Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili çərşənbə günü Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, forumun bəyanatında İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsinin predmeti olan Fars körfəzindəki üç adanın mülkiyyət məsələsi qeyd edildiyi üçün müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib.
Məlumata görə, sessiyada iştirak edən Rusiya və ərəb ölkələrinin xarici işlər nazirləri Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyib.
Nazirliyin bəyanatında qeyd olunur ki, rus diplomata dövlətlərarası münasibətlər sistemində əsas prinsiplər olan suverenlik və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini xatırladılıb. Xarici İşlər Nazirliyi İranın Fars körfəzindəki üç ada üzərində daimi suverenliyini təsdiqləyib və vurğulayıb ki, İran hökuməti bununla bağlı hər hansı iddianı qəbuledilməz hesab edir.
Rusiya səfirliyindən verilən məlumata görə, Tehrandakı diplomatik nümayəndəliyin rəhbəri Aleksey Dedov hazırda ölkədən kənardadır. Səfirin vəzifələrini İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılan nazir-müşaviri Rafael Gevorqyan yerinə yetirir.
Qeyd edək ki, iyulun 12-də İran Xarici İşlər Nazirliyi səfir Dedova oxşar etirazını bildirib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ