Onlayn ictimai-siyasi qəzet
28 iyun 2011-ci il. Həmin tarix bəlkə də bir çoxları üçün nə isə demir, amma diqqətli ekspertlər çox güman ki, yaxşı xatırlayırlar – 14 il əvvəl Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfər etmişdi. Bu, bir ilk idi! İsraillə yarım əsrdir gərgin münasibətlərdə olan Fələstin lideri Bakıda yüksək səviyyədə qarşılandı, fəxri qarovulun qarşısından keçdi, Azərbaycan Prezidenti İlham Əliyev ona ehtiram göstərdi.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Prezident İlham Əliyev və Fələstin Dövlətinin başçısı Mahmud Abbas mətbuata bəyanatlarında da yüksək fikirlər söylədilər, münasibətlərdən məmnunluq ifadə etdilər. Azərbaycan Prezidenti qonağı səmimi salamlayaraq “Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fələstin Dövlətinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Mən dəvətimi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır”, söyləmişdi. Bildirmişdi ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var, əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıb. Eyni zamanda münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanların olduğunu da vurğulamışdı. Dövlətimizin başçısı “Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir.
Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başladı. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcəkdir”, söyləyərkən bu fikirlərin hansısa üçüncü dövlət tərəfindən necə qarşılanacağına xüsusi önəm verməmişdi heç şübhəsiz. Çünki dövlətimizin lideri nəyi, nə zaman etməyi yaxşı bildiyi kimi, nəyi, nə vaxt, necə deməyi də mükəmməl səviyyədə bilir və siyasət, diplomatiya Ustadıdır! Ədalət naminə onu da qeyd etmək yerinə düşər ki, nə Fələstinin Azərbaycanda səfirlik açmasına, nə Prezident İlham Əliyevin fələstinli həmkarını rəsmi səfərə dəvət etməsinə, nə də Fələstinlə bağlı rəsmi Bakının açıq-aydın sərgilənən siyasətinə Təl-Əvivdən hər hansı etiraz, yaxud dostyana qınaq gəlməmişdi. Normalda belə də olmalıdır, çünki Azərbaycan-Fələstin münasibətləri sülhə, barışa, əməkdaşlığa xidmət edir, İsrail niyə narahat olsun ki? Hətta narahat olsaydı belə, o halda Azərbaycan dövlətinin dostyana deməyə sözü var idi. Biz İsrailə hansı ölkə ilə əlaqə qur, hansından imtina et, mesajı verərikmi? Təbii ki, yox, dost və müttəfiqlərini müəyyənləşdirmək, xarici siyasətini necə formalaşdırmaq hər bir dövlətin daxili işidir.
Diqqət edin, Fələstinin Azərbaycandakı səfirliyi illərdir normal fəaliyyət göstərəndə bəzi ölkələr, yaxud ayrı-ayrı ölkələrdəki bəlli çevrələr buna görə Azərbaycana təşəkkür etməyi unudurdular. Amma cəmi iki il əvvəl, 2023-cü ildə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləməsindən sonra, İsrailin Təl-Əviv şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohenin, həmçinin Azərbaycan Milli Məclisin böyük bir nümayəndə heyətinin iştirakı ilə Azərbaycan səfirliyi açılanda bəzi çevrələr bu tarixi hadisəyə qərəzli reaksiyalar verdilər. Baxmayaraq ki, Ermənistan İsraildə hələ 2020-ci ildə səfirlik açmışdı, amma bu addıma etiraz etmək kiminsə “yadına düşməmişdi”.
Rəsmi Bakının İsrail-Fələstin münaqişəsində mövqeyi şəffafdır, ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır, bu mövqe dəfələrlə dövlət başçımız tərəfindən həmçinin müxtəlif rəsmilər səviyyəsində bəyan olunub, həm İsrailə, həm Fələstinə, həm də müxtəlif platformalarda keçirilən görüşlər zamanı. Təl-Əviv buna normal yanaşır, amma Fələstini müdafiə etdiklərini (guya) bəyan edən ayrı-ayrı qüvvələr, çevrələr, mətbuat orqanları Azərbaycanın mövqeyinə kölgə salmağa cəhd göstərirlər.
Belə mövqe adətən, cənub qonşumuzdan gəlirdi. Rəsmi şəxslərin dilindən də müxtəlif qərəzli fikirlər səslənirdi, eyni zamanda “əyalət mollaları” heç bir əsası olmayan iddialarla çıxış edirdilər. Yeri gəlmişkən, 12 günlük İsrail-İran müharibəsində onların nə səsi çıxdı, nə görüntüləri yayıldı. Azərbaycanı əsassız yerə hədəfə alanlar, işğalçı Ermənistana dəstək verilməsini “unudub”, İsrailin öz ərazilərini azad etmək üçün ordusunu gücləndirən Azərbaycanla normal münasibətdə olmasına üsyan püskürənlər yox kimidirlər...
“Əyalət mollaları”nın bu sayaq sayıqlamalarına adət etmişik. Amma 12 günlük müharibə bir daha Azərbaycanın KİŞİ DÖVLƏT olduğunu təsdiqlədi, ölkəmizə qarşı qərəz, kin püskürənlərin yanlışlarına, pisliklərinə baxmayaraq, dövlətimiz yenə də ədalətli, ləyaqətli münasibət sərgilədi, hətta dost İsrailin nəzərinə çatdırmış oldu etdi ki, İrana qarşı hərbi zərbələrdən narahatıq, həmçinin dinc sakinlərin hədəfə alınmaması ilə bağlı azı iki dəfə Təl-Əvivə mesajını yolladı. Biz fürsətcil dövlət deyilik! Amma qardaş Türkiyənin ayrı-ayrı media orqanlarında Azərbaycanın İsraillə münasibətlərini “təftiş” edənlər kirimirlər, “əyalət mollaları”nın sükutunu onlar pozurlar. Bu qüvvələr heç şübhəsiz ki, hansısa dairələrdən idarə olunur, onların məqsədi Azərbaycanın haqq işinə ləkə yaxmaq deyil, həm də Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına kölgə salmaq, “Bir millət, iki dövlət” arasındakı körpüləri uçurmaqdır. Şübhəsiz, gücləri çatmaz, min illərin birliyinə xələl gətirmək onların hünəri deyil, amma “milçək misalı...” Belələri Türk Dövlətləri Təşkilatı kimi çox böyük potensiala malik qurumun da varlığına xələl gətirəcəklərini zənn edirlər bu kimi fəaliyyətlərlə. Ona görə qardaş Türkiyədə də bu kimi anti-Azərbaycan yazılarının kökü qazılmalı, sifarişçilər, icraçılar ifşa olunmalı, birliyimizə xələl gətirilməsinə yönəlik qəsdlər beşikdəcə boğulmalıdır. Bu, media azadlığı deyil, media qəssablığıdır!
İyunun 15-də, İsrail-İran müharibəsinin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul etdi. Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğuladı. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxundu. Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirdi. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini dedi. Prezident İlham Əliyev Fələstinin ölkəmizdəki səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxundu. Dövlətimizin başçısı Azərbaycanın daim İslam həmrəyliyinin gücləndirilməsinə çalışdığını dedi və bunun İslam Əməkdaşlıq Təşkilatı, onun rəhbər orqanları tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğuladı. Bu təşkilatın Zirvə görüşünün gələn il Azərbaycanda təşkil ediləcəyini bildirən dövlətimizin başçısı belə mötəbər tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsini bütün müsəlman aləmində bizə olan xoş münasibət kimi qiymətləndirdi və Fələstinin də bu toplantıda yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə etdi.
Əhməd Metani Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev də salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Fələstin Prezidentinin ölkəmizə rəsmi səfərini, həmçinin onunla beynəlxalq tədbirlər zamanı görüşlərini məmnunluqla xatırladı.
Bu görüşün çox həssas bir dönəmdə keçirildiyinə həmin qərəzli dairələr fikir vermədi. Bir çox ölkələr, hətta İranla müttəfiq olduğunu deyən qos-qoca dövlətlər də 12 gün ərzində məsafə saxladılar, hətta dolayı, ya birbaşa İsrailin yanında yer almağa çalışdılar. Amma Azərbaycan dövlətinin SÜLHMƏRAMLI LİDERİ Fələstin səfirinin etimadnaməsini şəxsən qəbul edib, mövqeyini bir daha xatırlatdı. Dost İsrail yenə də normal yanaşdı, çünki Azərbaycan müstəqil siyasət yürüdür, kimdənsə sifariş gözləmir, yaxud hansısa paytaxtdan asılılığı yoxdur. Üstəlik, səfirin etimadnaməsinin 15 İyun - Milli Qurtuluş Günündə qəbul edilməsi də rəmzi məna daşıyırdı və anlayanlar üçün çox böyük mənası var idi. Amma Azərbaycana qarşı gizli və açıq fəaliyyət göstərənlər nədənsə bu faktı da “görmədilər”.
Başqa bir fakt: 17 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdi. O zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səfirin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə nazir səfirə öz təbriklərini çatdıraraq, ordeni diplomata təqdim etmişdi. O vaxt da əleyhdarlarımız bu faktı görə, qiymətləndirə bilmədilər.
Dövlət başçımızın “Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik”, mövqeyi dəyişilməzdir, amma ölkəmizi hədəfə alanlar belə tarixi, ədalətli fikirlərə kor olublar.
Nəhayət, bu günlərdə Fələstin Prezidenti Mahmud Abbas 19-cu hökumətin tərkibində dəyişiklik edib və 24 iyunda fərman imzalayıb. Fərmana əsasən, Varsin Ohannes Vartan Aqabekyan Fələstinin Xarici İşlər və Diaspor üzrə Naziri vəzifəsinə təsdiqlənib. O, 2024-cü ildə bu vəzifəyə təyin olunsa da, indi faktiki olaraq hökumətin tərkibinə daxil edilib. Erməniəsilli Varsin Aqabekyan diasporla iş üzrə də məsuliyyət daşıyacaq. O, bu vəzifəni tutan ilk ermənidir. Report.az qeyd edib ki, Aqabekyan 1958-ci ildə İordaniyada anadan olub, ABŞ-də təhsil alıb. O, İndiana Universiteti və Pitsburq Universitetində magistr və doktorluq dərəcəsi əldə edib. Aqabekyan bir neçə kitabında separatçı “erməni hərəkatı”nı dəstəkləyib.
Belə...Nədənsə Azərbaycan əleyhdarlarının səsi gəlmir, eləcə də Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq üçün canfəşanlıq edən türkiyəli sifariş icraçıları...Azərbaycanı İsraillə normal münasibətlər qurduğuna görə hədəfə alanlar nədən erməni separatizminə dəstək verən birisinin Fələstin hökumətinin baş diplomatı seçilməsinə üsyan püskürmürlər?! Bunu da Azərbaycan etməlidir?! Türkiyə TV-lərində vaxtaşırı anti-Azərbaycan mövqeli ekspertlər peyda olur, Bakı-Təl-Əviv münasibətlərini qamçılayır. Amma onlar ən kritik məqamlarda Azərbaycanın Fələstinə humanitar yardım göndərməsini “görmürlər”. Dünyanın nəhəng ölkələri fəlakət içərisində olan fələstinlilərə havadan ərzaq tullayanda – bu yüklər bəzi hallarda ölümə də səbəb olub - Azərbaycan normal şəkildə müsəlman bacı-qardaşlara yardım yollayıb, lakin əleyhdarlar susur...Son aylarda Türkiyənin bəzi media orqanlarında Azərbaycan-İsrail münasibətləri kontekstində tənqidi yazılar dərc olunurdu. Həmin yazılarda Azərbaycan İsraillə əməkdaşlığına görə haqsız şəkildə ittiham olunurdu. Keçən ay Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “İrəvan Dialoqu” konfransı çərçivəsində yenidən Abbas hökumətində yer alan Fələstinin xarici işlər və diaspor üzrə dövlət naziri Varsen Aqabekyan ilə görüşmüşdü. Amma nədənsə erməni nazirlə Ermənistan rəsmisinin görüşü bəzilərini narahat etmədi. Türkiyədə tozanaq qaldırmağa çalışanlardan kimsə demədi ki, müsəlman torpağını niyə hansısa separatçı erməni təmsil etməlidir? Ermənistanın gerbində Ağrı dağına iddia var, konstitusiyasındakı ərazi iddiaları da öz yerində. Erməni diasporu da bu iddiaların önündə gedir, üstəlik qondarma “qoyqırım” iddiaları. Diasporanın sərsəm iddialarına dəstək verən birisi Fələstin rəhbərliyində, üstəlik xarici siyasətin başında niyə olmalıdır?
Xülasə, İsrailə görə Azərbaycanı ittiham edənlər, bir güzgüyə baxın...çox çirkin göründüyünüzün fərqində deyilsiniz...Eyni zamanda sözümüz Türkiyə və Azərbaycanın varlığını ən böyük qənimət bilən həmkarlarımıza, söz sahiblərinədir: belələrinin cavabını verin, meydan sulamasınlar, suları bulandırmasınlar, yoxsa çox azğınlaşırlar!
Azərbaycan və Türkiyə liderləri ötən həftə Kahramanmaraşda dövlətimizin tikdiyi möhtəşəm “Azərbaycan məhəlləsi”nin, qardaşlığımızun rəmzlərindən biri olan şəhər abidəsinin açılış mərasimində növbəti dəfə sözlərini dedilər, hər kəs həddini bilsin! Ətlə dırnaq arasına girənin sonucu bəlli...
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ