Onlayn ictimai-siyasi qəzet
Ermənistanın “qərbpərəst” hakimiyyəti Ukraynada baş verənlərdən dərs götürür; deputat: “Əgər ABŞ-la sövdələşmədə Moskvaya bu regionda hərəkət sərbəstliyi verilsə...”
Rusiya-Ermənistan münasibətlərində maraqlı geridönüş müşahidə edilməkdədir. Son günlərədək özünü Qərbə inteqrasiya edən, NATO-ya, Avropa İttifaqına üzvlüyə can atan ölkə kimi sırımağa çalışan Ermənistan Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətin fonunda cildini dəyişməkdədir.
Ötən ay ABŞ-la strateji tərəfdaşlıq xartiyasını imzalayan, Avropa İttifaqına üzvlüklə bağlı hüquqi prosedurları işə salan Ermənistanın Rusiyaya boylanmağa başlaması çox şey deyir. Özü də maraqlısı budur ki, Ermənistanın iqtidarı və müxalifəti Rusiyaya yaxınlaşmaq üçün sanki yarışa çıxıblar.
Fevralın 18-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan (1991-1998-ci illər) Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə özəl rezidensiyasında görüşüb. Ermənistanın “İravunk” qəzeti yazır ki, keçmiş prezidentin bu fəaliyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə baş tutub. Paşinyan Ter-Petrosyanın vasitəçiliyi ilə ölkəsinin Rusiya ilə əlaqələrini yaxşılaşdırmağa çalışır. Mənbələrin məlumatına görə, Rusiya Paşinyan və onun zədələnmiş nüfuzunun qorunması üçün iki şərt irəli sürüb: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı həll olunmamış məsələnin bağlanması, Rusiya ilə “dəmir yolu idarəçiliyi” məsələsində qarşılıqlı qəbul edilə bilən variantların müzakirəsinə başlamaq. Bu şərtlərin həyata keçirilməsi Paşinyan üçün Rusiya ilə münasibətlərin düzəlməsi və iç siyasətdə vəziyyətin sabitləşməsi baxımından əhəmiyyətli ola bilər. Xüsusilə də eks-prezident Köçəryanın son günlər ortaya çıxması və baş nazir olmaq istəyi barədə iddiaların fonunda müxtəlif təxminlər ayaq açıb yeriyir.
Görünən budur ki, Rusiyanın Ukraynada üstün mövqedə olması Paşinyanı Moskvaya az tutmağa vadar edir. Ümumiləşdirsək, Ermənistanın “qərbpərəst” hakimiyyəti Ukraynada baş verənlərdən dərs götürür və faktiki olaraq İrəvanın “U” dönüşünü müşahidə etməkdəyik.
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara diqqət çəkdi: “Əgər Rusiya və İranın Paşinyana çatdırmaq istədikləri nəsə varsa, daha uyğun adamlar və kanallar ola-ola bunu niyə Levon Ter-Petrosyanın vasitəçiliyi ilə etməlidirlər? Paşinyanın Moskvaya üz tutmasına gəldikdə, o, bəyəm Moskvadan üz döndərmişdi ki? KTMT-də fəaliyyətlərini "dondurmalarını" nəzərə almasaq, Ermənistan hakimiyyəti indiyə qədər Rusiyaya qarşı önəmli sayılacaq hansı addım atıb? Və Ermənistanın həmin KTMT-də rolu nə idi ki, orada fəaliyyətini “dondurması” çox da ciddiyə alınsın? Ona görə də burada diqqət yetirilməli olan, bu görüş haqda Ermənistanda nə yazıldığı yox, İran və Rusiya səfirlərinin nasist ideologiyasının daşıyıcısı olduğu, məlum video ilə ifşa edilən Levon Ter-Petrosyanla niyə məhz indi görüşmələridir. Həmin ideologiyaya xidmət edənlərin, 600 ildir ki, türklərə qarşı kinlə bəslənənlərin yenə yanında olduqlarını, onlara “hərtərəfli strateji tərəfdaş” olaraq dəstək verəcəklərini sərgiləmək üçünmü?"
S.Alıyev qeyd etdi ki, bu görüşə Qarabağın uydurma “rus icması”nın Moskadakı yığıncağının, hərbi cinayətkar Robert Köçəryanın dilindən tezislərin səsləndirilməsinin davamı kimi baxır: “Köçəryan nə deyirdi? Deyirdi ki, Azərbaycanla danışıqlar ikitərəfli formatda yox, üçtərəfli formatda yəni Moskvanın iştirakı ilə aparılmalı, Minsk Qrupu buraxılmamalı və Paşinyan anti-Rusiya ritorikasını dayandırmalıdır. Daha dəqiqi, bunu yenidən Rusiyaya açıq şəkildə tost demək və yalvarmaqla əvəzləməlidir. Əgər ABŞ-la sövdələşmədə Moskvaya bu regionda hərəkət sərbəstliyi verilsə, Paşinyan elə belə də hərəkət edəcək. Verilməsə, yenə anti-Rusiya ritorikasını davam etdirməklə indi yeritdiyi siyasəti sürdürəcək. Yəni o, Moskvanın bəlli səbəblərdən indi verə bilmədiyi dəstəyi digərlərininkilərlə kompensasiya etməyə və Rusiyanın təsir dairəsində qalmaqla yenə də onun maraqlarına cavab verən addımlar atmağa çalışacaq”.
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, ABŞ və Rusiya arasında baş tutan danışıqlar və Ukrayna müharibəsində müəyyən razılaşmalar beynəlxalq siyasi nizamı köklü şəkildə dəyişir: “Donald Trampın xarici yardımları dayandırması strateji müttəfiqlərlə əlaqələrdə siyasi böhran yaranması ilə müşayiət olunur. Ermənistan ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalayıb, həmçinin Avropa və ABŞ-la əməkdaşlıq imkanlarını genişləndirirdi. Amma proseslər dəyişib. Rusiya beynəlxalq izolyasiyadan çıxır. Bu da Ermənistanı çətin vəziyyətlə üzləşdirib. ABŞ Ermənistana əhəmiyyət vermir. Avropa öz problemləri ilə baş-başa qalıb. Nikol Paşinyan Rusiya ilə iqtisadi əlaqələri davam etdirmək və müəyyən reveranslar etməyə çalışır. Keçmiş prezident Levon Ter-Petrosyan Paşinyanı ona görə vəkil tutub ki, Moskva ilə məsələləri yoluna qoysun. Şərtləri budur ki, müxalifətə dəstək vermirsən. Mən də Rusiyanın moderator olduğu təşkilatlarda qalıram”. M.Əsədullazadənin fikrincə, hələ ki bu variant Rusiyanın maraqlarına uyğundur: “Amma eks-prezident Robert Köçəryanın ortaya çıxması məhz Rusiyanın müəyyən qədər reabilitasiya olunmasından irəli gəlir: "Bütün bunlara baxmayaraq, Köçəryanın qatarı gedib. Onun növbəti hakimiyyət sevdası arzu olaraq qalacaq. Məncə, Nikol Paşinyan indiki vəziyyətdə çalışacaq ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırsın. Proseslər onun əleyhinə işləyir. Ona görə də ötən gün real Ermənistan konsepsiyasını təqdim edərək konstitusiyanın dəyişilməsinin vacibliyini vurğuladı. Azərbaycan və Türkiyə ilə normallaşma və sülhə məcbur olduğunu mesajını vermiş oldu. Düşünürəm ki, hər iki ölkə ilə münasibətlər normallaşsa, Rusiya Ermənistana ciddi təzyiqlər edə bilməyəcək. Yaxın perspektivdə Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı daha isti mesajlar verəcək. Müəyyən irəliləyişlərdə olacaq. Nikol Paşinyan Rusiyaya etibar etmir".
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov isə bildirdi ki, faktiki olaraq Ermənistanda nə qədər sorosçular at oynatsa da, Ermənistan hələ də Rusiyanın boyunduruğu altındadır:
“Ermənistan Rusiyanın boyunduruğundan xilas olmaq üçün müəyyən addımlar atır. Hazırkı dönəmdə Rusiyanın Ermənistandan çıxarılması haqqında söhbət getmir. Çünki faktiki olaraq Ermənistan hələ də rəsmi şəkildə KTMT-nin üzvüdür və həmçinin Gümrüdə Rusiyanın 102-ci hərbi bazası mövcuddur. Bu gün Rusiya ilə Ermənistan arasında münasibətlər zədələnsə də, unutmamalıyıq ki, hələ də Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir”. T.İsmayılov konkret rəqəmlərin Rusiya-Ermənistan əlaqələrinə işıq saldığını xatırlatdı: “Ötən ilin sonunda açıqlanan statistik rəqəmlərdən də görünür ki, əslində 2024-cü ildə Rusiya ilə Ermənistan arasındakı iqtisadi əlaqələr nəinki geri gedib, əksinə, inkişaf etməkdədir. Ona görə də Ermənistan başa düşür ki, Rusiya ilə tam bağlarını qopara bilməz. Çünki Ermənistanın bunun üçün siyasi müstəqilliyi mövcud deyil. Eyni zamanda beynəlxalq münasibətlər sistemində rənglər dəyişdikcə Ermənistan da elastik davranır. Paşinyan Trampın Rusiyaya pozitiv mövqeyi və USAİD-in incələnməsi fonunda Moskvaya məddahlıq etməyə qərar verib”.
E.PAŞASOY,
“Yeni Müsavat”
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ