Onlayn ictimai-siyasi qəzet
Polkovnik: “Bu gün dünyada nüvə silahından güclü və təhlükəli silah yoxdur”
“İranın nüvə silahından da güclü gizli silahı var”. Belə bir sensasion açıqlamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rüstəmi yerli mediaya açıqlamasında İsrailin İrana zərbə endirmək təhdidləri fonunda ölkədə adi hərbi doktrinaya yenidən baxmaq çağırışlarını şərh edərkən verib.
“Bizim nüvə silahından əhəmiyyətli dərəcədə üstün olan silahlarımız var” bildirən general qeyd edib ki, bu silahla bağlı məlumat tam məxfidir.
Bəyanat İranda hərbi doktrina, xüsusən də qeyri-nüvə sferasına yenidən baxılması ilə bağlı fəal müzakirələr fonunda verilib. Generalın sözlərinə görə, bu cür silahların olması İrana öz müdafiə qabiliyyətini və xarici təhdidlərdən qorunmasını təmin etmək üçün nüvə texnologiyasından asılı olmamağa imkan verir.
Bu bəyanatlar İran və İsrail arasında gərginliyin artması, eləcə də beynəlxalq ictimaiyyətdə hərbi münaqişənin mümkünlüyü ilə bağlı müzakirələr zamanı səslənib. Son həftələr İsrail rəsmiləri İrandan milli təhlükəsizliklərinə təhlükənin artdığına inandıqları təqdirdə İran hədəflərini vurmağa hazır olduqlarını dəfələrlə bildiriblər.
Doğrudanmı İran belə bir silaha malikdir və ondan ABŞ və İsrail xəbərsizdir? Yoxsa, sadəcə, düşmən cəbhəsində xof yaratmaq naminə düşünülmüş gedişdir?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Yaxın Şərqdə hərbi, siyasi gərginliyin pik həddinə çatması İran ətrafında həlqənin daralması prosesinin tərkib hissəsidir. İran cəbhə xəttinin özündən mümkün qədər uzaqda qalması üçün müxtəlif manevrlər edir. İsrailə raket zərbələri endirsə də İsrailin hava hücumundan müdafiə sistemləri həmin raketlərin 90 faizinin hədəfə çatmasının qarşısını aldı. SEPAH-ın İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rüstəminin yerli mediaya verdiyi açıqlama blefdir və xof yaratmağa hesablanıb: “İranın İbrahim Rüstəminin dediyi kimi silahları olsaydı SEPAH-ın keçmiş generalı belə bir açıqlama verməzdi.
ABŞ bugünlərdə yenə də bəyan etdi ki, İran-İsrail savaşında İsrailin yanında olmaqda davam edəcəklər. Bu o deməkdir ki, İranla İsrail arasında hərbi toqquşma, müharibə olarsa ABŞ bu müharibəyə qarışacaq və İranın ərazisinə, strateji obyektlərinə sarsıdıcı zərbələr endirəcək. Əgər ABŞ bu müharibəyə qarışacaqsa Böyük Britaniyanın da qoşulması qaçılmaz olacaq. SEPAH-ın keçmiş generalı və digər onun kimi şəxslər başlarının üstünü bu təhlükənin aldığının fərqindədirlər və qorxunun təsiri altında qeyri-real, blef məqsədi güdən açıqlamalar verirlər. İsrail kəşfiyyatı, həmçinin Böyük Britaniya kəşfiyyatı dünyada ən güclü kəşfiyyatlardandır. Əgər İranın arsenalında İbrahim Rüstəminin dediyi kimi qorxunc silah olsaydı təbii ki, İsrail və Böyük Britaniya kəşfiyyatı, eləcə də Amerika məlumatlı olardı. Məsələnin digər tərəfi odur ki, bu gün dünyada nüvə silahından güclü və təhlükəli silah yoxdur. Yəni dünyada hərbi sənayesinə görə ən qüdrətli olan dövlətlərin belə nüvə silahından güclü, təhlükəli silahı mövcud deyil. Təbii ki, İranın da o cür silaha malik olması ehtimalı sıfıra yaxındır. Ola bilər ki, İranın güclü kimyəvi silahları var. Amma kimyəvi silahlar da nüvə silahı qədər böyük miqyaslı öldürücü gücə malik deyil".
Ekspert qeyd etdi ki, SEPAH generalının o cür açıqlama verməsi əslində İranın özünün xeyrinə deyil: “Birincisi, İsrail, ABŞ, Britaniya bu cür açıqlamalardan qorxuya düşəsi deyillər. Çünki onların kəşfiyyatlarına İranın əslində hansı silahlara malik olduğu haqda informasiyalar şübhəsiz çoxdan var. İkincisi, hətta nəzəri cəhətdən hesab etsək ki, İbrahim Rüstəminin dediyi silah mövcuddur, onda belə çıxır ki, general hərbi sirri yayıb və İranın düşmənlərini hərəkətə gətirib. SEPAH-ın keçmiş generalının məxfi məlumatı yaymağa ixtiyarı yoxdur. Əslində İranın xüsusi xidmət orqanları məxfi məlumatı yaydığı üçün genarlı məsuliyyətə cəlb etməli idi. Əgər bunu etmirlərsə, deməli, məxfi məlumat kimi təqdim edilən məlumatda deyilənlər həqiqəti əks etdirmir, bu açıqlama sadəcə blefdir və İbrahim Rüstəmi SEPAH-ın göstərişi ilə belə bir açıqlama verib. Bu isə onun göstəricisidir ki, İranın əlacı bu cür blefləri etməyə qalıb”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ