İnsanlara hürriyət, millətlərə istiqlal!

Kələşov qoyun sürünü götürüb getdi – Film kimi oğurluğun üzə çıxardığı problemlər  

Zaqatalanın Yuxarı Tala kəndində yerləşən təsərrüfatlardan birində xırdabuynuzlu heyvan oğurluğu baş verib.

DİN mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu oğurlandığı müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 30 yaşlı Murad Kələşovu saxlayıblar. Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə Murad Kələşov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma davam etdirilir. Oğurlanmış qoyunları hara aparıldığı araşdırılır. 

Bəlkə kiminsə gözündə bu, ciddi məsələ deyil. Amma gəlin belə baxaq. 1 qoyunun orta bazar qiyməti təxminən 250-300 manatdır. 27 baş qoyun təxminən 7 min manata yaxın ziyan deməkdir. Qanunla isə bu “xırdabuynuzlu sərvətə” hücum ağır cinayət sayılır. Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluğa görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Yəni kimsə qapıdan bir parça ağır dəmiri aparsa, metal oğrusu, qoyunu aparsa, daha yüngül cinayətkar sayılmır. Qoyun cinayət obyektidir.

Amma nə qədər qəribə olsa da, bu tip cinayətlərdə bəzən “peşəkarlıq” da var. Qoyun oğrusu adətən iz qoymur, sürünü səssiz aparır, bazarda tez realizə edir. Görünür, Murad Kələşov “işə” yenicə baş vuranlardandır. Qoyun oğurluğunu səssiz gerçəkləşdirib, amma izsiz deyil.

Murad Kələşovla birbaşa əlaqəli olmasa da, onun “peşə”sinin də Azərbaycanda qoyunçuluq sahəsində son illərdə ciddi azalmada rolu var. 2016-cı ildə ölkədə 8 milyondan çox qoyun olduğu halda, 2024-cü ilin əvvəlində bu rəqəm 6,6 milyona düşüb. Bu, təxminən 17,5 faiz azalma deməkdir .

Bu azalma bir neçə amillə əlaqələndirilir.

Əsasən örüş sahələrinin azalması, iqlim dəyişiklikləri və torpaq deqradasiyası kimi faktorlar yem bazasının zəifləməsinə və heyvanların qidalanma şəraitinin pisləşməsinə səbəb olur.

Xəstəliklər və baytarlıq xidmətlərinin çatışmazlığı da heyvanların azalmasında yer alan amillərdəndir. Vaksinasiya məsələlərinin vaxtında təşkil olunmaması və xəstəliklərə qarşı mübarizənin zəifliyi qoyunların sayının azalmasına gətirib çıxarır. Bu azalma fonunda qoyun oğurluqlarının artması fermerlərin vəziyyətini daha da çətinləşdirir. Qoyun oğurluqları təkcə maddi zərər deyil, həm də kənd təsərrüfatının dayanıqlılığına və ərzaq təhlükəsizliyinə ciddi təhdiddir. Qoyun oğurluqları və qoyunçuluq sahəsindəki azalma bir-biri ilə əlaqəli problemlərdir. Bu məsələlərin həlli üçün kompleks tədbirlərin görülməsi vacibdir. Kənd yerlərində polis nəzarətinin artırılması və müasir texnologiyaların tətbiqi ilə oğurluqların qarşısı alına bilər. Fermerlərə subsidiyalar, təlimlər və texniki dəstək göstərilərək qoyunçuluğun inkişafı təşviq edilə bilər.

Bu tədbirlər sayəsində həm qoyunçuluq sahəsindəki azalma tendensiyası dayandırıla bilər, həm də qoyun oğurluqlarının qarşısı alınaraq kənd təsərrüfatının dayanıqlılığı təmin edilə bilər.

Hazırda Murad  Kələşovun işi ilə bağlı araşdırma davam edir. Amma kənddə hələ də gecələr sakit deyil. Çünki nə qədər ki, qoyun var, oğru da var. Qanun oğruya çəpər olmalıdır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR