Çavuş, siyasi karyerası ərzində kənd təsərrüfatı sahəsində müxtəlif layihələr həyata keçirmiş və bu sahədə ölkənin potensialını inkişaf etdirməyə çalışıb. O, ŞKTC-nin kənd təsərrüfatı məhsullarının ixracının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atmaqdadır.
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ