Onlayn ictimai-siyasi qəzet
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Türkiyənin Ege Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində Azərbaycanın milli geyimlərinin moda sərgisi keçirilib.
Proqrama Ege universitetinin professor-müəllim heyyəti və tələbələri ilə yanaşı çox saylı dəvətlilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin şəxsi kolleksiyasından seçilən ənənəvi tarixi Azərbaycan geyimləri, universitetin ədəbiyyat fakültəsinin tələbələri tərəfindən nümayiş olunub.
Qarabağ şikəstəsinin sədaları altında tarixi geyimləri nümayiş etdirən gənc modelyerlər alqışlarla qarşılanıb.
Sərgidə Bakı Milli geyim evinin rəhbəri Könül Vəlibəyli milli geyimlərimiz haqqında məlumat verib. O, milli geyimlərimizin uzun bir tarixi inkişaf mərhələsini keçdiyini, ölkəmizin hər bir bölgəsinin özünəməxsus geyim mədəniyyətinin olduğunu qeyd edib.
Könül Vəlibəyli onu da qeyd edib ki, bu cür sərgilər milli geyimlərimizin dünyaya tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir: “Azərbaycan geyim mədəniyyəti təkcə keçmişimizin yadigarı deyil, həm də müasir dövrün modasında öz əksini tapacaq bir irsdir.” O, Belə sərgilərin milli kimliyimizi və mədəniyyətimizi yaşatmaq və eyni zamanda onu dünyaya tanıtmaq üçün gözəl bir yol olduğunu vurğulayıb.
Sərgidən sonra Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” rəqs ansamblı “Sarı gəlin” və “Naz eləmə” milli rəqslərimizi ifa ediblər.
Çıxışlar maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan milli mədəniyyətinin nümunələri olan əl işləri və suvenirlərin sərgisi də təqdim olunub.
Qeyd edək ki, İzmirdə “Azərbaycan mədəniyyət və sənət günləri” davam edir.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ