İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Zəngəzurda hərbi baza niyyəti - SENSASİON BİLGİLƏR

“Ya Fatimeyi-Zəhra” kod adı ilə Ermənistanla birgə keçirilmiş təlimlərin tək hədəfi var - ekspertlər açıqladılar

“Ermənistan-İran sərhədində ilk dəfə olaraq iki ölkənin xüsusi təyinatlılarının birgə təlimləri təkcə hərbi əməkdaşlıqda yeni addım deyil, həm də qonşulara bir siqnal idi. Ermənistan müttəfiqləri haqda yenidən götür-qoy edir, İran isə "qırmızı xətlər" çəkir". Musavat.com xəbər verir ki, bu barədə Novayagazeta.eu- nun təlimlərlə bağlı geniş məqaləsində deyilir.

Bildirilir ki, təlimlər Rusiya sərhədçilərinin yanvarın 1-də tərk etdikləri 44 kilometrlik ərazidə keçirilib. Hər iki ölkə öz sərhədində təlim keçib, yəni əslində birgə təlimin statusuna uyğun deyil. “İranla sərhəd qısadır, lakin Ermənistan üçün strateji əhəmiyyət kəsb edir, xüsusən Türkiyə və Azərbaycanla sərhədlərin faktiki olaraq bağlı qaldığını nəzərə alsaq. Bu şəraitdə Ermənistan alternativlər axtarır. İranla əvvəllər müdafiə sahəsində əməkdaşlıq yalnız nümayəndə heyətlərinin səfərləri, təcrübə mübadiləsi və qapalı məsləhətləşmələrlə məhdudlaşırdı”.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini general Vəliolla Mədəni də öz növbəsində qeyd edib ki, manevrlər regionda davamlı sülhün bərqərar olması maraqları naminə keçirilir: “Birgə təlimlərin keçirilməsində əsas məqsəd sərhəd təhlükəsizliyini gücləndirməkdir”. O, iki ölkə arasındakı sərhəd bölgələrinin həssaslığının nəzərə alınmaqla strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Sayt yazır ki, Ermənistan və İranın birgə təlimləri rəsmi Bakının “Zəngəzur dəhlizi” layihəsi ilə bağlı müzakirə dalğası fonunda baş tutub. “Azərbaycan Ermənistanın Sünik rayonundan keçməklə Naxçıvana maneəsiz quru yolu açılmasını tələb edir. İrəvanda bu, suverenliyi təhdid edən ekstraterritorial tranzit tətbiq etmək cəhdi kimi qiymətləndirilir. Tehran müntəzəm olaraq vurğulayır ki, Cənubi Qafqazda sərhədlərdə istənilən dəyişiklik İran üçün "qırmızı xətt"dir.

“Düşünürəm ki, biz Azərbaycanın Ermənistan ərazisini işğal edə bilməyəcəyini başa düşmək üçün çox şey edə bilərik”. Bunu ekspert Ehsan Mohavedian “Ermənistan xəbərləri” - NEWS.am saytının “Güc faktoru” proqramına müsahibəsində Azərbaycanın Ermənistan ərazisini işğal edəcəyi təqdirdə İranın ərazidə konkret hansı addımlar atacağı sualını cavablandırarkən deyib. İranlı ekspert davam edir: “İlk növbədə, Sünikdə müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək lazımdır. Əgər Ermənistan hökuməti iranlıların bu bölgədə daha fəal olmasına, orada fabrik və zavodlar tikməsinə, təhsil əlaqələrinin genişləndirilməsinə, ticarət, turizm və mədəni təşəbbüslər üçün Sünikə daha çox iranlının səfər etməsinə köməklik göstərsə, o zaman Azərbaycan və Türkiyənin Süniki işğal etmək şansı olmayacaq. Beləliklə, Ermənistan İranın şimalına səfərlərini Sünik vasitəsilə yaxşılaşdırmağa üstünlük verəcək. Bu, Sünikə və ümumiyyətlə, Ermənistana təhlükəsizlik və rifah gətirəcək. Bundan əlavə, Sünikdə İranın hərbi bazası da yaradıla bilər və bununla bizim mütəxəssislər Ermənistan tərəfinə Sünikin təhlükəsizliyini qoruyub saxlamağa kömək edə bilər”, - deyə Mohavedyan yekunlaşdırıb. Erməni təhlükəsizlik üzrə ekspert David Arutyunov isə bu təlimlərin Azərbaycana qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, təlimlər “müəyyən çəkindirici rol” oynayacaq.

Onu da deyək ki, İran-Ermənistan birgə hərbi təlimi “Ya Fatimeyi-Zəhra” kod adı ilə keçirilib.  İlahiyyatçı Turan İrfan deyib ki, Peyğəmbər Əhli-beytini fars rejimi qədər təhqir və istismar edən ikinci beləsi tarixdə olmayıb.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

 Ramil Məmmədli

Mövzuya gəldikdə, hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, təlimlərin yeganə məqsədi Zəngəzur dəhlizidir. Onun fikrincə, Tehran dəhlizin açılması ilə barışmayacağını nümayiş etdirir və “əzələ” göstərir: “Azərbaycan və İran rəsmilərinin Araz dəhlizinə birgə baxış keçirməsi ilə sinxron şəkildə hərbi təlimlərin başlaması o deməkdir ki, dini rejim müqaviməti davam etdirir. Xüsusən SEPAH bu təlimlərlə Azərbaycana mesaj verir. Görünür ki, hökumətlə dini rejimin baxışları kəskin fərqlənir. Sadəcə, İran Zəngəzur dəhlizinin açılmaması üçün hər bir addımı atmağa hazır olduğunu növbəti dəfə ortaya qoydu”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə əmindir ki, İran-Ermənistan hərbi təlimləri birbaşa Azərbaycana qarşıdır. Zəngəzura “hücum” edən “terrorçulara” qarşı şərti adla keçirilən təlimlərlə Bakıya mesaj verildiyini bildirən partiya funksioneri hesab edir ki, Tehran rejimi beş ildir bu mövqeyini dəyişmir: “İran Zəngəzur dəhlizinin reallaşmasına qarşıdır və 5 ildir ki, bu istiqamətdə addımlar atır.

İran rəsmilərinin Azərbaycana mütəmadi səfərləri və bu ölkənin prezidentinin gözlənilən səfəri fonunda Ermənistanla hərbi təlimlərin keçirilməsi indidən səfərin Tehranda mühafizəkarlar tərəfindən sabotaj edilməsidir. İranın mühafizəkar dairəsi prezident Pezeşkianın Azərbaycanla normal siyasət qurmasına qarşıdır".

M.Əsədullazadənin fikrincə, bir tərəfdən İranın mötədil Prezident Administrasiyasının rəsmiləri İran ərazisindən keçəcək yolun inşası ilə bağlı Azərbaycanla birlikdə Zəngəzurun cənub hissəsinə birgə baxış keçirir, digər tərəfdən isə mühafizəkar kəsimə tabe olan SEPAH Ermənistanla təlimlər keçirir: “Bu, onu göstərir ki, İranda Azərbaycana qarşı ikitirəlik siyasət var. Belə olan təqdirdə prezident Pezeşkianın Azərbaycan səfəri ikitərəfli münasibətlərin inkişafına gətirib çıxarmayacaq. Buna baxmayaraq, iki ölkə arasında ortaq layihələrin həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlər əldə ediləcək. Çünki İran artan sanksiyalar fonunda Azərbaycanla ortaq layihələrin inkişafına ehtiyac duyur”.

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov isə bu qənaətdədir ki, bölgə yeni mərhələyə qədəm qoya bilər. Politoloq hesab edir ki, ABŞ-ın Yəməndə həyata keçirdiyi hərbi tədbirlər fonunda İranın diqqəti daha çox Qərbə və Yaxın Şərqə yönəlməli idi: “Yəni məntiqli olanı bu idi. Ancaq İran məhz şimalda, Araz çayında, Zəngəzur yaxınlığında ordusu olmayan bir dövlətlə hərbi təlimlər keçirir. Birgə təlimlərin məqsədi məhz İranın Azərbaycana xəbərdarlığıdır. Bunu başqa cür təhlil etmək mümkün deyil. İlin-günün bu vaxtında İranın daha həssas və kritik məsələlər durarkən diqqətini cılız Ermənistana verməsi anlaşılan deyil və İran ordusuna heç bir perspektiv vəd etmir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR