Onlayn ictimai-siyasi qəzet
Sovet dövründə diplomatlar haqqında yarızarafat, yarıgerçək belə bir məsəl olub: əgər diplomat “hə” deyirsə, bu, “ola bilər” deməkdir, əgər “ola bilər” deyirsə, bu, “yox” deməkdir, əgər “yox” deyirsə, bu, artıq Andrey Qromıkodur. Məhz elə bu məsələ görə də xarici həmkarları Qromıkoya “Cənab Yox” adını veriblər.
Qeyd edək ki, Andrey Qromıko düz 28 il SSRİ xarici işlər naziri vəzifəsini daşıyıb və o, təkcə SSRİ-də deyil, bütün dünyada ən uzunmüddətli nazirlərdən biri sayılıb. ABŞ və Qərb ölkələri xarici siyasət sahəsində Qromıkonu ən ciddi rəqib saysalar da, sovet diplomatına qarşı böyük simpatiyaları da olub və bunu dilə gətirməkdən çəkinməyiblər...
ABŞ-ın 56-cı dövlət katibi Henri Kissincer Qromıko haqqında fikirlərini bölüşərkən onu həm rəqibi, həm həmkarı, həm də dostu kimi qiymətləndirib. Əks qütbdə dayanan, SSRİ-ABŞ münasibətlərinin ən mürəkkəb dövrlərində ölkələrinin baş diplomatı funksiyasını yerinə yetirən Kissincerlə Qromıko arasında ən gərgin müzakirələr zamanı belə diplomatlar öz təmkinlərini pozmayıblar, bir-birlərinə olan xoş münasibətlə, bəzən isə zarafatla gərginliyi “yumşaltmağı” bacarıblar.
İstər sovet nümayəndələri Amerikaya səfər edəndə, istərsə də amerikalılar Moskvada olanda hər iki tərəf məxfiliyi qorumaq üçün bütün mümkün variantlardan istifadə ediblər. Kissincer bu məsələdə daha ehtiyatla davranıb. Məsələn, o, Moskvaya səfəri zamanı özü ilə gələn nümayədə heyətinin üzvlərilə işlə bağlı nə mehmanxanada, nə Kreml kabinetlərində söhbət edib. Gizli səsyazma qurğularının quraşdırılmasından ehtiyat edən amerikalı diplomat ən kiçik məsləhətləşmələri belə inzibati binalardan kənarda, həyətdə, küçədə, parkda aparıb. Qromıko amerikalı həmkarının bu hərəkətinin səbəbini yaxşı anlayıb və məsələyə münasibətini də gizlətməyib.
Moskvadakı görüşlərin birində rəsmi müzakirələrdən sonra Kissincerlə Qromıko qonaq evinin həyətində gəzişiblər. Birdən Kissincer ayaq saxlayıb:
- Cənab Qromıko, mən diqqət edirəm, biz hərəkət istiqamətimizi hər dəfə dəyişəndə ağacların budaqları mənə tərəf yönəlir.
Qromıko düşünmədən Kissincerin cavabını verib:
- Müşahidələriniz dəqiq və düzgündür. Ağacların budaqlarına səsyazma qurğuları quraşdırılıb. Həmin qurğular yalnız xarici qonaqlara tərəf yönəlir.
Həmkarların maraqlı söhbətlərindən biri isə 1972-ci ildə Kissincerin Moskvaya səfəri zamanı baş verib. Rəsmi müzakirələr zamanı Kissincerin köməkçisi ona bildirib ki, surətçıxaran aparatda nazaslıq yaranıb. Kissincer dərhal qarşısındakı sənədi əlinə götürərək yazılı tərəfini tavana, çilçırağa tərəf tutub:
- Cənab Qromıko, mən sənədləri çilçırağa tərəf yönəltmişəm, siz sonra onların surətini mənə göndərərsiniz.
Qromıko bu dəfə də hazırcavablığını nümayiş etdirib:
- Cənab Kissincer, təəssüf edirəm ki, sizin istəyinizi yerinə yetirə bilməyəcəyəm. Çünki çilçıraqdakı qurğular bir az köhnədir, o, yalnız səsləri yazır və şəkillər çəkir. Kiçik şriftləri qəbul edə bilmir.
Daha maraqlı bir məqam isə Kissincerin Moskvaya səfəri zamanı “Vnukovo” hava limanında jurnalistlərin diqqətindən yayınmayıb. Kissincer təyyarədən enəndə əlindəki bağlamanı SSRİ-nin ABŞ-dakı səfirinə uzadıb:
- Xahiş edirəm, bu bağlamanı Qromıkoya çatdırarsınız.
Hava limanında jurnalistlərin amerikalı diplomata ilk sualı da həmin bağlama ilə bağlı olub, mətbuat nümayəndələri Kissincerin Qromıkoya hədiyyəsi ilə maraqlanıblar. Kissincerin cavabı isə qısa və konkret olub:
- Bu, şəxsi məsələdir. Bizim Qromıko ilə rəsmi münasibətlərlə yanaşı, dostluq əlaqələrimiz də var. Bu bağlama da məhz ikinciyə aiddir.
Sonralar Kissincer öz xatirələrində həmin bağlamanın sirrini açıb:
“Moskvaya növbəti səfərim qış fəslinə düşmüşdü. Həyat yoldaşım da mənimlə birlikdə idi. Təyyarə hava limanına düşəndə əvvəlcə bizim baqajı apardılar. Güclü qar yağmışdı. Həyat yoldaşımın ayaqqabıları isə belə havaya uyğun deyildi. O, elə təyyarənin salonunda ayaqqabılarını dəyişmək istəyəndə bildirdilər ki, baqajı artıq aparıblar. Məsələyə bizi qarşılayan Qromıko müdaxilə etdi. Həyat yoldaşıma rus mühafizəçilərdən birinin çəkmələrini verdilər. Təsadüf nəticəsində həmin çəkmələri biz özümüzlə Amerikaya apardıq. Mən SSRİ-yə növbəti səfərim zamanı həmin çəkmələri Qromıkoya qaytarmağı vacib saydım. Çünki yaxşı bilirdim ki, kifayət qədər güclü yumor hissi olan Qromıko bu hadisəyə də zarafatla siyasi don geyindirəcək. Beləliklə də mən kommunist həmkarıma çəkmələri qaytarmaqla özümdə bir rahatlıq tapdım. Jurnalistlərin diqqətini çəkən həmin bağlamada mühafizəçinin çəkmələri idi...”
Kissincer SSRİ-nin süqutundan, Qromıkonun vəfatından sonra da kommunist həmkarını həmişə böyük ehtiramla xatırlayıb, onun haqqında yüksək fikirlər söyləyib:
“Qromıko əsl diplomat idi. Biz ABŞ-SSRİ münasibətlərinin ən gərgin dövrlərində işləmişik. Qromıko ilə işləmək ona görə rahat idi ki, o, sözünün ağası idi. Biz bir-birimizə rəqib olsaq da, dostluq etməyi də bacarırdıq. Bu, Qromıkonun yüksək insani keyfiyyətlərindən irəli gəlirdi. O, həm də güclü yumor hissinə malik idi ki, bu da mövcud siyasi gərginlikdə bizim münasibətlərimiz üçün vacib amillərdən biri idi...”
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ