İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Bakıya qarşı faş olan hiylələri - Sabah Paşinyanı Brüsseldə “başa salacaqlar” ki...

İşğal bitib, Ermənistanın Azərbaycana ərazi iddiası isə bitmir - nonsens, yoxsa? Erməni baş nazirini Avropada sərt suallar gözləyir...

Ermənistan rəsmilərinin siyasi riyakarlığı həqiqətən də sərhəd tanımır. Bu da növbəti fakt. Kapitulyant ölkənin xarici işlər naziri Ararat Mirzoyan mayın 16-17-də Moskvada keçirilməsi nəzərdə tutulan, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclasının baş tutmamasının səbəbini görün necə izah edib.

“Azərbaycan İrəvanın Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi məsələsinin Ermənistanla münasibətlərin nizamlanması gündəliyinə daxil edilməsi barədə təklifini qəbul etməyib”, - deyə Mirzoyan Brüsseldə “Azadlıq” Radiosunun sualına cavabda incik şəkildə bildirib.

Beləcə, İrəvan “dəvəquşu siyasəti”nə davam edir, özünü məğlub ölkə yox, həyasızcasına bizə şərt qoyan (!), az qala qalib tərəf kimi göstərməyə çalışır. Azərbaycanın prinsipial mövqeyini bilə-bilə.

*****

Xatırladaq ki, İrəvanın az öncə açıqladığı “6 prinsip”in qayəsini məhz “status” məsələsi təşkil edir. Nə deməkdir “gələcək status”? Əlbəttə ki, hər şeydən öncə ərazi bütövlüyümüzü şübhə altına almaq, gələcəkdə aqressiv separatizmi təzədən qızışdırmaq üçün kart-blanş əldə eləmək cəhdi. Ermənistanın sülh müqaviləsini aparıb bu şərtə bağlamasının ayrı nə adı ola bilər ki?

Rəsmi Bakı isə sözünü artıq deyib: erməni vətəndaşlar digərləri kimi eyni hüquq və azadlıqlara malik olacaq, Azərbaycan dövlətində təhlükəsizlik içində yaşayacaqlar. Onlar üçün heç bir xüsusi statusdan söhbət gedə bilməz. Əvvəla, bu, Azərbaycanın daxili məsələsidir və o səbəbə başqa dövlətlərlə qarşılıqlı münasibətlərin predmeti ola bilməz. Ən əsası, Azərbaycan dövləti niyə məhz bir ovuc erməniyə xüsusi imtiyaz tanımalı və bununla da özünün konstitusiyada təsbit olunmuş unitar dövlətçiliyinin altına növbəti dəfə “gec partlayan mina” qoymalıdır? Obrazlı desək, oturduğumuz yerdə niyə öz “ayağımıza atəş” açmalıyıq?

Əlbəttə ki, belə siyasi oyunbazlıqlar keçməyəcək. İrəvan rəsmiləri boşuna özlərini yorur və vaxt itirirlər. Ondansa, nə qədər gec deyil, Ermənistan rəhbərliyi ilyarımdır yerinə yetirmədiyi öhdəliklər - Qarabağdan qanunsuz erməni hərbi dəstələrinin çıxarılması, Zəngəzur dəhlizi və kommunikasiyaların açılması (Naxçıvanla quru əlaqə), son olaraq isə götürdükləri Brüssel vədlərinin reallaşması haqda düşünsələr, ən çox özlərinə yaxşılıq eləmiş olarlar. Çünki Bakı belə oyunlara sonsuzadək dözüm göstərmək niyyətində deyil. Günün birində o da götürdüyü öhdəlikdən imtina edə bilər. Məsələn, “Laçın dəhlizi”ni bağlaya bilərik.

Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL

Ümid edək ki, sabah Brüsseldə gözlənilən növbəti üçlü görüşdə - Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq təmasda İrəvan tərəfini bir daha başa salacaq, ağla gətirəcəklər ki, verilən vədlərə əməl eləmək gərəkdir, çünki bu könül, istək məsələsi deyil, öhdəlikdir...      

*****

“İrəvanın 6 bənddən ibarət tələbləri tam gözlənilən idi. Ermənistanda sülh müqaviləsinə qarşı əhval-ruhiyyə güclüdür. Bu gün oradakı vəziyyət siyasi təlatüm kimi xarakterizə oluna bilər. Bu durum Rusiyanın ”xüsusi əməliyyat"ı şəraitində dünyanın qütbləşməsi fonunda formalaşıb. Özü də Ermənistanın ənənəvi müttəfiqi və “müdafiəçisi” Rusiyanın xeyrinə yox".

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a açıqlamasında siyasi elmlər doktoru, rusiyalı politoloq Tatyana Poloskova deyib.

Onun sözlərinə görə, hazırda Paşinyanın durumu çox qeyri-sabitdir və hətta bir-iki həftədən sonra onun başına nə gələcəyini, hakimiyyətdə qalıb-qalmayacağını proqnozlaşdırmaq çətindir. “Ermənistanın Rusiya ilə münasibətləri isə əsasən iki ölkə liderlərinin şəxsi razılaşmaları əsasında qurulub. Ermənilərin 6 bəndlik təklifinə gəlincə, bu, Qarabağ ətrafında vəziyyəti köhnə əyyama qaytarmaq cəhdindən başqa bir şey deyil”, - deyə politoloq qeyd edib.

Полоскова Татьяна Викторовна - Доколе?

Ekspert daha sonra İrəvanın siyasi ikiüzlülüyün faş edərək deyib: “Ermənistan indi rəsmi şəkildə bəyan edir ki, guya Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Bağışlayın, bəs kim kimin ərazilərini işğal eləmişdi? İşğalçının iddiası yoxmuş. Bu - sinizm və konstruktiv dialoqu açıq-aşkar rədd eləməkdir. Yenə də ”Dağlıq Qarabağ"ın statusu mövzusu ortaya atılır, ATƏT-in Minsk Qrupunun kölgəsindən əl çəkilmir".

Politoloqa görə, aydındır ki, Ukraynadakı uğursuz blitskriq fonunda Rusiya hakimiyyəti regionda öz təsirini nümayiş etdirmək istəyir. “Qarabağ isə Kremlin nəzərincə hələ də oynanıla biləcək kartdır. Ancaq çətin ki, bunun köməyi dəysin. Və daha bir məqam: Rusiyanın özündə də siyasi vəziyyət təlatümlüdür. Rusiyanın tərəfdaşları ilə bütün xarici siyasət əlaqələri uzun illər birinci şəxsin şəxsi razılaşmaları əsasında qurulub. Lakin nə şəxslər, nə rejimlər, nə də bu yolla əldə edilən razılaşmalar əbədi deyil”, - deyə Poloskova əlavə edib.

*****

Ermənistandan Dağlıq Qarabağa gediş-gəliş dayandırıldı - koronavirusa görə

Digər rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov isə hesab edir ki, İrəvan növbəti dəfə Azərbaycanla münasibətlərin normallaşmasında özü üçün “imkan pəncərələri” saxlamağa çalışır.

“İrəvanın irəli sürdüyü 6 təklif arasında Azərbaycanın sadəcə olaraq sazişin imzalanmasına razılıq verməməsini təmin etməyə yönəlmiş bir çox erməni ”hiyləsi" var. Məsələn, “Qarabağın və orada yaşayan ermənilərin ”status"u adlandırılan" prinsip. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Azərbaycanın vətəndaşları olduğu faktı qalır. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, bu, dəyişməzdir. Ən yaxşı halda Qarabağda, yenə Azərbaycanın daxilində mədəni muxtariyyət yaradıla bilər".

Ekspertə görə, indiki şəraitdə İrəvanın Minsk Qrupu ilə bağlı “hiyləsi” də işə yaramır. “Rusiyanın xarici işlər naziri Sergey Lavrov MQ-nin dağıldığını açıq şəkildə bəyan edib. Aydındır ki, İrəvan bu məsələdə manipulyasiya eləməkdə, Fransa və ABŞ-ı köməyə təhrik etməkdə davam edir. Amma bunun sonda nəticə verəcəyini düşünmürəm”, - Mixaylov əlavə edib.

*****

Heç şübhəsiz, rəsmi İrəvanın hiylələri bir-bir faş olmağa məhkumdur və faş da olur. Bu mənada sabah Paşinyanı Brüsseldə çox sərt suallar gözləyir. Onu orada yaxşıca “başa salacaqlar” ki, özü də, komandası da “təzə bazara köhnə nırx” qoymağa çalışmasınlar, özlərini adekvat və ağıllı aparsınlar...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR