Onlayn ictimai-siyasi qəzet
Bütün maddi-mənəvi, psixoloji-sosial, geopolitik-qalaktikalararası çətinliklərə baxmayaraq Məzahir müəllim yanvar ayının sonunda bələdiyyə seçkimizi keçirmək əzmindədir və dünən səhər saatlarında sensasion addım atmışdır: namizədlərin xalqla görüşməsi üçün ərazilərin ünvanlarını açıqlamışdır!
Hətta mən o qədər şoka düşdüm ki, az qaldım paralic keçirim, lakin fikirləşdim bəs bu xəbəri sizə - sayın oxucularımıza kim çatdıracaq, ona görə yarı yoldan qayıtdım. Gəlin həmin xəbərin başlığını məmnuniyyət hissi ilə, MSK-nın saytından olduğu kimi bura köçürək, yadigar qalsın: “2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyalarınseçicilərlə görüşlərinin keçirilməsi üçün ayrılmış açıq və qapalı yerlərin S İ Y A H I S I”.
Vallah, möhtəşəmdir. Özü də qəsdən “SİYAHISI” sözünü böyük hərflərlə, hava boşluqları ilə yazıb ki, birdən hansısa zəif görən (məsələn, mənim kimi), el dilində söyləsəm, “kor açkisi taxan” vətəndaş bələdiyyə seçkisində namizədlər üçün ayrılan görüş yerlərini nəzər-diqqətindən qaçırdar, biabır olarıq. Axı bələdiyyə, xalqın yerli özünüidarəetməsi bizim dövlətin mühüm strukturlarından biridir. Məsələn, mənim bir tanışım var, bələdiyyə sədri olanda özünə 2 dənə villa tikdirib. Bəlkə yenə namizədliyini versə 3-4 dənə də villa çıxardar.
Qayıdaq görüş yerlərinə. Şair demişkən, görüş yeri vacibdir: “Kiminə görüş yerisən, Kiminə örüş yerisən, Bəsdi daha, kirisən, Qəbrim damır, ay sədr”. Bu qəmli misraları şair keçən il rüşvətlə tutulan bələdiyyə sədrinə ithaf etmişdir.
Nəsə, çox romantikaya uymayaq, əlimizdə ciddi elektoral proseslər cərəyan edir. Həm də bu dəqiqə Makrondan Paşinyana, Baydendən Pezeşkiyana qədər min cür xarici düşmən marığa yatıb, bizim bələdiyyə seçkilərini hər an pozmağa hazırdırlar.
Lakin Məzahir müəllimin açıqladığı görüş yerlərinin elə birincisi məni şübhələndirdi. Nəyə görə? Çünki Biləcəri bələdiyyəsi üzrə açıq görüş yeri “Biləcəri Yəhya Hüseynov küçəsi 50 ünvanında yerləşən Biləcəri istirahət parkı” göstərilmişdi. Ancaq naviqasiya proqramlarında “Y.Hüseynov 50” vuranda parka yox, yaxınlıqdakı 6 saylı polis şöbəsinə “çıxırsan”. Sanki Məzahir müəllim namizədlərə son ünvanlarının hara olduğuna işarə edir.
Ünvanın nəsə yanlış olduğunu ikinci, qapalı görüş yeri də göstərir: “Yəhya Hüseynov küçəsi 70 ünvanında yerləşən Biləcəri Dəmiryolçularının Mədəniyyət evinin akt zalı”. Burada ciddi məkan yanıltısı vardır. Bəlkə də Məzahir müəllim ixtisasca fizik olduğu üçün zaman-məkan əyrisini kəşf edib, hazırda bunun kvant üsuluyla bələdiyyədə tətbiqini yapır. Nəyə görə bu qənaətə gəlmişəm? Söhbət ondan gedir ki, istənilən Biləcəri sakini (yəqin artıq oxucular müəllifin də həmin zəhmətkeşlərdən biri olduğunu anlamışdır) yaxşı bilir: Biləcəri Dəmiryolçularının Mədəniyyət evi elə həmin Biləcəri İstirahət Parkında yerləşir, hətta qapıları da birdir! Bəs necə olur ki, MSK-nın saytında açıq görüş yeri eyni küçənin 50 saylı, qapalı isə 70 saylı adresinə düşür?
Başqa bir maraqlı ünvan isə yenə təsadüfən Ağsu ərazisinə baxarkən önümə çıxdı: “Ağsu rayonu Ərəbuşağı bələdiyyəsiüzrə, Rəhimağalı və Maşadqanlı kəndlərindəki İstifadəsiz məktəb binası”.
İstifadəsiz məktəb binasında qapalı görüşü necə keçirmək olar? Birdən bina uçdu, namizədlər, iraq olsun, çezdi? Məncə seçkiyə qədər qalan müddət ərzində bu işlərə əncam çəkilməlidir. Məsələn, Ağsunun Pirhəsənli kəndində görüş Mərasim evində olacaqdır. Rəhimağalı kəndində niyə mərasim evi yoxdur?
Sonda Pirhəsənlidən olan qazi-jurnalist dostum Məğrub bəyin Yeni ilini təbrik edirəm, onun yaxın qohumu, yenə Pirhəsənlidə doğulmuş və orada da dəfn edilmiş rəhmətlik şair Sabir Sarvanı da hörmətlə yad edirəm. Hər yerdə belə hörmətli insanları tapıb bələdiyyə üzvü seçməliyik.
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ