İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin NATO üzvlüyü: Türkiyədən yaşıl, Macarıstandan qırmızı işıq

İsveçin NATO-ya üzvlük məsələsi yenə yubanacaq. Bu dəfə Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında qərarnamənin ratifakisiyası zamanı İsveçin lehinə səs verməyib.

İyulun 11-12-də NATO liderlərinin Litvanın paytaxtı Vülnüsdə keçirilən sammitində ABŞ və digər ölkələrin rəhbərləri İsveçin Şimali Atlantika blokuna üzvlüyünə maneçilik tərədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yola gətirərkən gözləmirdilər ki, həlledici zərbəni Macarıstandan, bu dövlətin NATO-ya, Qərbə dirəşən lideri Viktor Orbandan alacaqlar.

O zaman artıq Macarıstan parlamenti yaz sessiyasının sonuncu plenar iclasını keçirərək yay tətilinə buraxılmaq üzrəydi və güman olunurdu ki, macar deputatlar İsveçə “hə” dedikdən sonra tətilə çıxacaqlar. Ancaq parlament rəhbərliyi axırıncı iclasın gündəliyini necə düzüb-qoşdusa, həmin məsələ gündəliyə daxil edilmədi.

Türkiyənin İsveçə yaşıl işıq yandırması isə artıq məsələni yönünü bir balaca dəyişmişdi. Həmin günlərdə Avropanın, demək olar ki, bütün siyasi qəzetləri Ərdoğanın İsveçə NATO yolunda yaşıl işıq yandırdığını manşet xəbəri etmişdi, bu barədə yüzlərlə şərh yazılmışdı. Hamı düşünürdü ki, artıq payıza qalmadan İsveç NATO üzvü olacaq.

Amma bu, baş vermədi. Rusiyaya, xüsusilə də Putinə rəğbət bəsləyən baş nazir Orbanın bu qədər otkəm və inadkar olacağı gözlənilməz oldu.

Dünən məlum olub ki, macar müxalifətinin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyasına nail olmaq cəhdi uğursuzluqla başa çatıb. Parlamentin müxalifətin təşəbbüsü ilə çağrılan növbədənkənar iclasında hökumətyönlü fraksiyaların deputatları, o cümlədən hakim “Fides” partiyası iştirak etməyib. Bununla onlar NATO sıralarının genişləndirilməsi ilə güzəştə getmək niyyətində olmayan baş nazir Viktor Orbanı dəstəkləyiblər.

Macarıstan parlamentinin dünənki görünüşü əvvəlki plenar iclslarda olduğundan xeyli fərqli olub. Deputatların çoxunun iclasa gəlməməsi səbəbindən oturacaqların çoxu boş qalıb. Zalda yalnız müxalifət fraksiyalarının nümayəndələri olub. “Fides” koalisiya ortağı, onun kiçik partnyoru Xristian Demokrat Xalq Partiyasından olan deputatlar da iclasda iştirak etməyib. 199 deputat yerindən 135-ni tutan hökumət deputatlarının zalda olmaması avtomatik olaraq bütün müzakirələri heç edib, sonda yekun qərar çıxarmağa da mane olub. Yetərsay olmadığından istənilən səsvermə qeyri-legitim olacaqdı.

Bu, əlbəttə ki, Viktor Orbanın, hakimiyyətin iradəsinin əksidir. O, Qərbə müqavimət göstərməkdə, onun iradəsinə qarşı çıxmaqda davam edir. Bu üzdən də Macarıstan müxalifətinin milli hökumətlə NATO-dakı müttəfiqləri arasında əsas fikir ayrılıqlarını aradan qaldırmaq təşəbbüsü fiaskoya uğramış olub.

Məsələnin mahiyyətini isə belədir: İsveç ötən ilin yayında Madriddə keçirilən sammitdə alyansa dəvət olunub. Ölkə faktiki olaraq artıq Avro-Atlantik strukturlara inteqrasiya olunub, ordusu NATO standartlarına cavab verir, amma yenə də NATO-da deyil. Alyansın bütün ölkələri onun təşkilata daxil olmasına razılıq verməlidir. Artıq bir neçə aydır ki, yalnız iki NATO üzvü - Macarıstan və Türkiyə müvafiq protokolu ratifikasiya etmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçə qarşı son dərəcə spesifik iddiaları var. Bunlardan başlıcası, Stokholmun PKK terrorçuları ilə mübarizədə Ankara ilə əməkdaşlıq etmək istəməməsi ilə bağlıdır.

Bəllidir ki, sırasında İsveç də olmaqla bir sıra Avropa ölkələri Türkiyəni parçalamağa çalışan, 35 ildir qanlı partizan müharibəsi aparan, vaxtaşırı terror aktları törədən PKK-nı nəinki terrorçu təşkilat kimi tanımır, hətta onları milli-azadlıq mübarizəsi aparan üsyançılar kimi tanıyır və öz daxillərində onlara sığınacaq verirlər. Türkiyə isə bu ikili standartlara cavab olaraq əlinə bu kimi fürsətlər düşəndə onlara problem yaradır.

Bəs Macarıstan ratifikasiyanı niyə gecikdirir? Orban bu suala dəqiq cavab verməyib, əsasən texniki maneələrə toxunub və əmin edib ki, ölkəsi İsveçin alyansa daxil olması yolunda qayaya çevrilməyəcək.

Ancaq dünən parlament üzvlərinin bu cür davranması göstərib ki, məhz Macarıstan İsveçin yolunun üstündəki tərpədilməz qayadır. İndi Orbanın manevr etmək, diplomatik cümləpərdazlıqlarla gerçək cavabdan yayınmaq imkanı tükənmiş kimi görünür.

Bundan sonra Avropanın demokratik prinsiplərə əməl olunması ilə bağlı Macarıstan hökumətinə qarşı iddiaları artacaq. Avropa İttifaqının Macarıstana ayırdığı, lakin baş nazirin qanunda nəyisə dəyişmək istəməməsi səbəbindən dondurulmuş maliyyə yardımının taleyi də sual altına düşəcək. Neçə vaxtdır Orbana birbaça təzyiq edən Ağ Ev yenidən hiddətlənəcək və bu dəfə daha təsirli tədbirlərə əl atacaq. Məsələn, ABŞ Konqresinin Macarıstana 735 milyon dollar dəyərində Amerika silahlarının satışının şərti o idi ki, bu ölkə İsveçin NATO-ya daxil olmasını təsdiqləsin. İcrası müvəqqəti dayandırılmış satış bu tezlikdə bərpa edilməyəcək.

İyulun 11-12-də alyansın Vilnüsdə baş tutan sammitində Türkiyə protokolu ratifikasiya edəcəyinə təntənəli söz versə də, yenə məsələnin həlli oktyabra qalıb. Çünki Türkiyə parlamenti oktyabrın 1-dək məzuniyyətə çıxıb.

Ancaq belə çıxır ki, Macarıstanın payızda da bu protokolu ratifikasiya etməyəcək.

Mərkəzçi liberal “Momentum” partiyasının fraksiyası tətilin ortasında parlamentin növbədənkənar iclasının çağırılmasını təklif edəndə məhz hakim koalisiya sıralarında İsveçin NATO-ya üzvlüyü məsələsində fikir ayrılığının olmasına ümid edirmiş. Müxalifətin 63 deputatından 49-u çağırışı dəstəklədiyinə görə, spiker Laslo Koverin iclası çağırmaqdan başqa çarəsi qalmayıb. Lakin Orban məsələyə “dediyim dedikdir” deyə nöqtə qoyub, həm İsveç üçün taleyüklü məsələyə necə yanaşdığını göstərib, həm də parlament çoxluğunu nəzarətdə saxladığını təsdiqləyib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR