Onlayn ictimai-siyasi qəzet
Yeni tədris ilinin başlamasına demək olar ki, bir ay vaxt qalıb. Tədris zamanı yaxınlaşsıqca, valideynlər məktəbli forması almağa çalışırlar. Hər il də məktəbli formalarının keyfiyyəti ilə bağlı narazılıqlar səslənir. Valideynlərin əksəriyyəti BTE-nin təklif etdiyi formaların keyfiyyətinin aşağı olduğu, buna görə də başqa mağazalardan geyim almaq məcburiyyətində qaldıqlarını deyirlər. Təbii ki, bu cür mağazalarda da təklif olunan geyimlər olduqca baha olur. Bir evdən iki, yaxud üç uşaq məktəbə gedirsə, bu zaman valideyn xeyli pul xərcləməli olur.
Bəs keyfiyyətli məktəbli formasını necə müəyyən etməli?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:
"Bu barədə səhih məlumat toplamaq istədim və tikiş işi ilə məşğul olan yerlərdən soruşdum, amma müşahidə etdim ki, onların hamısı istehlakçıları aldatmaq üçün sanki "üç müşketyor" qanunu ilə çalışırlar, yəni, "birimiz hamımız, hamımız birimiz üçün" prinsipi ilə. Bəli, bu sahədə hər zaman problemlər ortaya çıxır. Belə ki, hər mövsüm başlayanda istehlakçılar qurumumuza müraciət edir, soruşurlar ki, "keyfiyyətli məktəbli forması haradan alaq, necə seçək?" və sairə".
Ekspert qeyd edib ki, artıq bu sahədə çox sayda xarici ölkələrdən də paltar tikənlər işə qoşulur:
"O cümlədən qardaş Türkiyədən gələnlər olur və nəticədə anarxiya yaranır. Məndə olan məlumata görə Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi formalar üzərindən seçim sərbəstdir. Hər zaman qeyd edirik ki, burada məktəb direktorları ilə formaları tikənlər arasında olan sazişi pozmaq lazımdır. Yəni, onlar müəyyən əlaqə yaradıb, keyfiyyətsiz formaları daha baha qiymətə sata bilərlər".
Eyyub Hüseynov bildirib ki, məktəbli forma tikildikdən sonra müəyyən mütəxəssislər tərəfindən yoxlanılmalı, yalnız bundan sonra bazara buraxılması məqsədəuyğun olmalıdır:
"Parçalarda da bəzən müəyyən problemlər olur. Mənə məktəbli forması tikişi ilə məşğul olan ixtisaslaşmış tikiş fabriklərinin birindən bildirilmişdi ki, forma müəyyən zonalara görə müxtəlif parçalardan tikilməlidir. Zona var ki, orada hava soyuqdur və yaxud istidir. Eyni parçadan hər iki zonaya forma tikmək düzgün deyil. Çox yaxşı olardı ki, belə bir diferensiallaşma olsun.
Qeyd edim ki, artıq ölkəmizdə professional tikişlə məşğul olan müəssisələr var ki, onlara üstünlük verilməsi lazımdır. Lakin azad bazar iqtisadiyyatıdır. Əslində, məntiqi cəhətdən bazara kim yaxşı mal çıxarırsa, həmin mal yoxlanılaraq, bazara çıxarılmalıdır. Yalnız bu zaman onu bazara buraxmaq olar.
Bəzi tikişçilər əsasən xammalın keyfiyyəti ilə bunu həll etməyə çalışırlar. Yəni, forma daha ucuz əmələ gəlsin deyə xammal təkcə pambıq parçadan deyil, böyük hissəsi süni materialdan olur".
Ekspert qeyd edib ki, belə məktəbli formaları seçən zaman istehlakçılar yaxşı olar ki, onun tikiliş formasına, onu tikən fabrikin loqosuna diqqət etsinlər:
"Əgər fabrikin əlaqə nömrəsi varsa ona zəng edib, soruşsunlar. Əlbəttə ki, burada qiymətin də böyük rolu var. Və bir daha qeyd edirəm, formanın üzərində təsdiq olunmuş loqo olmalıdır. Buna xüsusi diqqət edilməlidir. Adətən ucuz parçadan, təsadüfi yerlərdə tikilmiş formaların sapları sallanır, tikişlərində qırışlar olur. Bu kimi hallara fikir verilməlidir".
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ