Onlayn ictimai-siyasi qəzet
Ermənistanda siyasi böhran yaşanır. Belə ki, Paşinyan hakimiyyətinə qarşı 44 günlük savaşdan sonra başladılmış kütləvi etiraz dalğasının növbəti mərhələsi ölkədə qeyri-müəyyən situasiya yaradıb. Üstəlik, bu etiraz dalğası Ermənistanda böyük təsir gücünə malik təxribat-terror üçlüyünün ilk dəfə olaraq, ön plana keçməsi ilə diqqəti çəkir. Çünki erməni kilsəsi, diaspor və Qarabağ klanı adətən, ortaq fəaliyyəti mümkün qədər məxfi saxlamağa çalışırdılar. Və bu dəfə bütün “kartlar” açılmış oldu.
Bəzi məlumatlara görə, Ermənistanda hazırda genişlənməkdə olan “kilsə qiyamı”na ölkə xaricindən kifayət qədər ciddi dəstək verilməkdədir. Həmin dəstəyin əsas qaynağı kimi məhz erməni diasporu göstərilir. Erməni diasporunun “kilsə qiyamı”nı maliyyələşdirdiyi bildirilir. Eyni zamanda, Rusiya xüsusi xidmət servislərinin də bu prosesdə iştirak etdiyi qətiyyən şübhə doğurmur. Və etiraz dalğasının sosial bazası rolundasa, hələlik əsasən Qarabağ klanı çıxış edir.
Onu da qeyd etmək lazımdır ki, Qarabağ klanının öz “müttəfiqləri” – erməni diasporu və kilsə ilə ortaq çevriliş cəhdləri buna qədər uğursuz olmuşdu. Ona görə də, bu dəfə etiraz dalğasına məhz erməni kilsəsi özü rəhbərlik etmək qərarı olub. Yəni, erməni kilsəsi açıq şəkildə siyasi meydana çıxmaq qərarı verib. Və bu, böyük ehtimalla Paşinyan hakimiyyətinə qarşı planların ardıcıl şəkildə iflasa uğramasının doğurduğu çarəsizlikdən qaynaqlanır.
Məsələ ondadır ki, Ermənistan özünü sivil dövlət hesab edir. Paşinyan hakimiyyəti beynəlxalq məkanda “erməni demokratiyası”nı təmsil etdiyini vurğulayır. Hətta “erməni demokratiyası” üçün ABŞ və Qərbdən maliyyə dəstəyi də alır. İndi Ermənistanın beynəlxalq himayədarları da əslində, çıxılmaz vəziyyətə düşmüş kimi görünürlər. Hər halda, “kilsə qiyamı” qalib gələrsə, ABŞ və Qərb “erməni demokratiyası”nın maliyyələşdirilməsi məsələsinə yenidən baxmalı olacaq.
Əsas önəmli məqam ondan ibarətdir ki, ABŞ və Qərb erməni kilsəsinin beynəlxalq sponsoru durumuna da düşə bilər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, bəzi məlumatlara görə, erməni kilsəsinin qiyamı idarə edən qruplaşmasının rus kəşfiyyatının nəzarəti və təlimatları ilə hərəkət edir. Bu sıraya Kremlə bağlı Köçəryan-Sarkisyan cütlüyünün nəzarətində olan Qarabağ klanının da rus kəşfiyyatı tərəfindən idarə olunmasını da əlavə etmək olar. Və bu baxımdan, Ermənistanın Qərbin təsir dairəsindən çıxarılma ehtimalı tamamilə realdır.
Bütün bunlar onu göstərir ki, Ermənistan uğrunda mübarizə olduqca təhlükəli istiqamətlər almağa başlayıb. Bu mübarizədə isə Ermənistan cəmiyyətinin düşüncə şüurunun inkişafdan geri qalması da həlledici xarakter daşıyır. Çünki erməni toplumunun bir keşişi lider elan edib, onun arxasınca getməsi Ermənistan cəmiyyətinin müasir dövrlə əlaqəsinin kəsildiyini göstərir. Və bu, Ermənistan üçün olduqca ciddi təhlükə anlamı daşıyır.
Halbuki, müasir dünya siyasi sistemi dinin dövlətdən ayrı olduğunu ön planda tutur. İndisə, Ermənistanda məhz kilsə qiyam qaldırıb və ölkədə hakimiyyət çevrilişi prosesinə rəhbərlik edir. Üstəlik, bu çevriliş cəhdi baş tutarsa, Ermənistanda hansı qüvvələrin hakimiyyətə gələcəyi də hələlik müəmmalı xarakter daşıyır. Çünki Ermənistanın yerli əhalisi Qarabağ klanına nifrət etdiyini qətiyyən gizlətmir, bu siyasi qruplaşmanın hakimiyyətə qayıdşına qarşıdır. Və bu baxımdan, Ermənistanda siyasi hakimiyyət boşluğu da yarana bilər.
Bu məsələ hazırda o qədər aktualdır ki, Ermənistanın keçmiş xarici işlər naziri, Robert Köçəryanın yaxın adamı Vardan Oskanyan olduqca absurd çıxış yolu təklif edib. Onun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, keçid dövrü üçün baş nazir postuna ən uyğun namizəd məhz Baqrat Srbazan ola bilər. Yəni, “erməni diplomat” məhz hazırda kütləvi etiraz dalğasına liderlik edən keşişi Ermənistanın baş naziri kimi görür. Və bu, Ermənistanın siyasi sisteminin iflası anlamına gəlir.
Göründüyü kimi, Ermənistan dərin siyasi böhran yaşayır. Üstəlik, bu böhran savadsız və intellektsiz bir keşişi ölkənin siyasi liderinə çevirmək üzrədir. Əgər, erməni toplumunda hansısa bir keşişin arxasınca gedəcək qədər bəsit düşüncəli təbəqələr mövcuddursa, deməli, inkişaf perspektivlərini unutsa, daha doğru olar. Yəni, belə anlaşılır ki, keşiş Baqrat Ermənistanın müvəqqəti də olsa, baş naziri olacaq. Və bu, o deməkdir ki, Qarabağ klanı keşiş Baqratı dəstəkləsə də, əslində, hakimiyyətə gəlmək şansının olmadığına da əmindir.
Əks halda, Qarabağ klanı bu etiraz dalğasının qalib gələcəyi təqdirdə, yeni hakimiyyət komandasını elan etməliydi. Halbuki, son vaxtlara qədər davamlı mitinqlərin təşkilatçısı olan revanşist erməni müxalifətinin siyasi liderləri də arxa planda qalmaq məcburiyyətində qalıb. Böyük ehtimalla “kilsə qiyamı”nın ssenaristləri revanşist erməni müxalifətinin siyasi liderlərinin etiraz dalğasının kütləviliyinə ziyan verə bilər. Və bu səbəbdən də, onlar hələlik nisbətən arxa planda saxlanılıb.
Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinə qarşı müqavimət hərəkatının “kilsə qiyamı” mərhələsinin də iflasa uğrama ehtimalı mövcuddur. Yəni, Paşinyan hakimiyyətinin bu dəfə də etiraz dalğasının təsirindən xilas olma ehtimalı mövcuddur. Ona görə də, indi “kilsə qiyamı”ndan sonra Paşinyan hakimiyyətinə qarşı Ermənistan ordusunun da hərəkətə gətirilə biləcəyi iddia olunur.
Yəqin ki, bu iddiaların müəllifləri “kilsə qiyamı” uğursuz olacağı təqdirdə belə, Ermənistanda hakimiyyət uğrunda mübarizənin sona çatmayacağının mesajını verməyə çalışırlar. Ancaq Paşinyan hakimiyyətinin ölkədaxili silahlı qüvvələrin tərkibini öz xeyrinə dəyişməyə imkan tapdığını da nəzərə aldıqda, ordunun siyasi proseslərə müdaxiləsinin məhz vətəndaş savaşına yol aça biləcəyini ehtimal etmək mümkündür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ