Onlayn ictimai-siyasi qəzet
Qəribə paralellik var: Gürcüstanda müxalifət seçkini uduzdu, meydanlarda da əlinə çətin ki, daha nəsə keçə. Qondarma “Abxaziya respublikasında” isə müxalifət “prezidenti” istefaya məcbur edə bildi. Gürcüstan hakimiyyəti neçə vaxtdır onlara asi olan prezident Zurabişvilini istefaya göndərə bilmir, qondarma respublikada isə artıq ikinci dəfədir ardarda “prezidenti” səlahiyyət müddəti başa çatmamış qovurlar.
Vaxtilə Acariyada Azərbaycanda hərbi xidmət keçmiş gürcü ilə torpaqlarımızdakı işğalla bağlı dərdləşəndə o demişdi ki, kaxetlilər, svanlar, minqrellər, acarlar özlərini gürcü hesab edirlər, amma çərkəzlərlə qohum olan abxazlar heç vaxt...Sovet dövründə uzun illər gürcülərlə bir bayraq altında yaşayıblar, lakin özlərini gürcü hesab etməyiblər. Ona görə Gürcüstan onlara müstəqillikdən sonra nəzarəti artırmaq, məsələn, gürcü dili öyrətmək istəyəndə müqavimət göstəriblər, gürcülərin bu vilayətdə hakim postlara oturmasına qarşı çıxıblar və nəticədə iki xalq arasında düşmənçiliyə, silahlı konfliktə səbəb olub. Açığı bu mövzuya diqqətim Qarabağda işğala son qoyandan sonra Gürcüstanın xüsusilə Abxaziya məsələsində siyasətinə bir az da azarkeşlikdən irəli gəlir.
Görək, “Gürcü Arzusu” ərazi bütövlüyünü hansı addımlarla bərpa edə biləcək, ümumiyyətlə bunu istəyirlərmi və sairə...
Gürcüstan hakimiyyəti haqda kənar müşahidələrimə əsasən həmişə müsbət fikirlər yazmışam. Amma bəzi açıqlamaları bunun heç də tam belə olmadığını göstərir. Məsələn, hakim partiyanın sədr müavinin səsləndirdiyi mövqeyə heyrət etməmək mümkün deyil. Sitata diqqət edək: “Bu yükü öz üzərimizə götürsək, öhdəsindən gələ bilməyəcəyik. Gürcüstan Abxaziyanı öz ərazisinin bir hissəsi hesab edir, lakin indi onun reinteqrasiyası ilə bağlı danışıqlara hazır deyil. Məni düzgün başa düşün - bəli, Abxaziya de-yure Gürcüstanın bir hissəsidir, amma de-yure belə qalsın. Bizə de-fakto lazım deyil”. Erməni işğalı dövründə
Azərbaycanda nəinki partiya funksioneri, hətta adi vətəndaş Qarabağ haqda buna yaxın fikirlər desəydi, həngamə qopardı...
Anlaşılan budur ki, son zamanlar “Abxaziya Gürcüstana qaytarılmalıdır” fikirləri onları qorxudub. Ona görə də Abxaziyada “hakimiyyətə” indi əsas namizəd olan Adqur Ardzinba Gürcüstanla barışıq şərtləri təəccübləndirmir. “Gürcüstan və qismən tanınan Abxaziya arasında münasibətləri normallaşdırmaq üçün ilk addım Gürcüstanın “işğal olunmuş ərazilər haqqında qanunu”nun ləğvidir. Barışıq yolunda son addım Gürcüstan tərəfinin “tarixi və faktiki reallığı” – Abxaziyanın müstəqilliyini tanıması olacaq. Barışıq və münasibətlərin normallaşması istiqamətində istənilən addımlar bu sadə addımdan – tarixi və faktiki reallığın tanınmasından başlamalıdır”, - deyə separatçı lider vurğulayıb. Gələcək “prezident”ə görə “işğal olunmuş ərazilər haqda qanun” Abxaziyaya xarici sərmayə, xarici iqtisadi əlaqələr və biznesin normal fəaliyyəti üçün çətinliklər yaradır.
Qondarma “respublika” beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və hamı başa düşür ki, yalnız Rusiyanın sayəsində Abxaziya ərazisi müəyyən “müstəqilliyini” qoruyub saxlayır. Ona görə yeni “hakimiyyətin” də Moskva ilə münasibətlər qurmaqdan başqa variantı qalmır.
İndi başı daha ciddi problemlərə qarışan Rusiyaya necə, Abxaziya lazımdırmı?
Bu məsələdə əsas kəsişən və kəsişməyən nöqtələrdə var. Gürcüstan Qərbdən “əlini üzəndən” sonra Rusiyaya münasibətlərin necə tənzimlənməsi çox vacibdir. 2008-ci il avqustun 8-də Rusiya Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyi”ni tanıdıqdan sonra Gürcüstan hər iki bölgəni “Rusiyanın işğal etdiyi ərazilər” hesab edir. Bundan sonra isə Gürcüstan parlamenti Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə səs verib. Əgər Rusiya bu müstəqillik sənədini “geri oxusa” o halda Gürcüstanın da məlum sənədini ləğv etməsi gündəmə gələ bilər. Rusiya o əraziləri həm də ona görə nəzarətinə almışdı ki, xüsusilə Gürcüstanın bundan əvvəlki hökuməti ciddi cəhdlə NATO-ya üzv olmaq yolunda irəliləyirdi və Rusiya sərhədlərini bu yolla “boz zonaya” çevirməkdə maraqlı oldu. Yəni böyük ölçüdə bu problemin həlli Tiflislə Moskva arasında münasibətlərin necə tənzimlənməsindən asılı olacaq. Amma o da aydındır ki, indilikdə nə Moskva Tiflisi bağrına basmağa, nə Tiflis Rusiya ilə arasındakı ciddi məsafəni “qət etməyə” hazırdır.
Azərbaycanın da dostu olan politoloq Markovun tez-tələsik açıqladığı “realist plan”ı diqqət çəkir. Onun fikrincə, Gürcüstan Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra Tiflis “Abxaziyanın müstəqilliyini tanıyacaq”. Aİİ çərçivəsində isə Cənubi Qafqaz iqtisadi klasteri formalaşacaq. Və bundan sonra iki ölkənin tədricən sülh yolu ilə reinteqrasiyası baş verə bilər.
Rusiya hazırda tektonik plitələri dəyişən dünyanın “episentrdə”dir. Ukrayna müharibəsi səbəbindən NATO və ABŞ-la münasibətlər qırılma nöqtəsi həddindədir. Rusiyanın bu “zəlzələdən” necə qurtaracağını heç kim proqnozlaşdıra bilmir. Təkcə Gürcüstanın deyil, ümumiyyətlə, bizim bölgədə çox şey bu “tektonik təkanlar” bitdikdən sonra məlum olacaq.
Unutmayaq ki, Azərbaycana Qərbdən artan hücumların əsas səbəblərindən biri də Bakı-Moskva münasibətlərinə olan reaksiyadır.
“Zəlzələnin yeni təkanları” isə deyəsən, hələ indi başlayır...
Nazim SABİROĞLU,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ