İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirin təklifi: Ərəb “NATO”-su real ola bilərmi?

Livanın “Əl-Əxbar” qəzeti hökumətə yaxın mənbəyə istinadən yazır ki, Misir ərəb ölkələrinin NATO-ya bənzər birgə hərbi qüvvə yaratması təşəbbüsü ilə çıxış edib. Təklif ilkin dəfə təxminən doqquz il əvvəl irəli sürülmüşdü, amma irəliləyiş olmayıb; son günlərdə, xüsusilə İsrailin Dohaya aviazərbəsi sonrası təşəbbüs yenidən gündəmə gəlib. Misirin planına görə, o, təxminən 20 min hərbçi ayırmağa hazırdır və komandirlik paylanması, iştirakçı ölkələrin əhali və hərbi potensialı nəzərə alınmaqla müzakirə edilir. Mənbə həmçinin Mərakeş və Əlcəzairin qoşulmasının və komandanlıq vəzifələrinin ölkələr arasında bölüşdürülməsinin müzakirə olunduğunu bildirib.

Misirin təklif etdiyi “ərəb NATO”-su real perspektivə malikdirmi, yoxsa siyasi bəyanat səviyyəsində qalacaq? İsrailin Dohaya zərbəsindən sonra bu təşəbbüsün aktuallaşması təsadüf sayıla bilərmi? Əgər bu qüvvə yaradılsa, İsrailin və İranın reaksiyası necə ola bilər?

Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə yazar Kənan Rövşənoğlu Musavat.com-a danışıb:

"Belə bir təşəbbüs təxminən 8-9 il əvvəl də ortaya atılmışdı. Amma bir nəticə olmadı. Hərbi blokların strategiyası, konkret rəqibi və hədəfi olmalıdır. Lakin hazırda ərəb-müsəlman ölkələrini bir araya gətirə biləcək konkret mövzu yoxdur. 2015-ci ildə Səudiyyə Ərəbistanı Yəmən husilərinə qarşı 10 ölkədən ibarət koalisiya yaratsa da, ortaya ciddi bir iş çıxmadı, BƏƏ və Səudiyyə Ərəbistanı istisna olmaqla qalan ölkələr formal olaraq qoşuldu, yaxud da "İslam ordusu" təşəbbüsü ortaya atıldı, amma sonra baş tutmadı".

Kənan RÖVŞƏNOĞLU: Tərtəri heç siz də sevmədiniz...

Kənan Rövşənoğlu qeyd edib ki, ərəb ölkələri, o cümlədən, Misir və körfəz ölkələri Qərbdən, konkret olaraq ABŞ-dan asılıdır, bu ölkələrin birləşib İsrailə qarşı güc tətbiq etməsi ehtimalı azdır:

"Çünki ərəb ölkələri orduları ABŞ-dan asılıdır. Misir və Afrika dövlətləri ən yaxşı halda sülhyaratma gücü olaraq hərbi koalisiya yarada bilər, amma bu gücə mandat verəcək müstəqil siyasi qurum yoxdur. Çünki əksər ərəb dövlətlərinin hərbi siyasi qarantı Qərbdir. İki ildir İsrail Qəzzaya embarqo tətbiq edir, amma adıçəkilən ölkələrin Qəzzaya humanitar yardım keçirəcək gücü və qətiyyəti yoxdur. Havadan yardım atırlar. Halbuki, hansısa konkret addımlar atıb təzyiq etmək mümkündür.

Bu mənada ərəb NATO yaradılsa da, bu, formal bir qurum olacaq, dediyim kimi ən yaxşı halda sülhməramlı qüvvə kimi fəaliyyət göstərə bilər. O da BMT mandatı olarsa. BMT-ni isə İsrail ciddiyyətə almır, BMT baş katibinə ölkəyə giriş yasağı qoyub. Yəni çox ciddi bir nəticə gözləmirəm".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR