Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıya məxsus olan yarımçıq qalmış “Orion” biznes mərkəzi hərracda satılıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, K.Satıbaldı bu obyekti əvvəllər dövlətə veribmiş.
Biznes mərkəzi Almatı şəhərinin prestijli Medeu rayonunda yerləşir. Alqı-satqı elanı oktyabrın 24-də dövlət əmlakının satışı üzrə elektron hərracların saytında yerləşdirilib. Obyekt 6,2 milyard tenge başlanğıc qiyməti ilə “Qaytarılan aktivlərin idarə edilməsi şirkəti” MMC-yə satışa çıxarılıb.
“Sahəsi 0,6315 hektar olan torpaq sahəsinə yarımçıq tikinti obyektləri - ümumi sahəsi 21 512,0 kv.m olan “Orion” biznes mərkəzinin inzibati binası daxildir. Sahə şəxsi mülkiyyətdədir və inzibati binanın istismarı və təmiri üçün nəzərdə tutulub. Torpaq sahəsinə məhdudiyyətlər qoyulur: o, kommunal şəbəkələrin saxlanması üçün əlçatan olmalıdır və bölünməzdir”, - lotun təsvirində deyilir.
Nəticədə biznes mərkəzi 6 278 384 321 tengəyə (ƏDV nəzərə alınmadan) satılıb.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin böyük qardaşının oğlu Kayrat Satıbaldı əmlakı müsadirə olunmaqla və dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, “Kürmət” və “Parasat” ordenlərindən də məhrum edilib.
2024-cü ilin yanvarında Satıbaldaya qarşı daha iki cinayət işinin açıldığı məlum olub.
İstintaq zamanı Kayrat Satıbaldı günahını tam etiraf edib və cinayət yolu ilə əldə edilmiş əmlakın üzə çıxarılmasına töhfə verib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ