Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un növbəti həmsöhbəti Xalq artistləri Elmira İsmayılova və Vidadi Əliyevdir.
Ömürlərinin 60 ilini İrəvan Dövlət Azərbaycan Dram Teatrına həsr edən aktyor cütlüyünün bu il 80 illikləridir.
- Vidadi bəy, bu ay bir sıra incəsənət xadimi təltif olundu. Siyahıda nə sizin, nə də Elmira xanımın adına rast gəldim. Hətta bununla bağlı sosial şəbəkələrdə də ciddi tənqidi fikirlər səsləndirildi. Bildirildi ki, köçkünlük illərində belə İrəvan teatrını yaşadan Vidadi müəllim və Elmira xanıma layiqincə qiymət verilmir, Mədəniyyət Nazirliyi İrəvan Teatrını görməzdən gəlir. Bu cür fikirlər səsləndirilir...
- İrəvanda da qərib olduq, burada da. Biz o teatrın tək aktyoru deyil, həm də fəhləsi olmuşuq. Çox əziyyət çəkmişik. Ən ağır vəziyyətdə teatrı yaşatdıq. Köçkünlük düşəndən sonra burada teatrı zülmlə bərpa etdik. Görünür, əbəs imiş. Mədəniyyət Nazirliyinə təqdimat olunub, yəqin məsləhət və ya layiq bilməyiblər. İrəvan Teatrından iki nəfər: bir aktrisa, bir də baş rejissor 500 manatlıq mükafat alır. Əvvəllər ümumiyyətlə, teatrın heyəti yada düşmürdü, son vaxtlar bir az diqqət var.
Teatrın təmiri bitib, amma hələ açılış olmayıb. Hazırda teatrın aktyorları meyvə mağazasını kirayə götürüb orada məşq edirlər. Binaya hələ girişə icazə yoxdur. Tamaşalar ayrı-ayrı teatrlarda, rayonlarda göstərilir. Harada imkan olsa, orada nümayiş etdirilir. Tamaşaçı heç bilmir ki, tamaşa harada göstəriləcək. Çox adam heç binanın yerini bilmir. Çünki daimi bir yer yoxdur, heyət gah orada, gah da burada olur.
- Vidadi bəy, insanlara niyə vaxtında qiymət verilmir?
- Həm Elmira, həm də mən İrəvan Teatrı uğrunda çox əziyyət çəkmişik. Bazardakı köhnə yeşiklərdən, oturacaqlardan dekorasiya düzəldirdim ki, teatr yaşasın. Bunu çox adam görüb. Bakıya gələndən sonra 5 il teatrı dövlətdən bir qəpik almadan yaşatmışıq. Bu zülmlərdən sonra daha heç nə istəmirəm. Nə istəyəsən, nə deyəsən. İndi bunlara kim qiymət verəcək. Görünür daha vacib işlər və kollektivlər var. Onlara daha çox diqqət ayırırlar, nəyinki İrəvan Teatrına. Bir Allah bilir ki, biz Azərbaycanda o teatrı nə zülmlə bərpa etdik. Həmin vaxt Azərbaycanda teatr qəhətliyi deyildi. Sadəcə olaraq İrəvanın yeganə mədəniyyət ocağı kimi yaşatmaq istəyirdik.
Elmira İsmayılova da gileylənir: - Çox işləyənə qiymət verilmir ki. Kimin yaxını, sözünü deyən varsa, onu görürlər. Bu, yenilik deyil. O vaxt biz vaxtında başımızın çarəsini qılsaydıq, ən azından televiziyada bir veriliş aparsaydıq, indi pulum pul, hörmətim də hörmət olacaqdı. Amma biz bunu etmədik, teatrı yaşatdıq. Qərbi Azərbaycana qayıdışdan danışırlar, amma İrəvan Teatrını diqqətdə saxlamırlar. Bu teatra dövlət statusunun verilməsi üçün günlərlə, saatlarla Nazirlər Kabinetinin qarşısında dayandıq. Biz belə əziyyətlər çəkmişik.
Qeyd edək ki, Vidadi Əliyev və Elmira İsmayılova teleaparıcı Elçin Əlibəylinin, mərhum televiziya prodüseri, rejissor Oktay Əliyevin valideynləridirlər.
Şahanə Rəhimli,
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ