İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı ekspertdən NÜVƏ AÇIQLAMASI - 2025-də kritik qərar VERİLƏCƏK...

İran yalnız nüvə silahı yaratmaq qərarına gəldiyi təqdirdə Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən (NPT) çıxa bilər, hazırda isə bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib.

Musavat.com xəbər verir ki, bunu TASS-a verdiyi müsahibədə iranlı politoloq Mehdi Seyf Təbrizi deyib.

"NPT-dən çıxmaq milli təhlükəsizliyi gücləndirməz"

"Əgər İran nüvə silahından imtina siyasətini davam etdirmək niyyətindədirsə, çox güman ki, NPT-dən çıxmayacaq. Çünki bu addım İrana ciddi iqtisadi və siyasi xərclər gətirəcək, onun milli təhlükəsizliyini gücləndirməyəcək. NPT-dən çıxmaq İranın Rusiya və Çin kimi müttəfiqləri ilə münasibətlərinə də zərər vura bilər", – deyə ekspert bildirib.

Bununla belə, politoloqun fikrincə, əgər hakim elita və İranın ekspert dairələrinin əhəmiyyətli bir hissəsi nüvə silahı yaratmaq qərarına gəlsə, NPT-dən çıxmaq məntiqli və əsaslandırılmış addım olacaq.

Ekspert əlavə edib ki, "İran indiyədək nüvə silahı yaratmaq üçün heç bir cəhd göstərməyib və Qərb rəsmilərinin bu barədə bütün bəyanatları sadəcə İslam Respublikasına qarşı ittihamlardır. Bunlar Tehran əleyhinə qərarlar qəbul etmək üçün bəhanə yaratmağa yönəlib".

“Snapback” mexanizmi və Qərbin təzyiqləri

"Qərbin belə tədbirlərindən biri də “snapback” mexanizminin işə salınmasıdır. Böyük ehtimalla, Qərb ölkələri 2025-ci ilin oktyabrında bu mexanizmi aktivləşdirərək BMT sanksiyalarını avtomatik olaraq bərpa edəcək və İrana maksimum təzyiq göstərəcək. ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb bu mexanizmi İranın xoş niyyətini nəzərə almadan işə salacaq", – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, əgər “snapback” mexanizmi işə düşsə, İran etmədiyi bir şeyə görə cəza alacaq. "Əgər İranın bir bədəl ödəməsi lazım gələcəksə, o zaman bu bədəl nüvə silahı hazırlamaq üçün sərf edilməlidir ki, ölkənin təhlükəsizliyi təmin olunsun", – deyə iranlı ekspert əlavə edib.

İranın NPT-dən mümkün çıxışı

2025-ci ilin oktyabrında – İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFB) imzalanmasının 10-cu ildönümündə – Qərb ölkələri “snapback” mexanizmini işə sala bilər. Bu, BMT Təhlükəsizlik Şurasının Tehran əleyhinə sanksiyalarının bərpasını nəzərdə tutur. İran isə daha əvvəl Avropanı xəbərdar edib ki, bu mexanizmin tətbiqi halında NPT-dən çıxa bilər.

BHFB 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi beş üzvü və Almaniya tərəfindən İranla imzalanıb. Sazişin məqsədi Tehran ətrafında nüvə böhranını həll etmək idi. Lakin 2018-ci ildə Donald Tramp ABŞ-ın ilk prezidentlik dönəmində bu sazişdən çıxaraq, nüvə razılaşmasına əsasən ləğv edilmiş bütün anti-İran sanksiyalarını bərpa edib.

Buna cavab olaraq, İran parlamenti 2020-ci ildə "Sanksiyaların ləğvi və İran xalqının maraqlarının qorunması üçün strateji tədbirlər haqqında" qanun qəbul edib. Bu qanuna əsasən, İran nüvə sazişi üzrə öhdəliklərinin bir hissəsini dayandırıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nəzarət tədbirlərini məhdudlaşdırıb.

Qeyd edək ki, 2003-cü ildən bəri İranın ali lideri Ayətullah Əli Xamanei tərəfindən verilmiş fətvaya əsasən, nüvə silahı istehsalı İslamla ziddiyyət təşkil etdiyi üçün qadağan edilib. İranın Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Tehran kütləvi qırğın silahlarının hazırlanmasından imtina siyasətinə sadiqdir.

Bununla belə, 2024-cü ildə İsraillə gərginliyin artması və Yaxın Şərqdə genişmiqyaslı hərbi eskalasiya riskinin yüksəlməsi fonunda bir sıra iranlı siyasətçilər və parlament üzvləri fətvanın ləğv edilməsinə və İsrail təhlükəsindən qorunmaq üçün nüvə silahı hazırlamağa çağırıblar. Onların narahatlığı Donald Trampın yenidən ABŞ prezidentliyinə qayıtması ilə daha da güclənib, çünki Tramp əvvəllər İranın nüvə proqramı ətrafındakı böhranı hərbi güc tətbiq etməklə həll etməyi istisna etməmişdi.

NPT-nin tarixi və istisnalar

NPT 55 il əvvəl – 5 mart 1970-ci ildə qüvvəyə minib və hazırda əksər müstəqil dövlətlər tərəfindən ratifikasiya edilib. Lakin İsrail, Hindistan, Şimali Koreya və Pakistan bu müqavilənin iştirakçısı deyillər.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR