Onlayn ictimai-siyasi qəzet
Dünən İstanbulda baş verən 6,2 bal gücündəki zəlzələdən sonra şəhər üçün hazırlanmış təxliyə ssenariləri yenidən gündəmə gəlib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, 16 milyon əhalisi olan şəhər üçün Daxili İşlər Nazirliyinin koordinasiyası ilə İstanbul Valiliyi, AFAD (Fövqəladə Hallar İdarəsi), İl Jandarma Komandanlığı və digər dövlət qurumlarının genişmiqyaslı fövqəladə hallar üzrə fəaliyyət planı hazırlanıb.
Plan 7,5 bal gücündə ehtimal edilən zəlzələ ssenarisinə əsasən qurulub və bütün nəqliyyat şəbəkələri təxliyə üçün səfərbər edilib.
Plana əsasən, yüz minlərlə insanın şəhəri tərk etməsi nəzərdə tutulur. Bu məqsədlə 23 təxliyə məntəqəsi yaradılıb. Dəniz yolu ilə təxliyələr üçün Sirkeci Feribot İskelesi, Yenikapı Dəniz Avtobusu Terminalı, Pendik Sürətli Feribot İskelesi, İstinye İskelesi, Harem Feribot İskelesi və Zeytinburnu Zeyport Limanı fəaliyyət göstərəcək. Təxliyələrdə Şəhər Xətləri bərələri, dəniz avtobusları, Sahil Mühafizəsi və Dəniz Təhlükəsizliyi nəqliyyat vasitələri iştirak edəcək.
Dəmiryolu ilə təxliyələr üçün üç əsas məntəqə müəyyən olunub: Yeşilköy, Halkalı və Tuzla dəmiryolu stansiyaları. Quru yolu üzrə təxliyələrdə isə Esenler, Alibeyköy, Samandıra və Harem avtovağzalları əsas çıxış məntəqələri kimi istifadə olunacaq. Vətəndaşlar bu məntəqələrə dairəvi marşrutlarla daşınacaq.
Təxliyə prosesinə hava nəqliyyatı da daxil edilib. İstanbul Hava Limanı, Atatürk Hava Limanı və Sabiha Gökçen Hava Limanı təxliyələrdə aktiv rol oynayacaq. Beləliklə, şəhəri tərk etmək istəyən vətəndaşlara bütün nəqliyyat vasitələri ilə çıxış imkanı yaradılacaq. Təxliyə zamanı prioritet sırası ilə, əlillər, yaşlılar, uşaqlar və qadınlar birinci olaraq çıxarılacaq. Yerli idarəetmə orqanları və hüquq-mühafizə qurumları vətəndaşlara təxliyə prosesində bələdçilik edəcək.
Zəlzələdən zərər çəkənlərin yerləşdiriləcəyi şəhərlər iki əsas qrupa bölünüb. Birinci qrupa Balıkesir, Eskişehir, Ankara, Manisa, İzmir, Afyonkarahisar, Konya, Antalya, Denizli, Samsun və Kayseri daxildir. İkinci qrup isə Adana, Gaziantep, Malatya, Trabzon, Diyarbakır, Erzurum və Erzincan şəhərlərini əhatə edir.
"Ekol TV"nin xəbərinə görə, mütəxəssislər təxliyə planlarının həyati əhəmiyyət daşıdığını vurğulayaraq, bu planların mütəmadi olaraq yenilənməsi və ictimaiyyətə şəffaf şəkildə təqdim olunmasının vacibliyini bildirirlər. Eyni zamanda, mümkün xaosun qarşısını almaq üçün bu planların məşqlər və simulyasiyalarla test edilməsinin zəruriliyi qeyd olunur.
İqbal RZAYEV,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ