İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş Moskvaya tələsir?..

Ötən həftənin lap sonlarında belə xəbər yayıldı ki, keşiş Baqrat Moskvaya gedəcək və yaxud da getməyə hazırlaşır. Biri deyir ki, keşiş müalicə olunmaq istəyir, digəri ərz edir ki, guya o, Kremllə, Rusiyadakı erməni diasporu ilə “danışıqlar” aparmaq istəyir!..

Doğrusu, mənə qalsa, bunların heç birinə qətiyyən əhəmiyyət verməzdim, çünki Baqrata baxanda mənim yadıma həmişə “On iki stul” filmindəki məşhur keşiş - Fyodr ata düşür. Yadınıza gəlirmi, Ostapla Kisanın kolbasasını oğurlayıb dağa dırmaşan keşişin gözünə axırda çariça Tamara görünür, bundan sonra isə onu dağdan düşürab psixiatrik xəstəxanaya aparan həkimləri mələklər kimi görməyə başlayır!.. 

Görünür, Baqrat da artıq elə bu durumdadır - onun da gözünə nəsə görünməyə başlayıbdı və özünü rusiyalı psixiatrlara göstərmək istəyir, çünki o da lap “On iki stul”dakı məşhur keşiş kimi çox ümidli idi, çox şey gözləyirdi, axırda bu zəmində deyəsən, yavaş-yavaş ağlını itirməyə başladı...

Belədəsə, hələ təşkil etdiyi “etiraz”ların birinci mərhələsində dəfələrlə Kremlin diqqətini çəkmək istədi, “geosiyasi bəyanatlar” verdi, Paşinyanın qərbpərəst siyasətinin əleyhinə olduğunu bildirdi, hətta öz “etiraz”larını İrəvandan Gümrüyə keçirmək və az qala, Rusiya hərbi bazasının əsgər və zabitlərini öz tərəfinə çəkmək istədi. Amma bunların heç biri alınmadı. Üstəlik, özünü az qala, etirazlarda “həlak edəndən” sonra amerikalıların keçirdiyi sorğulardan məlum oldu ki, respondentlərin yalnız üç faizi onu dəstəkləyir! Odur ki, bəndənizin fikri həmişə belə olubdu ki, Baqrat erməni siyasətində heç vaxt səhifə olmayıb və bundan sonra da olmayacaqdır. Hətta Kremlə də “erməni Makarius”u lazım deyildir, ən azı ən yaxın vaxtlarda! Erməni əhalisinin münaisbətini isə bir az əvvəldə qeyd etdiyimiz detal çox gözəlcə ehtiva edir - bəli, rəyi soruşulanların yalnız və yalnız üçcə faizi! 

Elə bu səbəbdən Baqrat üçün ən yaxşı və uğurlu halda belə o, uzağı-uzağı, Ermənistan parlamentində bir deputat mandatına iddia edə bilər, o da ona görə ki, ermənilər arasındakı bütün siyasi xəstələr hələ çox təəssüf ki, tamam sağalmayıblar, az da olsa, hələ də “Dağlıq Qarabağ”, “Böyük Ermənistan” sayıqlayanlar var...

Rusiyanın, fikrimizcə, hələ Paşinyanla işi yoxdur. Birincisi, onun əsas nəzərləri hələ Gürcüstanda və Moldovadadır. İkincisi, Paşinyan hələ də bütünlüklə Qərbin tərəfinə keçməyə tələsmir - Ermənistanda da Avropa İttifaqı ilə bağlı referendum keçirmək haqqında söz-söhbət olsa da, erməni baş nazir bu xüsusda hələ qərar qəbul edə bilmir, çünki onun bundan da bir az geniş konstitusiya problemi var - bəli, söhbət Bakı və Ankara ilə münasibətləri yoluna qoymaq üçün ediləcək dəyişikliklərdən və ola bilsin, Paşinyanın ölkəsinin siyasi sistemilə bağlı bəzi planlarından gedir. Mümkündür ki, Paşinyan, nə vaxtsa, necə deyər, bir güllə ilə iki quş vurmağa çalışacaq - hər halda, bunu da istisna etmək olmaz, çünki Nikol erməniləri konstitusiyanı dəyişməklə bağlı razı sala bilsə, niyə görə həm də Avropaya İnteqrasiya məsələsini də həll etməsin? Axı elə Kreml də ən azı son vaxtlara qədər Avropa İttifaqı ilə NATO məsələsini bərabər tutmadığını deyirdi!.. 

Qərb də Ermənistanı tələsdirmir, indi əsas meydan Gürcüstan və Moldovadadır. Həm də bu gün ABŞ-da keçiriləcək seçkiləri gözləmək lazımdır - bu seçkilər çox geosiyasi gözləntilərə və ya hipotezlərə cavab olacaq. Nikol da ortadakı qeyri-müəyyənliyi hiss edir və ona görə də risk etmir, KTMT-nin tədbirlərinə etinasız olsa da Avrasiya İqtisadi Birliyinə önəm verir, hətta BRİCS-in Kazandakı toplantında da iştirak etdi. Ən başlıcası isə, indi Paşinyan Rusiya üçün çox “lazımlı adamdır”, Rusiya sanksiyaları aşmaq üçün bir çox əməliyyatları Ermənistan üzərindən edir - bəli, deyilənə görə, İrəvan da, Moskva da bundan çox razıdır, hər ikisi xeyli qazanır, ən başlıcası isə, Qərb də buna göz yumur, necə ki, illərdir, Ermənistanın İranla əlaqələrinə də göz yumubdu...

Doğrusu, Paşinyan elə bizə də lazımdır. Onlarla detal deyə bilərik ki, bunlar bir fikri təsdiq edir: bu adam nəsə etmək, ermənilərin ağlını başına qoymaq, ölkəsinin regional siyasətini kardinal şəkildə dəyişmək istəyir! Əvvəllər deyirdi ki, sülh sazişinin müddəalarının səksən faizi razılaşdırılıb, Kazan görüşündən sonra dedi ki, doxsan faiz razılıq var! İnşallah, biz də, ABŞ da (bəli, ABŞ da!) bir az təzyiq etsək, bir-iki aydan sonra deyəcək ki, yüz faiz razılıq var! 

Hətta “Zəngəzur məsələsi”ndə də çox ciddi yumşalmalar var: Paşinyan başa düşür ki, Bakının ciddi alternativləri var, o, yolu İrandan çəkər, ya da Bakı-Tiflis-Qars dəmir yolu xəttini Qarsdan Naxçıvanadək uzadar və belə məlumatlar da var ki, 2025-ci ildən sonuncunun icrasına, dəmir yolu xəttinin Qarsdan Naxçıvana çəkilməsinə başlanılacaqdır...

Odur ki, Baqratın oyunları və “plan”ları heç kimi, ən azı sağlam adamları qəti maraqlandırmır, qoy, keşiş özü kimi xəstələri nə qədər istəyirsə, məşğul etsin! Lap bizim deputatlardan biri demişkən: “Baqrat Moskvaya gedir? Əşşi, cəhənnəmə gedir, gora gedir!”..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR