İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın “azərbaycanlılara pasport verək” oyunu

Bu addım azərbaycanlılara qarşı baş verən soyqırım və deportasiyaya görə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil

Ermənistan parlamentində 1988-ci ilə qədər Ermənistan SSR ərazisində anadan olmuş şəxslərə vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsi ilə bağlı təşəbbüs irəli sürülüb. İlk baxışdan Ermənistan rəhbərliyi bu təşəbbüsü reallaşdırmaqla özünün çoxdankı və ağrılı problemini - “ermənilərin defisiti”ni həll edir. Amma əslində İrəvan azərbaycanlıların Ermənistanda etnik təmizləməsinin məsuliyyəti kimi ağrılı məsələdə qabaqdangəlmişlik etməyə çalışır.

Ermənistan son vaxtlara qədər əmin idi ki, azərbaycanlıların qədim yurdlarından deportasiyasına görə  cavab verməli olmayacaq. Amma  Ermənistan müharibəni uduzandan sonra İrəvan başa düşməyə başlayıb ki, Azərbaycan daha ciddi tribunalardan azərbaycanlıların etnik təmizlənməsi və onları hüquqlarının təmin edilməsi məsələsini gündəmə gətirir. İndi də İrəvan nəzəri cəhətdən guya 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində Ermənistan SSRİ-dən qovulmuş azərbaycanlılara şamil oluna biləcək qanun hazırlanacağını göstərməyə çalışır. Amma əslində erməni parlamentinin “qanunvericilik təşəbbüsü” növbəti siyasi saxtakarlıqdır. Ermənistan azərbaycanlı icmasının geri qayıtmaq hüququnu fərdi müraciətlər müstəvisinə gətirib neytrallaşdırmaq istəyir. Ermənilər Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpa olunması məsələsini onlara fərdi qaydada vətəndaşlıq verilməsi səviyyəsinə qədər kiçiltməyə cəhd edirlər. Halbuki sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan 300 min nəfərə qədər insan qovulub və onların Qərbi Azərbaycan İcmasında rayonlar, kəndlər və ailələr üzrə adlı siyahısı tərtib olunmaqdadır. Beynəlxalq təcrübəyə və beynəlxalq humanitar hüquqa görə, əgər insan yaşadığı ölkədən irqi və ya milli ədavət zəminində qovulubsa (və azərbaycanlıların Ermənistandan qovulması məhz belə olub), o zaman vətəndaşlıq hüququndan məhrum edilmir. Yəni deportasiya olunmuş azərbaycanlıların ikinci dəfə məhz bu vətəndaşlıq üçün müraciət etməsi absurddur. Azərbaycanlılar bu halda nə üçün vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsi üçün müraciət etməlidirlər?

Sülh müqaviləsinə kimlər mane olur - Rusiya, yoxsa...

Rəşad Bayramov

AMİP Mərkəzi Aparatının rəhbəri, politoloq Rəşad Bayramov çox vacib məqamlara “Yeni Müsavat”da aydınlıq gətirdi: “Əvvəla onu deyim ki, 1988-ci ilə kimi Ermənistan SSR-də yaşamış insanlara sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsi barədə qanunvericilik təşəbbüsü ilə çıxış edənlərin səmimiliyinə inanmıram. Bu təşəbbüsün arxasında erməni riyakarlığı və hiylə dayanır.

Məsələ burasındadır ki, insanımızın öz dədə-baba yurdundan, yəni indiki Ermənistan ərazisindən deportasiya olunması həm 1918-1920, həm 1948-1953, həm də 1988-1991-ci illəri əhatə edir. Deportasiya olunmuş azərbaycanlıların sayı isə milyonlarla hesablanır. Odur ki, Ermənistanın bu qədər insanın vətəndaşlıq hüququnun tanınması istiqamətində həqiqətən də, başqa məqsəd güdmədən hansısa addımlar atmaq istəməsi inandırıcı deyil. Bu addım azərbaycanlılara qarşı baş verən soyqırım və deportasiyaya görə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil.

Belə ki, beynəlxalq hüquqa görə, onsuz da insanın yaşadığı ölkədən milli, dini və ya irqi zəmində qovulması onu vətəndaşlıq hüququndan məhrum etmir. Yəni başqa sözlə desək. Amma indiki halda görünən odur ki, Ermənistan onsuz da bu insanların vətəndaşlıq hüququnu tanımağa borcludur. Ermənistan Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpa olunması məsələsini onlara fərdi qaydada vətəndaşlıq verilməsi səviyyəsinə qədər kiçiltməyə cəhd edir. Əslində isə deportasiya olunmuş insanların və onların deportasiyadan sonrakı dövrdə dünyaya gəlmiş övladlarının və nəsillərinin kollektiv şəkildə, yəni icma olaraq öz dədə-baba yurdlarına qayıtmaq imkanının tanınması lazımdır. Bu şəxslərin sayı isə indiki Ermənistan əhalisinin sayından da artıqdır.

Digər vacib məsələ isə həmin insanların mülkiyyət hüquqları ilə bağlıdır. Başqa sözlə desək, Ermənistan həm də insanımızın zorla əlindən alınmış mülklərinin qaytarılması, deportasiya dövründə ayrı-ayrı kolxoz və sovxozlarda, idarə və müəssislərdə işləmiş azərbaycanlıların ödənilməmiş əməkhaqlarının dəyərinin ödənilməsi, dövlət banklarında olan əmanətlərini götürə bilməyən insanların əmanətlərinin qaytarılması istiqamətində də konkret qərarlar qəbul etməyə borcludur.

Bütün bunlarla yanaşı, bu illər ərzində deportasiya qurbanı olan insanlarımıza dəymiş maddi və mənəvi ziyanın ödənilməsi də vacib şərtlərdən biridir. Ermənistanın könüllü şəkildə bu addımları atacağını gözləmək isə sadəlövlük olardı. Bunun üçün beynəlxalq məhkəmələrə müraciət edilməsi və Ermənistanın bütün sadalananlarla bağlı qərarlar verməyə məcbur edilməsi lazımdır".

Təyyarə misalı... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, belə bir təklifin səsləndirilməsində əsas məqsədlərdən biri Ermənistanı tarix boyu Azərbaycana qarşı baş vermiş soyqırımların məsuliyyətindən yayındırmaqdır: “Düşünürəm ki, sözügedən təklifin parlamentdə qəbul edilməsi çətin məsələdir. Çünki bu, Aərbaycanla münasibətlərin normallaşması prosesinə zərbə vura bilər. Əlbəttə, biz Ermənistanla münasibətlərin normallaşmasında, regional əməkdaşlıqda maraqlıyıq. Lakin Ermənistanın bundan əvvəlki hakimiyyəti və hazırkı iqtidar rejimi törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Maddi təzminat mütləq ödənilməlidir. Əgər Ermənistanın buna imkanı yoxdursa, maddi təzminatın əvəzində tarixi torpaqlarımız Zəngəzuru bizə təhvil verməlidir. Əks halda, Ermənistanın oyunlarının, o cümlədən pasport paylanılması cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Əksinə, əgər Ermənistan qabaqdangəlmişlik edib, növbəti oyuna cəhd etsə, bu, onun ziyanına olacaq. İrəvan heç bir halda öz cinayətlərini ört-basdır edə bilməz. Bu məsələni saxtalaşdırmaq, azərbaycanlıları ittiham etmək cəhdi isə yolverilməzdir. Düşünürəm ki, rəsmi Bakı İrəvana cavab verməli, xəbərdarlıq etməlidir. Dediyim kimi, itirən Ermənistan olacaq”.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov bu istiqamətdə qəti addımlar atılmasının vacibliyini qeyd etdi: “Ermənistan siyasi dələduzluq etməyə davam edir. İrəvan yaxşı başa düşür ki, Qərbi Azərbaycandan vəhşicəsinə didərgin saldığı vətəndaşlarımızın haqları müzakirəyə çıxarılacaq. Buna görə qabaqcadan prosesi pozmaq üçün təxribatlar edir. Gün kimi aydındır ki, heç bir azərbaycanlı Ermənistana vətəndaşlıq üçün müraciət edəsi deyil. Ermənistan Qərbi Azərbaycan mövzusunun beynəlxalq platformalarda artıq qaldırıldığını görür. Ona görə də prosesi əngəlləmək, beynəlxalq müstəvidə fon yaratmağa çalışır. Biz qarşıdakı günlərdə bu məsələdə kəskin addımlar atmalıyıq. Qərbi Azərbaycan deportasiyası beynəlxalq hüquq adına rəzalətdir. Xankəndidə bir ovuc erməni üçün dəridən-qabıqdan çıxanlar Göyçə və Zəngəzurdan didərgin salınan insanların taleyinə biganədir. Amma qarşıdakı günlərdə Ermənistanın başı əməllicə ağrıyacaq. Artıq Azərbaycan Qərbi Azərbaycanda yaşananlarla bağlı fəaliyyəti gücləndirib”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR