Onlayn ictimai-siyasi qəzet
Kapitulyant Ermənistanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) oyunu davam edir. Rəsmi İrəvan 2025-ci il üçün quruma maliyyə ödəməyəcəyini bu gün bir daha təsdiqləyib. Ermənistan XİN məsələ ilə bağlı artıq hərbi-siyasi blokun katibliyinə məlumat çatdırdığını bildirib.
Bir qədər öncə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin xəbərdarlıq formasında demişdi ki, əgər İrəvan 2025-ci ilin sonunadək ödənişi etməsə, o zaman KTMT-yə üzv dövlətlər vəziyyətin inkişafının müxtəlif ssenarilərini nəzərdən keçirə bilər...
Yada salaq ki, baş nazir Nikol Paşinyan ölkənin KTMT-dəki fəaliyyətində iştirakını dayandırdığını bir neçə dəfə bəyan edib. Ötən ilin sentyabrda isə o, daha da irəli gedərək, təşkilatı Ermənistan üçün “təhlükəsizlik təhdidi” adlandırmışdı.
Əsas səbəb, yaxud motiv bəlli: guya 44 günlük müharibədə Rusiyanın dominant olduğu KTMT öz öhdəliklərinə xilaf çıxıb və işğalçı ölkəyə kömək etməyib. Halbuki bu, tər-təmiz bəhanədir, çünki hərbi əməliyyatlar Azərbaycan ərazisində gedirdi və keçmiş Dağlıq Qarabağ, ətraf rayonlar KTMT-nin məsuliyyət zonasına daxil deyildi.
Ordumuzun guya Ermənistanın sərhədyanı ərazisinə girməsi də ağ yalandır. Ən azı o səbəbə ki, sərhədlər hələ dəqiqləşməyib. Qısası, klassik erməni hiyləsi.
KTMT-yə gəlincə, özünə hörmət edən dövlət üzv olduğu quruma üzvlük haqqı ödəmirsə, oradan dərhal çıxmalıdır. Ermənistan isə buna da getmir. Ona görə ki, Rusiyadan çəkinir. Gözləyir ki, onu KTMT üzvləri özləri xaric etsin. Öz aləmində guya ağıllı taktika seçib...
Sonra. Az öncə Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) qoşulmaq üçün prosesə başlamaq haqda qanun qəbul etmişdi. Hərçənd Aİ ilə heç bir quru sərhədi olmayan Ermənistanın təşkilata qəbulu fantastik janrından olan bir şeydir. Necə deyərlər, daş göyərəndə kapitulyant ölkə də Aİ-yə üzv olar.
Beləcə, ilk baxışda Nikol Paşinyanın Rusiyadan uzaqlaşmaq kursuna sadiq kimi görünür. Amma ilk baxışda. Məsələ ondadır ki, Donald Tramp Ağ Evə qayıdandan sonra Avropa, “Köhnə qitə” öz hayındadır, Ermənistanın yox. Kollektiv Qərbin aparıcı dövləti ABŞ isə Güney Qafqazla maraqlanmaq iradəsi göstərmir. Çünki onun da öz “qayğıları” var – Ukrayna, Rusiya, Qrenlandiya, Yaxın Şərq, İran...
Dəfələrlə yazmışıq, Ermənistan üçün ən etibarlı zəmanəti, ən güclü təhlükəsizlik çətirini məhz qonşu Türkiyə və Azərbaycan yarada bilər, nəinki Rusiya, İran və Qərb. O halda İrəvanın ordu saxlamasına da ehtiyac qalmayacaq.
Odur ki, Ermənistan rəhbərliyi, bütövlükdə onun siyasi elitası nəhayət, başına gələnlərdən dərs almalı, Bakı və Ankara ilə münasibətləri normallaşdırmağa tələsməlidur. Şərtlər bəlli.
Təəssüf ki, bu əzmi, iradəni müşahidə etmirik. Məsələn, İrəvan konstitusiya dəyişiklliyini uzaq 2027-də mümkün sayır. Amma ona qədər Ermənistanın öz varlığı sual altına düşə bilər. Yeni “əl dəyişmə”ni, təzə “ağa”nı gözləyə-gözləyə...
Ən maraqlısı odur ki, Paşinyan hökuməti nala-mıxa vurmaqda və sadəlövhcəsinə Qərbin timsalında yeni ağa axtarışında ikən, arada Rusiyaya geri dönmək üçün siqnallar da göndərir. Yəni ki, birdən olmadı elə, oldu belə. Eyni vaxtda “iki stul”da oturmaq xülyası.
İrəvan eyni zamanda, Türkiyə və Azərbaycanla yarımçıq anlaşmaları böyük sülh, böyük nəticə kimi qələmə verməkdən usanmır. Anlamır ki, yarımçıq hamiləlik olmadığı kimi, yarımçıq sülh də olmur, olmayacaq. Kapitulyant tərəf uçub bütün neqativ nəticələri ilə birgə...
Siyasət şöbəsi,
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ