Onlayn ictimai-siyasi qəzet
İranda rejim dəyişsə belə, Azərbaycan və Türkiyə Zəngəzuru işğal etmək fikrində deyil
“Sülh və ya müharibə Paşinyandan yox, İrandan asılıdır”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi politoloq Armen Badalyandır.
O qeyd edib ki, İranın güclü qalması Ermənistana sərf edir. “Nə qədər ki, İran güclüdür, Zəngəzurun Türkiyə-Azərbaycan tandemi tərəfindən işğal olunmasına imkan verməyəcək”.
Vaşinqton və Tehran arasında artan gərginlik istər təhlükəsizlik, istərsə də iqtisadi baxımdan İranın qonşuluğundakı Azərbaycana, ümumən də Cənubi Qafqaza ciddi təsir edə bilər.
Sülh və ya müharibə İrandanmı asılıdır? Erməni analitik Azərbaycan və Türkiyənin Zəngəzuru “işğal etmək planı” dedikdə nəyi nəzərdə tutur?
Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan tərəfi ənənəvi siyasətini davam etdirir. Bu siyasət dövlət rəsmiləri tərəfindən, ya siyasi şərhçilər tərəfindən, ya da media təmsilçiləri tərəfindən çatdırılır. Bu dəfə isə Ermənistan tərəfi politoloq Armen Badalyanın simasında yenidən Cənubi Qafqazda, ümumiyyətlə, regionda “suyu bulandırmaq” siyasətini həyata keçirmək yolunda olduğunu nümayiş etdirir: “Qarabağ münaqişəsi hələ mövcud olanda da belə, biz həmişə Ermənistanın kənar qüvvələri prosesə cəlb etmək niyyətinin şahidi olurduq. Ona görə də münaqişə on illərlə uzanırdı. İndi postmünaqişə dövründə İrəvan Ermənistandan başqa hamını bu məsələyə qatır və sülhün digər qüvvələrdən asılı olduğunu dilə gətirir. Hazırda regionda vəziyyət yaxşı deyil, Cənubi Qafqazla qonşu olan İranın İsraillə müharibəsi Ermənistanı yeni uydurmalar, iddialar irəli sürməyə həvəsləndirir. İranla İsrail arasında bu proses başladığı ilk günlər ərzində biz Ermənistanda və Rusiyada bir çox informasiya resurslarında Azərbaycana qarşı intensiv dezinformasiya hücumunun şahidi olduq. Azərbaycanın guya İsrail-İran savaşında bu və ya digər formada iştirak etdiyi təbliğatını apardılar. Badalyanın iddiaları bu dezinformasiyanın davamıdır. Sadəcə, bir qədər fərqli formada aparılır. Nə Azərbaycanın, nə də Türkiyənin heç vaxt Badalyan kimilərinin dediyi niyyəti olmayıb. Azərbaycan açıq səviyyədə dəfələrlə bəyan edib ki, hər hansı bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddiası yoxdur. Ermənistandan verilən açıqlama əslində Zəngəzur dəhlizi məsələsinin həllinə mane olmaq niyyəti ilə ictimai rəyə ötürülən dezinformasiyadır”.
X.Bəşirov hesab edir ki, həmçinin burada Azərbaycanla İranı, İranla Türkiyəni üz-üzə qoymaq məqsədi güdülür: “Ermənilərin bu iddiası cəfəng və absurd iddiadır. Ermənilər onu da gözəl anlayırlar ki, indiki vəziyyətdə İranın bu proseslərə nə vaxtı, nə imkanı var. Belə vəziyyətdə ermənilər qəsdən uydurmalar irəli sürürlər ki, İranı Azərbaycana mümkün qədər qəzəbləndirsinlər. "Zəngəzurun işğalı planı" ifadəsi özü-özlüyündə cəfəngiyyatdır. Azərbaycan Zəngəzuru işğal etmək niyyətində deyil. Azərbaycan Zəngəzurda bütün tərəflərin maraqlarına cavab verəcək, Orta dəhlizin əsas həlqəsi kimi fəaliyyət göstərəcək dəhlizin olmasının tərəfdarıdır. Burada zərrə qədər də həmin ərazinin Ermənistandan qoparılması, işğal edilməsindən söhbət getmir. Ermənistan özü 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizinin açılması üçün imza atıb. Lakin artıq neçə ildir imzasına hörmətsizlik edir və müxtəlif yollarla bu öhdəliyini yerinə yetirməkdən yayınır. İndi isə onsuz da qəzəbli vəziyyətdə olan İranı Azərbaycanla, Türkiyə ilə qarşı-qarşıya qoymağa çalışırlar".
Ekspert vurğuladı ki, Azərbaycan və Türkiyə Ermənistan kimi kəmfürsət dövlət deyil. Azərbaycan və Türkiyə İran-İsrail münaqişəsinin tezliklə sülh yolu həll edilməsinin tərəfdarı olduğunu bəyan edib, bunun üçün çağırış edilib: “Biz ermənilər kimi fürsətcil deyilik ki, qonşu dövlətin üzləşdiyi çətinlikdən sui-istifadə edək. İkincisi, Zəngəzur dəhlizi məsələsi nə İran, nə Türkiyə, nə Ermənistan, nə Azərbaycan məsələsidir. Bu məsələ beynəlxalq bir məsələdir. Azərbaycan heç bir dövlətin ərazisinə iddia etmir, həmçinin qonşu İranda xaos, parçalanma, müharibə istəmir. Hətta İranda rejim dəyişsə belə, bu heç də o demək deyil ki, Azərbaycan və Türkiyə İran-Ermənistan sərhədində dəyişikliyə nail olmaq istəyəcək. İrana təhlükə Azərbaycandan və Türkiyədən deyil, Ermənistandan var. Bu gün Ermənistan ərazisində ABŞ-ın hərbçiləri, Avropa İttifaqının müşahidəçi adı altında kəşfiyyatçıları mövcuddur. Bu qüvvələrin İsrail və ABŞ istəyəndə Ermənistan sərhədindən İrana qarşı istifadə edlməsi tamamilə realdır. Ermənistan xəyanəti özü üçün adi hala çevirən dövlətdir. İstənilən an İrana bu şəkildə xəyanət edər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ