İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan “Brüssel prosesi”nə xain zərbə

Paşinyan Putinə “pas” verdi, ABŞ cəzalandıracaqmı...

ABŞ-ın da dəstək verdiyi Brüssel sülh prosesi qeyri-müəyyən müddətə tormozlana bilər. Bu qənaət ötən həftəsonu Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin etdiyi çıxışdan hasil olur.

Belə ki, İlham Əliyev dekabrın 7-də Brüsseldə nəzərdə tutulan görüşün keçirilməyəcəyini bildirdi, səbəb kimi isə Ermənistan tərəfinin həmin görüşdə Fransa lideri Makronun da iştirak tələbini irəli sürməsini göstərdi. Dövlət başçısı Azərbaycanın Fransanın qeyri-konstruktiv, ermənipərəst mövqe tutması, habelə Fransa Senatında Azərbaycana qarşı qətnamə qəbulu və Praqa görüşündən sonra Makronun Azərbaycan əleyhinə əsassız, şər və böhtan dolu ittihamlarını və s. nəzərə alaraq, Makronun danışıqlarda iştirakını mümkünsüz hesab etdiyini diqqətə çatdırdı. Rəsmi Parisin reaksiyası da gecikmədi, əgər buna reaksiya demək mümkünsə. Fransa XİN rəsmisi bəyan elədi ki, ölkəsi İlham Əliyevlə Paşinyan arasında danışıqları dəstəkləməyə sadiqdir. “Fransa Brüssel, Praqa və Vaşinqtonda keçirilən görüşlərdən sonra davam edən danışıqları dəstəkləməyə tam sadiqdir”, - XİN rəsmisi bildirdi. Lakin Fransa XİN Azərbaycan Prezidentinin etirazından sonra Makronun növbəti görüşə qatılıb-qatılmayacağına aydınlıq gətirmədi. Demək, Nikolun şərti hələ ki gündəmdə qalır. Bu da o anlama gəlir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliklə bağlı əziyyəti puça çıxa, sülh müqaviləsinin imzalanması qeyri-müəyyən müddətədək təxirə salına bilər. Bu isə başı Ukraynaya qarışan Rusiyaya daha çox əl verir. Moskva indi moderatorluq məsələsində yenidən önə çıxmış kimi və hətta “şəriksiz vasitəçi” obrazında görünür.

Maraqlıdır ki, məhz İlham Əliyevin Brüssel görüşündən imtinasından cəmi bir gün sonra - noyabrın 26-da, həm də bir həftə ərzində ikinci dəfə (öncəki noyabrın 22-də olub-red.) Rusiya lideri Vladimir Putin İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb. Putinin zəngi həmçinin 23 noyabrda keçirilən KTMT-nin İrəvan sammitindən iki gün sonraya təsadüf edir. Sammitdən bir gün sonra isə Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Bakıda olmuş, Əliyevlə görüşmüşdü. Ortaya haqlı olaraq “Nə baş verir?” sualı çıxır. Maraqlıdır, Putin gerçəkdənmi özünün imzaladığı, lakin faktiki kağız üzərində qalan üçtərəfli razılaşmaların icrası üçün, sülh müqaviləsini tezləşdirmək üçün hərəkətə keçib, yoxsa situasiyanı fürsət bilib öz maraqlarını iki tərəfə, xüsusən də Bakıya sırımaq üçün fəallaşıb?

Bu məqamda yada salaq ki, İlham Əliyev konfransdakı çıxışı zamanı sülh prosesindən danışarkən onu da bildirib ki, Minsk Qrupunun “dəfn mərasimi”ndən sonra Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir. “Bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyac var”, - deyə ölkə başçısı qeyd edib. Lakin belə görünür, “qərbçi” Paşinyan hökumətinə artıq “Qərb platforması” da sərf eləmir. Çünki Azərbaycanın ərazi bütövlüyünü rəsmən, konkret ikitərəfli sülh müqaviləsi ilə təsdiqləmək lazımdır. Odur ki, indi də “Fransa kartı” hesabına siyasi cığallığa əl atıb və vaxt uzatmağa çalışır. Əslində isə bilərəkdən və ya bilməyərəkdən Rusiyanın maraqlarına işləyir. Rusiyanın sülhlə bağlı təsəvvürü isə təxminən bəllidir və Azərbaycanın maraqlarına cavab vermir. Çünki Kremli bölgədə, Qarabağda ən çox öz hərbi varlığı düşündürür. Rusiyanın Qarabağda çıxardığı, azalmaq bilməyən hoqqaları buna şəkk-şübhə saxlamır.

Bu arada Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda olub, Azərbaycan Prezidenti və xarici işlər naziri Ceyhun Bayramov tərəfindən qəbul edilib. T.Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib. Xüsusi nümayəndə normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında nəticəyönümlü danışıqların vacib olduğunu diqqətə çatdırıb.

Həftənin ilk günü, 28 noyabrda isə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, Filip Riker ABŞ dövlət katibi Antoni Blinkenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb. ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib. Səfər faktı və isti münasibətlər Ağ Evin Azərbaycan faktoruna böyük önəm verdiyini və bölgədə qalıcı sülhün mövcudluğu üçün ciddi rol oynamaq istəyini göstərir.

Bu yerdə zəruri xatırlatma edək: Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun ekspertləri ilə 31 oktyabr görüşündə rəsmi İrəvana xəbərdarlıq etmişdi. Sitat: “Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar. Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu çox çətin, birbaşa desək, ağır məsələdir”. Bu, faktiki olaraq Ermənistanı şantaj mesajı idi. Məhz bundan sonra Qarabağdakı Rusiyaya bağlı separatçıların aktivləşməsi, Şuşa istiqamətində belə atəş açılması, Ruben Vardanyanın özünə “komanda” yaratması təsadüfi deyil.

Bəs belə olan halda Azərbaycanla Ermənistan arasında nəticəyönümlü danışıqlara necə nail olmalı, əgər Ermənistan açıq-aşkar “Brüssel prosesi”ni sabotaj yolu tutubsa? Ümumiyyətlə, Paşinyan kimin adamıdır? Dekabr Brüssel görüşünü “xilas eləmək” mümkün olacaqmı? Nəhayət, bölgədə müharibə riski artır, yoxsa... Yada salaq ki, ABŞ dövlət katibi Entoni Blinken 31 oktyabr üçtərəfli Soçi görüşündən dərhal sonra Nikol Paşinyanı Ermənistanla Azərbaycan arasında danışıqların sürətini saxlamağa çağırmışdı. Hətta ona təpinmişdi də. O zaman ABŞ öz hərəkətləri ilə faktiki Putinin mövqeyini gücləndirən Nikolu cəzalandıracaqmı?

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev: "Paşinyanın qoruyucu mələk gözündə gördüyü "böyük bacı"sı qatılmadığı halda belə, Brüsselin təşkil etdiyi danışıqlara getməkdən başqa ayrı yolu yoxdur"

Deputat Sahib Alıyev bu fikirdədir ki, Avropa Birliyinin xətti ilə gerçəkləşdirilən danşıqlar öncədən nəzərdə tutulduğu vaxtda baş verməsə belə, mütləq olacaq: “Birinci ona görə ki, Bakıdakı "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" adlı beynəlxalq konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev də Ermənistanla normallaşma prosesini təmin edə biləcək təsisat gözündə məhz Avropa Birliyini gördüyümüzü açıq şəkildə vurğuladı və əslində bundan öncəki çıxışlarında da Azərbaycanın  keçmiş Minsk Qrupu həmsədrlik institutundansa, sözügedən quruma daha çox güvəndiyini bildirmişdi. Bu reallığı, ABŞ-ın da məhz Brüsselin keçirdiyi danışıqları dəstəklədiyini, Ermənistanın Avropa Birliyindən maliyyə asılılığını nəzərə alsaq, görəcəyik ki, Makronun hansı düşüncədə olmasından, Paşinyanın nə istəməsindən asılı olmayaraq Şarl Mişelin moderatorluğu altında növbəti danışıqlara elə də çox qalmayıb".

Deputatın sözlərinə görə, əks halda, Avropa Birliyinin regiona göndərdiyi təmsilçisi Toivo Klaar Azərbaycanda ən yüksək səviyyədə qəbul olunmazdı: “Klaarın təmsil etdiyi qurumun kommunikasiyaların açılmasına, nəticəyönümlü danışıqların keçirilməsinə çalışdığını qabartması da Azərbaycanın istədiyi gündəlikdir. Ermənistan ya bu gündəliklə razılaşmalı, ya da atılacaq cavab addımlarına hazır olmalıdır ki, buna hazır deyil. Ona görə də Paşinyanın qoruyucu mələk gözündə gördüyü "böyük bacı"sı qatılmadığı halda belə, Brüsselin təşkil etdiyi danışıqlara getməkdən başqa ayrı yolu yoxdur. “Qoruyucu mələk”dən söz düşmüşkən, orasını da deyim ki, təkcə “böyük bacı” Fransa deyil, digər həmsədr dövlətlər də indiyə kimi danışıqlarda Ermənistan üçün az və ya çox dərəcədə məhz bu funksiyanı yerinə yetiriblər. Və öz adı ilə cağırmalı olsaq, onların yerinə yetirdiyi həmin funksiya bizim üçün iblislik idi. Biz danışıqları da Ermənistandan çox, hayların qoruyucu mələk gözündə gördükləri, əslində onlara geosiyasi alət kimi yanaşan o mələk-iblislərlə aparırdıq, başqa yolumuz da yoxdur. İkinci Qarabağ savaşından sonra isə var. Bunu gec-tez Makron Fransası da anlayacaq. Həm də anlayacaq ki, “bacı-bacı oyunu” Qafqazdakı olan-qalan mövqelərini də itirməkdən başqa ona yaxşı heç nə vəd etmir".

Cənab Prezident Füzulini cənnətə çevirir”- Tural İsmayılov

Sahib Alıyev: "Paşinyanın qoruyucu mələk gözündə gördüyü "böyük bacı"sı qatılmadığı halda belə, Brüsselin təşkil etdiyi danışıqlara getməkdən başqa ayrı yolu yoxdur"

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirdi ki, bu situasiya təəccüb doğurmur: “Artıq bütün siyasi qütblərə bəlli olan məsələdir ki, regionda sabitliyi və sülhü sabotaj edən yeganə qüvvə Ermənistandır. İndi Ermənistan birmənalı Fransaya sığınaraq faktiki olaraq Qərb mərkəzli danışıqları da bloklayır. Məsələnin maraqlı tərəfi odur ki, Qərb və Avropa İttifaqı Şurasının vasitəçiliyi də kölgələnir. Mən dəfələrlə qeyd etmişəm ki, Makron o qədər eqoist siyasətçidir ki, Şarl Mişeli qısqanır və bütün proseslərdə özünü ön plana çəkməyə çalışır. Paşinyan siyasi marionetka kimi Makronun əlində oyuncaqdır, rəsmi Moskva Parisin Aİ mərkəzli görüşləri pozmağını məmnunluqla qarşılayır”.

T.İsmayılov qeyd etdi ki, son dövrlər Fransanın ikiüzlü siyasəti özəlliklə iki nüansda daha qabarıq görünür: “Birincisi, Fransa Ukrayna ilə savaşda gizli şəkildə Rusiya ilə danışır və Rusiya ilə pərdə arxasında sakit dialoqa malikdir. Makron son zamanlar Rusiya əleyhinə heç nə danışmır. Ötən həftə İngiltərənin eks baş naziri Boris Conson CNN-ə müsahibəsində Fransanın Rusiya-Ukrayna savaşındakı riyakar mövqeyini bütün dünyaya nümayiş etdirdi. İkincisi, Fransa Vaşinqton və Avropa İttifaqının moderatorluğu altında Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəmir. Bu məsələdə Rusiya ilə eyni mövqeni bölüşürlər”. Politoloq bildirdi ki, Fransa Ermənsitanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmağını istəmir: “Ona görə də artıq sərhəddə Ermənistanın təxribatları demək olar ki, hər gün davam edir. Cənubi Qafqazdakı sabitliyi təhdid edən Ermənistan-Fransa tandemi birbaşa rəsmi Vaşinqtona və Avropa İttifaqına qarşı yönəlib. Ermənistanın təhriklərinin davam etməyi Azərbaycanı növbəti antiterror əməliyyatları keçirməyə vadar edir. Qarşıdakı günlərdə gərginliyin davam edəcəyini düşünürəm. Ermənistanın yeni müharibə üçün qızışdırıldığı artıq aydındır. İlin sonuna qədər sülh müqaviləsində ilkin nəticələr əldə edilməlidir. Əksinin olacağı təqdirdə, yenə “Dəmir yumruq” dövriyyəyə girəcək".

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR