Onlayn ictimai-siyasi qəzet
Ermənistanın “ikili” oyunları çox sürə bilməz; ekspert: “Bu xalqın mayası yalanla yoğurulub”
İlin ilk yarısı arxada qaldı. Lakin ötən 6 ayda səslənən bütün nikbin proqnozlara rəğmən, kapitulyant Ermənistan Azərbaycanla sülh sənədi imzalamağa tələsmir. Hərçənd sülhdən, barışıqdan, beynəlxalq hüquqdan ən çox danışan elə İrəvan rəsmiləridir.
Son olaraq, bugünlərdə erməni xarici işlər naziri Ararat Mirzoyan sülh sənədinin demək olar, hazır olduğunu və bir aya imzalana biləcəyini söyləyib. Di gəl, eyni gündə onun müavini Paruyur Ovaniysan bəyan edib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsinin Azərbaycana heç bir dəxli yoxdur, bu ölkənin daxili işidir.
“Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik”.
Xəbər verdiyimiz kimi, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.
Prezident qeyd edib ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir: “Azərbaycanla Ermənistan arasında substantiv danışıqlara demək olar ki, ötən ilin dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi".
Prezident vurğulayıb ki, çünki bu, Azərbaycanın daxili məsələsidir: “Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”.
“Hazırda Azərbaycan və Ermənistan arasında sülh üçün müstəsna imkan var”.
Bunu isə ABŞ dövlət katibi Entoni Blinken deyib. “Ölkələr arasında sülh sazişi üçün müstəsna imkan var ki, bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”, - Blinken qeyd edib.
Bəs İrəvanın “ikili” oyunları nə vaxt bitəcək? İlin yerdə qalan 6 ayında gözlənti nədir? Bölgədə yeni müharibə riskinin getdikcə azaldığını söyləmək olarmı?
Fikrət Yusifov
Sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, ermənilər torpaqlarımızı işğal altında saxladıqları otuz ildə problemin çözülməsi ətrafında necə oynayırdılarsa, bu gün də eyni qaydada sülh müqaviləsinin ətrafında oynayırlar: “Bu xalqın mayası yalanla yoğurulub. Ancaq yalan tarixdə bunlara nə qədər acılar yaşatsa da, xislətlərindən əl çəkə bilmirlər. Ermənistan konstitusiyasının priambulasında öz əksini tapmış müstəqillik aktında Azərbaycana qarşı torpaq iddiaları irəli sürülür. Bütün qanunlardan yüksəkdə dayanan bir sənəddə Azərbaycana qarşı torpaq iddiaları olduğu halda, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi nə əhəmiyyət kəsb edə bilər?
Erməni rəsmilərinin nə deməsindən asılı olmayaraq, Ermənistan konstitusiyasından bu absurd maddənin çıxarılması məhz Azərbaycanın tələbidir. Ermənilər ağıllarını tam itiriblər! Sən mənim torpaqlarıma rəsmi olaraq iddia edə-edə mənimlə necə sülh müqaviləsi bağlaya bilərsən? Erməni hökuməti Ermənistanda bu gün baş verən siyasi hadisələr fonunda konstitusiyadan bu maddələrin çıxarılmasının mümkün olmadığını bəhanə edir və bununla da məsələnin həllini uzadır.
Bu ölkə daxilində siyasi gərginlik Ermənistan hökumətinin öz problemidir. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq, Türkiyə ilə münasibətləri nizama salmaq istəyirsə, öz ana yasasından anti-Azərbaycan və anti-Türkiyə maddələrin hamısını çıxartmalıdır. Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi bəyan etməsindən sonra onun konstitusiyasında bizim torpaqlara qarşı irəli sürülən iddiaların qalması özlüyündə absurddur.
Və ya Nikol Paşinyan genosidlə bağlı rəsmi açıqlama verib, bunun qondarma bir təbliğat olduğunu bəyan edirsə, Ermənistan konstitusiyasında genosidlə bağlı maddə necə qala bilər? Bütün bu sualların cavabını Ermənistan hökumətində çox yaxşı bilirlər. Sülh müqaviləsi də bu gün regionda dalana düşmüş və boğulan Ermənistana Azərbaycandan daha çox lazımdır".
Tofiq Zülfüqarov
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, Ermənistan hökuməti sülh sazişini mümkün qədər uzatmağa çalışır: “Konstitusiyada dəyişiklik etmək fikrində olmadıqlarını və bu işin Ermənistanın daxili işi olduğunu bəyan etmələri də prosesi qəsdən uzatmağa yönələn bəhanələrdir. Onlar sülh sazişi deyərkən ilkin sazişi nəzərdə tuturlar. Ermənistan istəyir ki, çox ciddi bir məsələni bura daxil etsin. Hazırda onların əsas məqsədi sərhədə aid hansısa prinsiplərin təsbit edilməsidir. İstəkləri odur ki, keçmiş SSRİ dağılan zaman onlarda qalmış əraziləri mənimsəsinlər. Çünki onlar Azərbaycan ərazilərini ilhaq yolu ilə ələ keçirmək istəyirdilər. Amma bu mümkün olmadı. Ona görə də erməni tərəfi keçmiş sovet dövrünün dağıldığı zamanlarda olan sərhədləri özlərinə birləşdirmək niyyətindədir.
O ki qaldı ABŞ dövlət katibinin “Hazırda Azərbaycan və Ermənistan arasında sülh üçün müstəsna imkan var” bəyanatına Amerika əldə ediləcək çərçivə sülh sənədinin mahiyyətinə təsir etmək niyyətindədir. Onlar üçün Ermənistanın təhlükəsizlik məsələsi amili var. Bununla paralel Türkiyə ilə də əlaqələrdə bir canlanma mövcuddur. Ardıcıl müzakirələr, telefon danışıqları və sair buna misaldır. Məqsəd də odur ki, bu ərazilərdə Rusiyaya məxsus hərbi infrastruktur tam olaraq götürülsün. Eyni zamanda burada dəhlizlə bağlı yanaşmaları nəzərə almaq lazımdır. Əvvəllər iddia edilirdi ki, Zəngəzur dəhlizinin açılması ancaq Rusiyaya lazımdır. İndi isə bunun əksi müşahidə edilir. Sözsüz ki, bu amil də vəziyyətə təsir edir. Ona görə də hazırda geopolitik tendensiyalar məhz bundan ibarətdir. Rusiyanın bölgədən çıxarılması və ilkin olaraq gələcək sülhün əsasları gündəmdədir. Təbii ki, söhbət yekun sülhdən getmir. Bir çox problemlər var. Bu, sərhədlərin müəyyən edilməsi və s. məsələlərlə bağlıdır. Amma gələcək sülhün cizgiləri və prinsiplərini müəyyən etmək üçün ABŞ indi əsas tərəflərdən bir kimi çıxış edir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ