İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan erməni diasporuna qarşı: blef, yoxsa?

 

 

Frank Papazyanın Ermənistana girişinə qadağa qoyulmasının ilginc səbəbləri

Erməni diasporunun Fransadakı məşhur siması Frank Papazyanın Ermənistana girişinə qadağa qoyulub. Bu qadağa Paşinyan hakimiyyəti tərəfindən tətbiq edilib. Beləliklə, Papazyanın İrəvan hava limanından Ermənistana daxil olmasına icazə verilməyib.(Bakı-xeber.com)

Burada diqqəti çəkən məqam odur ki, F.Papazyan sıradan diaspor təmsilçisi deyil. Papazyan Avropada Ermənistanın və “artsax”ın maraqlarını qətiyyətlə müdafiə etməsi ilə seçilir. Eyni zamanda o, Fransa və “artsax”ın “parlamentlərarası dostluq qrupu”nun başında dayanan şəxsdir. Papazyanın Türkiyə və Azərbaycana, eləcə də artıq Ermənistana daxil olması qəti qadağandır. Papazyan həm də Avropada Türkiyə-Azərbaycan lobbisinə qarşı qarayaxma kampaniyası aparması ilə tanınır. O, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasının qəti əleyhinə olan personadır.

O da məlumdur ki, Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin normallaşmasına qarşı olan əsas qüvvələrdən biri də xaricdəki erməni diasporudur. Azərbaycan ərazilərinin uzun illər işğal altında qalmasının səbəblərindən biri də diasporun sözügedən məsələdə tutduğu destruktiv mövqe idi. Dəfələrlə qeyd olunub ki, erməni diasporu məsələlərin həll olunmasını istəmir. Azərbaycan Ordusunun Vətən müharibəsində işğal altında olan əraziləri azad etməsindən sonra xaricdəki bir sıra diaspor qrupları Paşinyana qarşı açıq fəaliyyət göstərir.

Bütün bunların fonunda, aparıcı diaspor təmsilçisi F.Papazyanın İrəvana buraxılmaması nəyə hesablanıb? Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərə qarşı çıxan diasporaya müharibə elan edir, yoxsa? Erməni lobbisi Paşinyan hakimiyyətinə hansı təhlükələr yarada bilər? Mümkündür ki, Papazyanın həm də Xankəndinə gedəcəyini bildiyindən bu səfər əngəlləndi?

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, erməni diasporu Türkiyə-Ermənistan münasibətlərinin, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasının qəti əleyhinədir: “”Artsax məsələsi", Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları bütün dünyadakı erməni diasporası və lobbisinin fəaliyyətinin nüvəsində durur. Onlar dünya ermənilərini məhz bu cür absurd “ideyaları” ətrafında uzun illərdir toplamağa çalışırlar, bunun hesabına milyardlarla dollar vəsaitlər toplayıblar. Bütün dünyadakı ermənilər diaspor adlı böyük bir mafiya tərəfindən istismar olunub. Frank Papazyan da məhz həmin mafiyanın əsas fiqurlarındandır. Diaspor və lobbi adlı mafiya daim Ermənistanda olan hakimiyyətlərə təsir ediblər, onları hətta yönləndiriblər. Ermənistanda hakimiyyətdə olan qüvvələr həmişə onlara itaət göstəriblər. Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu vəziyyət bir qədər fərqli-lobbinin xoşuna gəlməyən istiqamətə yön almağa başladı. Paşinyan diasporadan və lobbidən gələn əmrləri qulaqardına vurmağa başladı və özünü müstəqil şəxs kimi göstərməyə çalışdı. Bütün bunlar diaspora ilə Paşinyan arasında soyuq münasibətlər yaratdı. Papazyan Paşinyana mənfi münasibəti olan şəxslərdəndir. Onun Ermənistana girişinə qadağa qoyulmasına göstəriş Paşinyandan gəlib. Yəni Paşinyan Papazyanı Ermənistana sülhə qarşı olan diaspora, lobbi təmsilçisi olduğu üçün deyil, məhz Paşinyana qarşı olduğu üçün buraxmayıb. Paşinyan şəxsi münasibətə görə bu addımı atıb. Eyni zamanda Paşinyanın bu davranışı erməni diasporasına və lobbisinə qarşı formalaşmış mənfi münasibətin ifadəsidir".

Ekspertin sözlərinə görə, Nikol Paşinyan dəqiq bilir ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlər qurması labüddür, o, bunu istəməsə belə, onu bu addıma məcbur edəcəklər: “Paşinyan onun da fərqindədir ki, 44 günlük müharibənin nəticələri dünyadakı erməni diasporasının qeyd etdiyimiz ideologiyasını dağıdıb, mif dağılıb, nəticədə lobbi də sarsılıb, dağılmaqdadır. Ona görə də erməni baş nazir artıq həmin mafiyadan çox da çəkinmir və artıq onların tanınmış təmsilçilərini Ermənistana buraxmır. Azərbaycanın 44 günlük müharibədə və ondan sonrakı diplomatik müharibədə vurduğu zərbələrin nəticələri bu şəkildə də özünü göstərməkdədir. Erməni diasporunun, lobbisinin Ermənistana yolu bağlanır. Rusiyaya da Avropa və Amerikadakı erməni lobbisi və diasporunun Ermənistanda, ermənilərin yaşadığı Azərbaycan ərazilərində görünməsi, fəaliyyəti artıq lazım deyil. Baş verənlərdə bu amilin də rolu var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR