Onlayn ictimai-siyasi qəzet
Ermənistan öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmayınca Bakı və İrəvanın imzalayacağı hər hansı sənəd heç vaxt sülh müqaviləsi adlanmayacaq – o da əgər imzalanacaqsa. Çünki hər şeydən göründüyü kimi, Nikol Paşinyan və hökuməti məhz belə bir aralıq sənədin imzalanması ilə sülh prosesinin artıq bitdiyi görüntüsünü yaratmaq, beynəlxalq birliyə bu mesajı çatdırıb Azərbaycanı “fakt qarşısında” qoymaq, ardınca da rahat şəkildə revanşist planlar qurmaq yönündə səyləri artırmaq istəyir.
Bir neçə gün öncə baş nazir Paşinyanın növbəti dəfə və riyakarcasına “bizim konstitusiyada Azərbaycana torpaq iddiası yoxdur” söyləməsi, Azərbaycan və Ermənistan konstitusiyalarında bir daha paralellik aparmaq cəhdi yuxarıdakı qənaəti gücləndirir...
Əlbəttə, “Azərbaycan Konstitusiyasında da oxşar müddəalar var” iddiası ilə İrəvan Bakıya həyasızcasına şər atır. Buna “qara məni basınca mən qaranı basım” da demək olar.
Doğru, Azərbaycan Konstitusiyasında dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktına istinad mövcuddur. Onun 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası ADR-in hüquqi varisidir. Ancaq orada heç bir ölkəyə qarşı ərazi iddiasından danışılmır. Konkret ölkə, bölgə, yer adı çəkilmir. Qonşu Gürcüstan, Rusiya, İran heç vaxt bununla bağlı Bakıya ünvanlı narahatlıq, narazılıq bildirməyib və Azərbaycanla sülh müqavilələri imzalanıb.
Hüquq varisliklə bağlı analoji müddəalar məsələn, Gürcüstanın, Moldovanın, Estoniyanın, Latviyanın və Litvanın konstitusiyalarında da yer alır. Yaxud şimal qonşumuz Rusiya özünü SSRİ-nin hüquqi varisi elan edib. Ermənistan konstitusiyasında isə (Müstəqillik Aktına istinadlar daxil) Azərbaycanın və qardaş Türkiyənin konkret ərazilərinin adları çəkilir və bu, üst-üstə 200 min kv km-lik bir ərazidir (Türkiyənin 6 vilayəti + keçmiş Dağlıq Qarabağ). Fərq bu! Gözə nə qədər kül üfürmək olar?..
Bütün bunların üstündən Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakının konstitusiya dəyişikliyi tələbi ilə bağlı gör nə ərz edir. Sitat: “Seçim variantı kimi Ermənistan hakimiyyəti iki ölkənin konstitusiyalarını Venesiya Komissiyasına göndərə bilər, qoy o da ərazi iddialarının olub-olmadığı haqda qərar versin”.
Məlumat üçün bildirək ki, mənzil-qərargahı İtaliyanın Venesiya şəhərində yerləşən Avropa Şurasının Venesiya Komissiyası konstitusiya hüququ üzrə məsləhətçi orqandır. 1990-cı ildə yaradılıb. 60 üzv-dövlət, bir assosiativ üzv və 5 müşahidəçidən ibarətdir.
Yəni yenə Azərbaycan və Ermənistan konstitusiyalarını eyni rəfdə qoymaq cəhdi. Ki, Bakı nəhayət, bezib öz haqlı tələbindən vaz keçsin. Ayrı hansı anlamı olan bilər ki? Başqa sözlə, indi də Venesiya Komissiyası bəhanəsi ilə vaxt udmaq istəyirlər.
Boşuna cəhdlərdir. Ondansa rəsmi İrəvan “dəvəquşu” siyasətinə təcili soy qoyub da, əlavə qiymətli zamanı itirmədən Azərbaycanın dediyini eləsin. Əks halda yenə ziyana düşənlərdən olacaq. Həm də daha böyük ziyana...
Z.SƏFƏROĞLU
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ