Onlayn ictimai-siyasi qəzet
İraq hakimiyyəti İslam Respublikası ilə ikitərəfli münasibətləri möhkəmləndirmək məqsədilə İrana qarşı yönəlmiş silahlı qruplaşmaların ölkə ərazisində – xüsusilə Kürdüstan bölgəsində fəaliyyətini rəsmi şəkildə qadağan edib.
Musavat.com xəbər verir ki, bu barədə “Mehr” portalı məlumat yayıb.
İraqın milli təhlükəsizlik üzrə müşaviri tərəfindən hazırlanmış və baş nazirin administrasiyası tərəfindən təsdiqlənmiş əmrdə bu qrupların hərbi, siyasi və media fəaliyyətlərinin tamamilə dayandırılması nəzərdə tutulur. Sənədlər İraqın “Əl-Maəluma” informasiya agentliyi tərəfindən dərc olunub.
Əmrdə aşağıdakı tədbirlər nəzərdə tutulur:
• Bu qruplaşmaların ofislərinin bağlanması;
• Onların fəaliyyətinin bütün formalarının – o cümlədən hərbi, siyasi və informasiya sahəsində qadağan edilməsi;
• İraq təhlükəsizlik və hərbi orqanlarına, eləcə də Kürdüstan regional hökumətinə və sərhəd idarələrinə göstəriş verilir ki, bu qadağaların tam şəkildə icrasını təmin etsinlər.
Xüsusi vurğulanır ki, sərhəd nəzarəti xüsusilə bu qrupların əvvəllər istifadə etdiyi dağlıq ərazilərdə gücləndiriləcək. Əmr Bağdadla Ərbil arasında təhlükəsizlik sahəsində koordinasiyanın artırılmasını və qərarın tam icrasına nəzarətin təmin olunmasını da tələb edir.
İraq mətbuatının yazdığına görə, bu qərar ölkənin milli təhlükəsizliyini qorumaq, regional gərginliyin artmasının qarşısını almaq və İranla əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Qərar 2023-cü ildə İranın o zamankı ali təhlükəsizlik rəsmisi Əli Şəmxani ilə İraq baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasım əl-Əracinin imzaladığı birgə təhlükəsizlik razılaşmasının davamı olaraq qəbul edilib.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ