Onlayn ictimai-siyasi qəzet
Əsrlər boyu bir çox alimlər insan şəxsiyyətinin xüsusiyyətləri ilə maraqlanıblar. İnsan psixikasının və şəxsiyyətinin öyrənilməsində etibarlı məlumatlar əldə etmək üçün çox sayda müxtəlif tədqiqat metodlarından istifadə olunub, onlardan ən populyarı psixoloji təcrübədir. Bəşəriyyət tarixində bir çox maraqlı və kifayət qədər şokedici sosial-psixoloji eksperimentlər aparılıb. Onlardan biri də Vendell Consonun “dəhşətli” təcrübəsidir.
Conson amerikalı psixoloq və yazıçı olub. O, ömrünün böyük bir hissəsini kəkələmənin səbəblərini anlamağa həsr edib və mühazirə oxumaq, araşdırma aparmaq və tələbələri müşahidə etməklə onu müalicə etməyin yollarını tapmağa çalışıb. Amerika Nitq-Eşitmə Assosiasiyasının yaranmasında alimin xüsusi rolu olub. 1930-cu ildə yazdığı və magistr dissertasiyasına əsaslanan “Çünki kəkələyirəm” kitabında Conson xəstəliklə şəxsi mübarizəsini təsvir edib.
Əvvəlcə Conson dilçiliklə maraqlanıb. Nəticədə ingilis dilini öyrənmək üçün Ayova Universitetinə gəlib. Ancaq gənc alim nitq pozğunluğundan əziyyət çəkib - o, nəinki kəkələyib, hətta nitq qabiliyyətini də itirib. Ədəbiyyata olan həvəsi ilə bu əziyyəti kompensasiya etməyə çalışan Conson tezliklə nitq patologiyaları ilə bağlı araşdırmalarla maraqlanmağa başlayıb və bu da onu ingilis dilindən psixologiyaya keçməyə məcbur edib.
Uşaq yaşlarından kəkələyən Conson yetkinlik dövründə anlayıb ki, onun nitq pozğunluğunun səbəbi beyində deyil. Bu nöqteyi-nəzəri sübut etmək üçün alim kəkələməyə səbəb olacaq təcrübə aparmalı olub.
Təcrübəni aparmaq üçün ona köməkçi lazım olub. Consonun 22 yaşlı aspirantı Meri Tudor bu vəzifəyə razılaşıb. Alim eksperimentin Ayova Universitetinin çoxdan əməkdaşlıq etdiyi Davenport uşaq evində aparılmasını təklif edib. 1939-cu ilin yanvarında Tudor oraya gedərək 22 kimsəsiz uşaqdan ibarət bir qrup toplayıb. Uşaqlar eksperimentin əsl məqsədini bilməyiblər, onlara ancaq loqopedik dərslər keçəcəkləri deyilib.
Təcrübə başlamazdan əvvəl müəllimlər on uşağın artıq kəkələdiyini biliblər. Kəkələmədən əziyyət çəkən uşaq qrupu iki alt qrupa bölünüb: eksperimental və nəzarət. Eksperimental qrupdakı uşaqlara nitqlərinin yaxşı olduğu və kəkələmədən əziyyət çəkmədikləri, nəzarət qrupunda isə ətrafdakıların dediyi kimi nitqlərinin pis olduğu bildirilib.
Qalan 12 subyekt nitq problemi olmayan uşaqlar arasından təsadüfi seçilib. Altısı da eksperimental qrupa təyin edilib. Uşaqlara deyiblər ki, guya onlar kəkələməyə başlayıblar, digər azyaşlılara nitqində heç bir qüsur olmadığı bildirilib.
Meri Tudor ilk səfərində uşaqların İQ səviyyələrini və onların dominant əlini sınayıb. O zaman nəzəriyyə belə olub ki, kəkələmə beyin fəaliyyətindəki çaşqınlıqdan qaynaqlanır. Conson bu nəzəriyyənin yanlış olduğuna əmin olub. Nəticədə məlum olub ki, kəkələmə ilə dominant əl arasında heç bir əlaqə yoxdur. Bu təcrübə üçün əlverişli başlanğıc olub.
Eksperimental dövr 1939-cu ilin yanvarından may ayına qədər davam edib. Müdaxilənin özü Tudorun bir neçə həftədən bir Davenporta gəlməsi və hər bir uşaqla 45 dəqiqə ərzində ayrı-ayrılıqda söhbət etməsindən ibarət olub. O, dissertasiya işində qeyd edib ki, eksperimental qrupdakı kəkələyən uşaqlara kəkələməyi dayandıracaqları deyilib.
Onun nitqi budur: “Sən kəkələməyi dayandıracaqsan və indi bacardığından daha yaxşı danışa biləcəksən. Başqalarının sənin qabiliyyətin haqqında dediklərinə fikir vermə”. Eksperimental qrupdakı kəkələmə ideyası aşılanmalı olan kəkələməyən uşaqlara o, bunları söyləyib: “Kəkələməni dayandırmaq üçün bir şey et. Kəkələməni dayandıra bilmirsənsə, danışma”.
Artıq uşaqlar psixoloji təsir altında ev tapşırıqlarını yerinə yetirməyi dayandırıb, ətrafdan deyilən sözləri birmənalı qəbul etməyib və ən əsası dərin travma alıblar. Təcrübə nəticəsində əvvəllər ünsiyyət problemi yaşamayan bir çox uşaqda nitq qüsurları yaranıb. Kəkələmə əlamətləri bütün həyatları boyu davam edib.
Eksperiment uzun müddət ictimaiyyətdən gizli saxlanılıb. Vendell Conson reputasiyasını kimsəiz uşaqların həyatından üstün tutub. Bu kədərli təcrübə faşist Almaniyasındakı konslager məhbusları üzərində də aparılıb. Yalnız 2001-ci ildə Kaliforniya qəzeti universitetdə aparılan tədqiqatın təfərrüatlarını onun iştirakçılarından birinin xatirələrinə istinadla təsvir edib. Bundan sonra Ayova Universiteti rəsmi olaraq üzr istəyib.
İş bununla da bitməyib. 2003-cü ildə üzərlərində aparılan təcrübələr nəticəsində psixikalarına ciddi ziyan dəydiyi üçün 6 nəfər məhkəməyə müraciət edərək maddi təzminat tələb ediblər. Ayova baş prokuroru iddiaçılara 900 min dollar və daha 25 min dollar ödəmək barədə qərar qəbul edib. İddiaçıların həqiqətən bu pulu alıb-almadığı hələlik məlum deyil. “Dəhşətli” eksperiment haqlı olaraq dünyada indiyə qədər keçirilmiş ən şokedici və qeyri-insani təcrübələrdən biri hesab olunub.
Digər tərəfdən, bu təcrübə göstərib ki, uşaqlarımıza dediyimiz hər şey, sonda onların daxili aləmində və şəxsiyyətinin inkişafında əks olunacaq. Ona görə də biz onlarla necə ünsiyyət qurduğumuza, hansı heysiyyət formalaşdırdığımıza, hansı dəyərləri aşıladığımıza nəzarət etməliyik. Yalnız sağlam tərbiyə övladlarımızı sağlam cəmiyyətin bir hissəsinə çevrilməyə qadir olan adekvat insanlar edə bilər.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ