İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam dəyərlərini öz adına çıxan, dollara görə Qəddafini öldürən, müsəlmanları qanda boğan... QƏRB dəyərləri - ARAŞDIRMA

Dünyanın bu və ya digər köşəsində baş verən fərqli olayların arxasında tarixdən gələn səbəblər yer alır. Məsələn, Qərb mətbuatında, xüsusən Fələstində baş verən qırğınlarla bağlı ən çox qabardılan və qırmızı xətlə keçən məqamlar bunlardır: Uşaqları, qadınları, yaşlı adamları, müharibədə iştirak etməyən mülki insanları öldürmək, döyüş meydanında qalan meyitlərə qarşı zorakılıq etmək, müharibə gedən ərazilərdə təbiətə və heyvanlar aləminə ziyan vurmaq olmaz. Fərqli dini inanclara sahib insanlar arasında tolerant münasibətlər olmalıdır. Bütün bunların əksi Qərbin müharibə qaydaları ilə bağlı ortaya qoyduğu və bütün bəşəriyyət üçün keçərli saydığı bəlli konvensiyalara ziddir.

İlk baxışda doğru və insani yanaşmadır. Ancaq bu yanaşmanın arxasında təhrif olunmuş tarix dayanır. Söhbət ondan gedir ki, mütərəqqi Qərb dəyərləri kimi bizə təqdim olunan bu yanaşmanın Qərbə heç bir dəxli yoxdur.

6527c3a0bf8f76527c3a0bf8f8169710.jpg (179 KB)

Bəli, Azərbaycanı qarışdırmağa çalışan Qərb özünü humanist prinsiplərə söykənən proqressiv bir tərəf kimi dünyaya sırımağa çalışır. Ancaq Qərb intellektualları açıq şəkildə deyirlər ki, Qərbin bəyan etdiyi dəyərlərlə əməlləri arasında ciddi uçurum var. Məsələn, Qərb belə bir təbliğat aparır ki, müsəlman ölkələrinin geridə qalmasının əsas səbəbi islam dini ilə bağlıdır. Çünki bu din cəhalət və fanatizmi təbliğ edir.

Elə həmin Qərbin alimləri bir ağızdan deyir ki, VIII-XIII əsrlər arasında islam qızıl dövrünü yaşayıb. 500 illik elmi, mədəni, iqtisadi, hərbi... intibaha imza atan islamın cəhalət və fanatizmlə heç bir əlaqəsi ola bilməz. Rasional düşüncə bu kimi iddiaları rədd edir.

İslam dünyasının ən böyük alimlərindən olan imam Malik (Maliki məzhəbinin qurucusu Mâlik bin Ənəs (712-795)) Rəşidi xilafətinin birinci xəlifəsi Əbu Bəkrə (632-634) bağlı nəql etdiyi məşhur hədisdə belə deyilir: “Ey camaat, durun, döyüş meydanında sizi doğru yönləndirəcək on qaydanı elan edirəm. Xəyanət etməyin və doğru yoldan sapmayın. Siz meyitləri kəsməməlisiniz. Nə uşağı, nə qadını, nə də qocanı öldürməyin. Ağaclara zərər verməyin, onları yandırmayın, xüsusən bar verən ağaclara toxunmayın. Düşmənə məxsus heyvan sürüsünü məhv etməyin, sürüdən yalnız yeyə biləcəyiniz qədər götürün. Həyatını monastır xidmətinə həsr etmiş insanların yanından keçərkən onları rahat buraxın”...

Bu mətn az qala 1300 il əvvəl yazılıb. Xəlifə Əbu Bəkrin dilə gətirdiyi müharibə qaydalarını Qərb öz humanist dəyərləri kimi dünyaya sırımağa çalışır. Halbuki Qərbin cəhalət və fanatizm, üstəlik terror dini kimi təbliğ etdiyi islam belə mütərəqqi düşüncələrin qaynağı olub...

Əlbəttə, xəlifə Əbu Bəkir bu kimi fikirləri İslam peyğəmbərindən əxz edib. İslam düşüncəsi tarixdə ilk olaraq düşmən ölkənin döyüşçüləri ilə döyüşməyənləri arasında aydın bir fərq qoydu. Qadınlar, uşaqlar, qocalar və zəif-zəlil insanlar və s. kimi döyüşməyən əhaliyə gəldikdə həzrəti peyğəmbərimizin göstərişi belədir: “Heç bir qocanı, heç bir uşağı və heç bir qadını öldürməyin”. (Əbu Davud peyğəmbərimizin belə dediyi yazıb) “Monastrlarda rahibləri öldürməyin” və ya “İbadət yerlərində oturanları öldürməyin”. (İbn Hənbəlin Müsnədi bu fikrin peyğəmbərimizə aid olduğnu bildirib).

Başqa bir hədisdə isə belə deyilir. Müharibə zamanı islam peyğəmbəri yerdə düşüb qalmış bir qadının cəsədini görüb belə buyurdu: “O, döyüşmürdü. Necə oldu ki, o, öldürüldü?” Peyğəmbərin bu kimi fikirlərinə istinad edən islam alimləri yazırdı ki, döyüşməyən insanlar nə müharibə zamanı, nə də müharibədən sonra öldürülməməlidir.

Azərbaycan bir islam ölkəsidir. 44 günlük müharibə zamanı torpağını 30 il ərzində işğal altında saxlayan yağı düşmənə qarşı vuruşdu. İslam peyğəmbərinin yüksək insani dəyərlərə söykənən müharibə qaydaları ilə bağlı müəyyən etdiyi təlimatlardan azacıq da olsa yayınmadı. Xüsusən anti-terror əməliyyatından sonra özünü son dərəcə məsuliyyətli apardı. 10 minlərlə erməni burnu belə qanamadan Azərbaycan əsgərinin nəzarəti altında könüllü şəkildə Ermənistana çıxıb getdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 Xocalı sakinini qətl edən, yüzlərlə insanımızı izsiz-tozsuz yox edən ermənilərə qarşı son dərəcə alicənab davranışımızı Qərb görməzdən gəldi. Niyə? Çünki Qərb həqiqətin yox, xristian fundamentalizminin maraqlarından çıxış etməyə üstünlük verir.

207368_cuskcj46ff.jpg (40 KB)

Qərb deyir ki, bu qədər insan könüllü şəkildə Qarabağı niyə tərk eləsin ki? Xocalıda törətdikləri vəhşiliklərin xofu ermənilərin Qarabağda yaşamasına imkan verə bilməzdi. Ermənilər özləri də fərqinə varmadan, yəni şüuraltı şəkildə Qarabağda həyata keçirdikləri yaramazlıqların qurbanı oldular. Bu barədə son dərəcə xəsisliklə olsa da Qərb mətbuatı da yazır.

Məsələn, “eurasianet.org” saytında gedən “The Nagorno-Karabakh Republic: The life and death of an unrecognized state” (Dağlıq Qarabağ Respublikası: tanınmamış dövlətin həyatı və ölümü) adlı məqalədə belə deyilir: “ Erməni silahlı qüvvələri 1992-ci ilin may ayından 1994-cü ilin may ayına qədər Laçın, Kəlbəcər, Qubatlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarınını zəbt edərək Dağlıq Qarabağa birləşdirdilər.

Bu bölgələr münaqişədən əvvəl demək olar ki, tamamilə etnik azərbaycanlılardan ibarət idi; yarım milyondan çox insan işğal zamanı etnik təmizləməyə məruz qaldı. Bu, bu gün də aktual olan bir reallığı əks etdirir: Ermənistan-Azərbaycan münaqişəsində ərazi nəzarəti etnik təmizləmə ilə sinonimdir”...

Mətləbdən uzaqlaşmayaq. Qərb 100 milyondan çox insanın ölümünə səbəb olmuş iki dünya müharibəsinin müəllifidir. Ancaq özlərini aydan arı, sudan duru kimi göstərməyə çalışırlar.

Bəli, bir çox parametrlər baxımından müsəlman ölkələri Qərb ölkələrinə böyük hesabla uduzur. Ancaq bu məğlubiyyətin səbəbi islam deyil. Səbəb Qərbin islam ölkələrinə qarşı apardığı imperialist siyasətlə birbaşa bağlıdır. Bu siyasət islam ölkələrinin inkişafının qarşısına Çin səddi çəkib.

Liviya İnqilabının lideri Muəmmər Qəddafidən (1969-2011) sonra kimsə Liviyada iqtidara gələ bilmədi. Liviya indi də xaosun içində can verir. Muəmmər Qəddafinin zamanında isə Liviya dünyanın ən zəngin ölkələrindən biri idi. Bəli, o, siyasi opponentlərinə qarşı amansız idi. Ancaq Liviyada insanlar cah-calal içində yaşayırdılar. Qərbin təbliğat maşını belə bir mənzərə cızırdı ki, Liviyada Vətəndaş Müharibəsi başlayıb. Muəmmər Qəddafi üsyançıların üstünə bomba yağdırır. Üsyançıları qorumaq üçün NATO hərəkətə keçib. Sonrası da məlumdur: Oktyabrın 20-də Qərbin dəstək verdiyi üsyançılar Sirt şəhərinə soxuldular və Qəddafini öldürdülər. Qərb bu olayı demokratiya uğrunda Liviya xalqının mübarizəsi kimi qələmə verməyə çalışdı...

106197.jpg (64 KB)

Ancaq az sonra bütün həqiqətlər üzə çıxdı. Bəlli oldu ki, Liviya olaylarında xüsusi canfəşanlıq edən Fransa prezidenti Nikola Sarkozi (2007-2012) prezident seçkisi öncəsi Muəmmər Qəddafidən 50 milyon avro rüşvət alıb. Əvəzində Fransanın Liviyaya dəstək verəcəyini bildirib. 50 milyon avro söhbəti haqqında dünya mətbuatı dəfələrlə yazıb. Cənab Sarkozi istintaqa cəlb olunub, hətta həbsdə yatıb.

Sonra ABŞ-nin 67-ci dövlət katibi Hillari Klintonun (2009-2013) Nikolya Sarkoziyə göndərdiyi e-mail-lər ortaya çıxdı. Amerikanın 42-ci prezidenti Bill Klintonun (1993-2001) xanımı cənab Sarkoziyə açıq mətnlə Qərbin Liviyaya hücumunun məqsədi ilə bağlı belə yazmışdı: “Liviya neftini əldə etmək, Fransanın regionda təsirini təmin etmək, Sarkozinin Fransa daxilində nüfuzunu artırmaq, Fransanın hərbi gücünü təsdiqləmək və Frankofon Afrikada (Fransanın keçmiş müstəmləkələri) Qəddafinin təsirinin qarşısını almaq”.

Yəni Qərb mahiyyətcə imperialist maraqlarına görə Liviyanı xaraba qoydu. Muəmmər Qəddafinin Qərbin qəzəbinə gəlməsinin əsas səbəbi isə dollar və avronun dominant mövqeyinin təhlükə ilə üzləməsi idi. Belə ki, Liviya 143 ton qızıla, elə bir o qədər də gümüşə sahib idi. Neftdən gələn 100 milyardlarla dolları vardı. Muəmmər Qəddafinin əsas hədəfi o idi ki, arxasında qızıl və gümüş ekvivalenti dayanan əskinaz buraxsın. Bu məsələ ilə bağlı o, bir çox ölkələrlə danışıqlar aparmışdı. Bununla da dollar və avronun dünyadakı hökmranlığına son qoyulacaqdı. Qərb hərəkətə keçdi və Qəddafini bitirdi...

İndi Liviya müxtəlif terrorçu qrupların təsir zonasına bölünüb. Az qala hər məhəllənin öz qoçusu var. Qərb isə, xüsusən ABŞ və Fransa Liviyada demokratik sistemin bərqərar olacağı ilə bağlı vədlərini çoxdan unudub.

İndi Qərbdən soruşan yoxdur ki, Liviyanın sahib olduğu 143 ton qızıl və gümüş haradadır? 100 milyardlarla dollar hara buxarlandı?

O da bəllidir ki, Liviyada baş verən “vətəndaş müharibəsi”nin əsas ağırlığını “Əli-Qaidə” və Misirin xüsusi xidmət orqanları öz üzərinə götürmüşdü. Gördüyünüz kimi, Qərb öz planlarını həyata keçirmək üçün öz əli ilə yaratdığı terror təşkilatlarından da istifadə edir.

Özü də Qərb sadəcə Liviyanı xaraba qoymadı. İraq və Suriyanı qan gölünə döndərən də onlardır. Məhz onlar Yəməni aclığa sürüklədilər. Hələ də bu ölkələrdə qırğın gedir.

Ən pisi odur ki, bir çox müsəlman ölkəsində gənclər Qərbin demokratiya ilə bağlı yalanlarına hələ də inanırlar. Azərbaycanda da belələri az deyil. Qərb təbliğatının Azərbaycanda elə qurbanları var ki, onlar öz etnik və dini kimliklərinə belə nifrət edirlər. Belələrinə irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Corc Bernard Şounun (1856-1950) bu fikrini xatırlatmaq istərdim: “Mən Məhəmmədin dinini heyrətamiz canlılığına görə yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu, həyatın dəyişən sifətlərinə uyğun təchiz edilmiş və bütün yaşa uyğun olan yeganə dindir. Mən bu heyrətamiz insanın həyatını öyrənmişəm və inanıram ki, o, bəşər övladının xilaskarı adlandırılmağa layiqdir.

301224.jpg (77 KB)

Əgər hər hansı bir dinin yaxın yüz il ərzində İngiltərə və Avropaya hakim olmaq şansı olsaydı, bu İslam dini ola bilərdi. Mən inanıram ki, onun kimi bir adam müasir dünyanın idarəçiliyini öz üzərinə götürsəydi, onun problemlərini ona çox lazım olan sülh və xoşbəxtliyi gətirəcək şəkildə həll edə bilərdi. Mən Məhəmmədin dininin gələcəyini belə görürəm ki, bu din bugünkü Avropa üçün məqbul olduğu kimi, sabahın Avropası üçün də məqbuldur”.

İslam dininin Avropaya yayılması ehtimalı da Qərb sivilizasiyasının öncül insanlarını narahat edir. Bu amil də nəzərdən kənarda qalmamalıdır.

Belə bir fonda Ermənistanla Azərbaycan arasında nisbi sakitlik hökm sürür. Ancaq müharibə davam edir. Bu müharibə sadəcə əsəb müharibəsi deyil. Həm də sivilizasiyaların müharibəsidir.

Ukrayna müharibəsində xeyli zəifləyən Rusiyanı Qərb Cənubi Qafqazdan qovmağa çalışır. Maraqlıdır ki, Ukrayna cəbhəsində Qərb Rusiyaya açıq şəkildə uduzur. Bu həqiqəti Qərb mediasının nəhəngləri belə dönə-dönə etiraf edirlər. Ukraynada möhkəmlənən Rusiyanı Qərb Cənubi Qafqazdan necə çıxara bilər? Hətta nəzəri baxımdan belə bu, mümkünsüz görünür...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR