Onlayn ictimai-siyasi qəzet
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulda Azərbaycan mədəniyyəti və sənəti günü tədbirləri davam edir.
Musavat.com xəbər verir ki, növbəti tədbir İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin mərasim sarayında baş tutub. Mərkəzin geniş Sarayında Azərbaycan mədəniyyət və incəsənət günü tədbirinin rəsmi açılışı olub.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbul Böyükşəhər bələdiyyəsinin müavini Oytun Əskəroğlu çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığı, dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində əlaqələrdən danışıblar. Onlar İstanbulda keçirilən Azərbaycan mədəniyyət və sənəti günü tədbirləri vasitəsilə İstanbullular Qafqazın zəngin ənənələrə və mədəni dəyərlərə malik ölkəsi Azərbaycan haqqında geniş məlumat almaq imkanı əldə edəcəklərini bildiriblər.
Çıxışçılar milli mədəniyyətimizin qardaş ölkədə - Türkiyədə maraqla qarşılandığını qeyd ediblər.
Daha sonra hazırlanmış bədii proqram təqdim edilib. Beynəlxalq müsabiqələr qalibi Həzrət Əzizlinin “Bayatı Şiraz, Əməkdar artist Dilarə Əliyevanın təqdimatında "Azərbaycan-Türkiyə Qardaşlığı" monoloqu səsləndirilib.
Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, balaban ustası Əlixan Səmədov, Əməkdar artisti, dirijor, pianoçu Turan Manafzadə, solist Vüsalə Əsgərova, müğənni Çinarə Məlikzadə, kamança ustası Möhsün Qurbani, aşıq Arzu Qurbani, tarzən Pərviz Musayev, eləcə də “Güneşmüzik” rəqs-xor qrupu milli musiqilərimizi ifa ediblər.
Türkiyədəki səfirliyimizin nəzdindəki Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblı “Uzundərə”, “Turacı”, "Qardaşlıq rəqsi" rəqslərimizi təqdim ediblər.
Tədbirlər maraqla qarşılanıb və tədbirdə rəsmi qonaqlar, şəhər ictimaiyyəti, elm, təhsil və mədəniyyət sahəsinin nümayəndələri, çoxsaylı qonaqlar iştirak ediblər.
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ