İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-İran münaqişəsinin kəskinləşməsi neft bazarında “təzyiqi” yüksəltdi

ABŞ-ın İran-İsrail münaqişəsində iştirak planları ilə bağlı qeyri-müəyyənlik, münaqişənin daha da qızışması fonunda dünya neft bazarında qiymətlər sürətlə artmağa başlayıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 4 dollara yaxın bahalaşaraq 77,35 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul fyuçersləri 3 dollardan çox bahalaşaraq 75,90 dollar olub.

Yaxın Şərqdəki vəziyyət bazarın diqqət mərkəzində qalır. İnvestorlar ehtiyat edirlər ki, regionda gərginliyin daha da artması və İsraillə İran arasında genişlənən münaqişə Hörmüz boğazında gəmiçilikdə məhdudiyyətlərə və neft tədarükünün kəsilməsinə səbəb ola bilər.

ABŞ prezidenti Donald Tramp dünən İran problemini necə həll edəcəyi ilə bağlı hələ yekun qərar vermədiyini bildirib: "Mənim bu məsələ ilə bağlı fikirlərim var, lakin hələlik heç bir qərar yoxdur və ola bilsin ki, son saniyələrə qədər belə bir qərar olmayacaq. Çünki şərait dəyişir".

Tramp Tehranla nüvə danışıqlarının bərpasını istisna etmədiyini bir daha vurğulayıb. Eyni zamanda, o qeyd edib ki, danışıqların nəticəsində Tehranın nüvə silahına malik olmayacağına dair zəmanət mütləq olmalıdır.

Bu gün səhərdən İsrail və İran bir-birinə zərbələri daha da intensivləşdiriblər.

Bu arada, ABŞ Energetika Nazirliyinin bir gün əvvəl dərc etdiyi məlumatlardan aydın olub ki, ölkədəki kommersiya neft ehtiyatları ötən həftə 11,473 milyon barel azalıb. Bu, ötən ilin iyun ayından bu yana ehtiyatlarda rekord azalmadır. Trading Economics-ə görə, ekspertlər orta hesabla 2,3 milyon barel azalma proqnozlaşdırmışdılar.

Benzin ehtiyatları 209 min barel, distillatlar 514 min barel artıb. Nyu-York əmtəə birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Kuşinq terminalında ehtiyatlar 995 min barel azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR