Onlayn ictimai-siyasi qəzet
2011-ci ildə Moskvada qətl törətməkdə təqsirləndirilən şəxsin əməli 12 il sonra Bakıda açılıb. Bu illər ərzində dəfələrlə Rusiyaya gedib-gələn və bir neçə dəfə cinayət əməli törədən İxtiyar Əzizovun əməlini sübut etmək elə də asan olmayıb. Amma İ.Əzizov özünü günahkar bilmir.
Musavat.com xəbər verir ki, İxtiyar Əzizov bu qətli tək yox, iki Rusiya vətəndaşı ilə birlikdə törətməkdə günahlandırılır. Onlar qətli tamah məqsədi ilə törətməkdə ittiham edilirlər.
İstintaqla müəyyən edilib ki, onlar 2011-ci ildə Rusiyada Valentin Rıbinin evinə quldurluq məqsədi ilə basqın ediblər. Əvvəlcə küt alətlə onun baş nahiyəsinə zərbələr endiriblər. Daha sonra onu “juqut”la boğmaq istəyiblər. Huşunu itirdiyi zaman V.Rıbinin ayaqlarını bağlayıb digər otağa aparıblar. Onun oyandığını görəndə isə 29 bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetiriblər. Digər həbs edilən şəxslər deyib ki, 29 bıçaq zərbəsini İxtiyar vurub. İxtiyar mərhumu tanısa da, onun ölümündə iştirak etmədiyini bildirib.
İxtiyar 1987-ci ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olub. Sonra ailəsi ilə birlikdə Moskvaya köçüb. Moskvada bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Soyğunçuluq və oğurluqda ittiham olunaraq həbs edilib. Sonra Bakıya qayıdıb və Göyçayda yaşayıb. Burada evlənib və bir övladı dünyaya gəlib. İxtiyarın cinayət əməllərinin ardı-arası kəsilməyib. Bunun nəticəsi olaraq da arvadı ondan boşanıb. Növbəti dəfə Göyçayda narkotik istifadəsinə görə həbs edilib. Həbsdən çıxdıqdan sonra - 2011-ci ildə yenidən Moskvaya gedib və orada avtoyuma məntəqəsində işləməyə başlayıb. Orada bir neçə dəfə cinayət əməlləri törədib. Yenidən Bakıya qayıtmağı qərarlaşdırıb.
İxtiyar Əzizov Bakıda kirayədə yaşadığı ərazilərdə bir neçə dəfə polislər tərəfindən saxlanılıb. Buna səbəb isə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi olub. Maraqlısı budur ki, İxtiyar Rusiyada axtarışda olduğu halda sərhəddən bir neçə dəfə keçib, amma onu hər dəfəsində Rusiya yox, Azərbaycan tərəfi saxlayıb və sonradan sərbəst buraxıb. İxtiyar axtarışda ola-ola yenə də cinayət əməli törədib.
Axtarışda olması səbəbi ilə Azərbaycanda polis saxlasa da, Rusiya tərəfi hüquqi addımlar atmadığına görə sərbəst buraxılıb. Nəhayət, İxtiyar Bakıda son olaraq quldurluq əməli törətdiyinə görə 2018-ci ildə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Amma 2023-cü ildə cəzasını tam çəkməmiş vaxtından əvvəl azadlığa buraxılıb.
Bundan sonra İxtiyarın cinayət əməli ilə bağlı sübutlar Rusiya tərəfindən Azərbaycana təqdim edilib. Onun əməlini sübut edən faktlardan biri videogörüntü olub. Belə ki, İxtiyarın tanışı Oduşkin ilə birlikdə mərhum Valentin Rıbini izlədiyi məlum olub. Onlar V.Rıbin binanın blokuna daxil olduqdan sonra onun arxasınca mənzilə daxil olublar. İxtiyar V.Rıbini əvvəlcədən tanıyırmış. Belə ki, Moskvada yaşayan zaman qonşu olublar.
“Mən onu tənha yaşayan qonşu kimi tanımışam. Spirtli içki aludəçisi idi. Əvvəl onunla bir qadın yaşayırdı. Sonra o da onu tərk etdi. Mənə onun ölüm xəbərini atam demişdi. Atam da qonşu kimi polisə ifadə vermişdi. Həmin hadisədən bir neçə gün sonra Bakıya gəldim. 2013-də yenidən Rusiyaya getdim. Sərhədi keçəndə mənə axtarışda olmağım barədə heç nə demədilər. Moskvadan Bakıya qayıdıb təkrar Moskvaya getmişəm. Onda da axtarışda olduğumu deməyiblər. Mənim bu işlə əlaqəm olmayıb”, - deyə İxtiyar Əzizov dindirilən zaman qeyd edib.
İxtiyar ifadəsində hadisə baş verən ərəfədə Moskvada olmadığını deyib. Amma rəsmi sorğularla onun həmin ərəfədə Moskvada olduğu sübut edilib. Məhkəmə bu məqamı da nəzərə alaraq İxtiyarın yalan danışdığı qənaətinə gəlib.
İstintaq belə qənaətə gəlib ki, planı quran İxtiyar olub. Onlar V.Rıbinin tənha yaşadığını biliblər və evdə olan pulu ələ keçirmək istəyiblər.
İstintaq müəyyən edib ki, İxtiyar iki tanışı ilə ahıl V.Rıbini öldürdükdən sonra mənzildən 12 min rubl pul götürüblər.
V.Rıbin kimsəsiz olduğundan onun ölümü günlər sonra məlum olub. Qonşular mənzildən pis qoxu gəlməsi səbəbindən polisə məlumat veriblər. Polis əməkdaşları gələn zaman Valentin Rıbinin cansız bədənini tapıblar.
İxtiyar Əzizov Rusiyada törətdiyi qətlə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakıda törətdiyi əmələ görə isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Amma məhkumluğu ödənilməmişdi. Cəzaları qismən toplanmaqla üzərində 15 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İxtiyar Əzizov bundan sonra 9 il 6 ay da dəmir barmaqlıqlar ardında cəza çəkəcək.
Qətldə iştirak edən digər iki Rusiya vətəndaşı Moskvada həbsdədir.
İlkin Muradov
Musavat.com
20 Yanvar 2025
00:12 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ