İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapet Paylanın payı verilməlidir – qoy desin, 3-5 ilə Ermənistan haradan hücuma keçəcək?!

“Ermənistanın Azərbaycana yenidən hücum etməsi üçün 3-5 il vaxt lazımdır”, deyən Garo Paylanın “təkzib”i ilə kifayətlənmək olmaz. Bu əbləhin üstünə getmək, onu dediyinə peşman etməklə kifayətlənmək yox, hüquqi müstəvidə cəzalandırılmasına nail olmaq lazımdır.

Məlumatı olanlar bilir, Türkiyə Böyük Millət Məclisinin keçmiş üzvü, İstanbulda doğulmuş Garo Paylan Azərbaycana qarşı revanşa çağırış edib. Ardınca isə etirazlar qarşısında duruş gətirə bilmədikdə üzrxahlığını bildirib və iddia edib ki, dedikləri düzgün anlaşılmayıb.   İndi bunun “üzr”ünə və “təkzib”inə baxın: “Mən demişdim ki, “Ermənistana Azərbaycanın Ermənistandan torpaq tələbinə müqavimət göstərmək üçün 3-5 il lazımdır” və mən bunu nəzərdə tuturdum. Amma mənim sözlərim qismən zəif ingilis dilimdən və əsasən də pis niyyətimdən təhrif olundu. “Mən hələ də bilmədən incitdiyim hər kəsdən üzr istəyirəm”. Soruşmaq gərək, ay...sən hardan oxumusan ki, Azərbaycan Ermənistandan torpaq tələb edir?! Və belə olduğu halda hansı müqavimətdən danışırsan?! Necə olur ki, ingilis dilində hər şeyi danışa bilirsən, amma Azərbaycana gələndə “qismən zəif” olursan? Özü də belə həssas məqamda, sülh prosesinin zəif də olsa, aparıldığı, sərhədlərin dəqiqləşdirilməsinin davamı, Türkiyənin də içərisində olduğu barış işlərinin getdiyi bir dövrdə. Təsadüfdürmü? Qəti şəkildə!

WhatsApp Image 2025-02-06 at 18.39.23.jpeg (43 KB)

Paylanı danışdıran var heç şübhəsiz və bu xüsusda məsələlər araşdırılmalı, özü də, arxasındakılar da cəzasını almalıdır. Nikol Paşinyan Türkiyə ilə heç zaman olmadığı kimi yaxınlaşmanın olduğunu anons edir, amma Paylan gərginlik yaradan açıqlamanı məhz Türkiyədən verir. Paşinyanın səmimiyyətinə inanmırıq təbii ki. Ermənistan rəhbərliyinin vaxtaşırı ziddiyyətli mövqelər sərgiləməsi, sülh prosesini uzatması, silahlanması, şərti sərhədlərdə döyüş mövqeləri qurması və sair revbanşist hərəkətləri işarənin İrəvandan verildiyi təəssüratını da yaradır. Amma əgər belə deyilsə, o halda Ermənistan rəsmiləri də bu kimi “xaric” revanşistlərin dediklərinə reaksiya verməlidirlər, sülh istəyirlərsə...Amma çətin. Üstəlik, Paylanın “təkzib”inin arxasında gizlənmək cəhdindən sonra heç inandırıcı deyil. Bilirik ki, Paylan deputat olduğu dönəmlərdə də Ermənistanın rəhbər şəxsləri ilə vaxtaşırı görüşlər keçirib, onlardan təlimatlar alıb, Türkiyədə erməni məkrinin təmsilçisi kimi davranıb, həm qardaş ölkənin rəhbərliyinə, həm də Türkiyə-Azərbaycan müttəfiqliyinə, ortaq maraqlarına zidd xəyanətkar mövqelər sərgiləyib. Onun Serj Sərkisyanla, Karen Karapetyanla, Edvard Nalbandyanla görüşlərdən yaydığı fotoları da internetdə görmək olar. Guya Türkiyə ilə Ermənistan arasında diasloqa çalışırdı, Qarabağın işğalda olduğu dönəmlərdə. Bu gün Qarabağ azaddır, İrəvan və Ankara dialoq mühitindədir, vaxtilə “İstanbulu təmsil edən” erməni deputat kirimir, bu dəfə qarışdırmaq üçün hərəkətə keçib. Qondarma “soyqırım” məsələsində “əsla susmayacağam” deyən, saxta iddiaların Türkiyə tərəfindən qəbul edilməsi üçün sonadək çalışacağını deyən Paylandır bu.

Garo Paylan kimdir? Əslən Malatyadan olan Garo İstanbulda doğulub. “Karapet”in qısaldılmış adını veriblər ona. İstanbulda universitet təhsili alıb və Yeşilköy Erməni Okulunda çalışıb. 2011-ci ildə Barış və Demokratiya Partisinə (BDP) üzv olub. Daha sonra Xalqların Demokratik Konqresinin qurucularından olub. 2015-ci ildə isə HDP-li olaraq İstanbuldan millətvəkili seçilib, 54 il sonra TBMM-ə ayaq basan növbəti erməni deputat kimi… 

WhatsApp Image 2025-02-06 at 18.39.38.jpeg (34 KB)

Dəfələrlə məhkəmələrə çəkilməsinə baxmayaraq, Türkiyə və Azərbaycanın maraqlarına zidd fəaliyyətini sürdürməkdədir. Hətta Tələt Paşanın xatirəsinin anılmasına, uca tutulmasına qarşı çıxmağa cürət edir, oturduğu, həm də gəmiçi ilə dava etdiyi “gəmidə”. 

Artıq vaxt yetişib, Türkiyənin və Azərbaycanın dövlət maraqlarına zərbə vuran, kürəyimizə xəncər saplamağa çalışan bu cür hay xislətlilər ədalətli cəzalarını almalıdırlar. Paylan bu gün ötən əsrin əvvəllərində Osmanlıya xəyanət yolunu tutan babalarının yolunu gedir, eyni məram, eyni xislət. Azərbaycanın rəsmi qurumları heç şübhəsiz onun davranışlarını, eləcə də son açıqlamalarını Türkiyə tərəfi ilə müzakirə edəcəklər, yaxud da ediblər. Eyni zamanda parlamentarlarımız, diasporumuz, vətəndaş cəmiyyəti səviyyəsində də hərəkətlənməyə ehtiyac var. Türkiyədəki Azərbaycan sevdalı insanlar, rəsmilər, millət vəkilləri, diplomatlar da Paylana qarşı məhkəmə iddiası qaldırıb onun cəzalandırılmasına nail ola bilərlər. Həmçinin qardaş ölkədə minlərlə aydınımız var. Paylanın dediklərinə boş vermək olmaz. Düzdür, o, Ermənistanın, erməniçiliyin, erməni kilsəsinin planını deşifrə edib, bəlkə də bilməyərəkdən. Azərbaycan əmindir ki, Ermənistan fürsət düşən kimi təxribatlara əl atacaq. Paylanın dedikləri həm də bu xüsusda araşdırılmalıdır, qoy desin, 3-5 illik hazırlıqla bağlı daha hansı məlumatları var?! Açıqlasın, Ermənistan hansı istiqamətdən hücuma keçəcək?! Onun Nikol Paşinyanla görüşünü də unutmamışıq…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR