Onlayn ictimai-siyasi qəzet
Türkiyə Suriyanın şimalında hərbi əməliyyata hazırlaşır. Qərb mediası noyabrın 8-də prezident Ərdoğanın jurnalistlərlə söhbətində “Trampın prezidentliyi Yaxın Şərqdə hərbi və siyasi şərtlərə təsir edəcək, ABŞ ordusunun Suriyadan çıxarılması məsələsini müzakirə edəcəyik” deməsi ciddi müzakirələrə səbəb olub.
Məsələ ondadır ki, Türkiyə sonuncu dəfə 2019-cu ilin oktyabrında Trampın prezidentliyi dövründə Suriyanın şimalında PYD terror təşkilatının qurduğu “Suriya Demokratik Qüvvələri” adlı qrupa qarşı “Barış Pınarı” əməliyyatı keçirib. Məhz həmin dövrdə Tramp ABŞ ordusu qüvvələrini Suriyadan çıxaracağını elan etsə də, daha sonra kabinet üzvlərinin, o cümlədən müdafiə naziri və Yaxın Şərq təmsilçisinin sərt etirazı və istefalarından sonra bu fikrindən daşınıb. Baydenin dövründə isə ABŞ administrasiyası Türkiyənin Suriyanın şimalında kürdlərə qarşı əməliyyatına mane olub.
Lakin belə görünür ki, Trampın yenidən seçilməsi əməliyyat mövzusunu yenidən aktuallaşdırıb. Bu arada Trampın komandasında yer alan Kennedi bildirib ki, Tramp seçildikdən sonra Suriyadakı az saylı qüvvələrini çıxarmağı komandası ilə müzakirə edib.
Yəni belə görünür ki, Türkiyə hakimiyyəti ABŞ-ın yeni hökumətinin Ankaranın Suriyada hərbi əməliyyat keçirməsinə mane olmayacağını bilir. Ərdoğan bu günlərdə bir daha xatırlatdı ki, Ankaranın Suriyanın şimalında 30 kilometr dərinlikdə “təhlükəsizlik zolağı” yaratmaq planı hələ də qüvvədədir.
Məsələnin daha bir ayağı isə Ankara-Dəməşq münasibətləri ilə əlaqədardır. Ötən həftə xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriya və Türkiyə arasında barışıq prosesi rəsmi Dəməşqin günahı ucbatından dalana dirənib. Eyni zamanda Fidan qeyd edib ki, Türkiyə Suriyanın şimalında kürdlərin idarə etdiyi “Suriya Demokratik Qüvvələri” koalisiyasına qarşı hərbi əməliyyatlara hazırdır.
Bu açıqlama Suriyanın şimalında yeni hərəkətlənməyə səbəb olub. Son aylarda Türkiyə ordu generallarının Suriyanın şimalında səfərlərinin artması, ardınca Fidanın açıqlaması kürdləri ciddi şəkildə narahat edib. Ancaq hərbi əməliyyatların başlaması rəsmi Dəməşqin maraqlarını təhlükə altında qoyur. Çünki Suriya hakimiyyəti Türkiyə ordusunun ölkədən çıxarılmasını əsas şərt olaraq göstərir. Yeni əməliyyat isə bu perspektivin üzərindən xətt çəkir. Üstəlik hərbi əməliyyatların başlaması Suriyanın şimalındakı mövcud hərbi-siyasi şəraiti dəyişəcək.
Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsində israr etməsinin arxasında bir neçə xüsusi səbəb dayanır. Birincisi, Ankara PKK-nın Suriya qolu olan PYD və onun hərbi qanadı YPG-ni tamamilə sıradan çıxarmaq, onların Türkiyə ilə coğrafi sərhədini bağlamaq, bununla da ən azı yaxın perspektivdə Suriyada planlanan kürd muxtariyyəti layihəsini fiaskoya uğratmaqdır. Türkiyə ötən 5 ildə Suriyada ordu və MİT-ə məxsus PUA-larla YPG mövqelərini davamlı olaraq bombalayıb. Ancaq kürdləri sərhəddən 30 kilometr içəri qovmaq həm də onların nəzarət etdiyi əraziləri əlindən almaq və ərazi hakimiyyətini qırmaqdır.
Ankaranın ikinci hədəfi Suriya müxalifəti ilə bağlıdır. Türkiyə Suriyada münaqişənin sona çatdığını görür və masada müxaliflərin əlini gücləndirmək üçün onların hərbi-siyasi güc və ərazi üstünlüyünü təmin etməyi düşünür. Çünki son 7 ildə İdlib vilayətinə sıxışdırılan Suriya müxalifətinin faktiki olaraq hərbi və siyasi meydanda təsir gücü qalmayıb. Türkiyənin kürdləri sərhəddən çıxarması əməliyyatı Bəşər Əsədə qarşı əlavə təsir imkanı yaradacaq. Çünki Bəşər Əsəd və indiki halda Rusiya müxalifəti tərəf olaraq qəbul etmir, masada onları görmək istəmir.
Moskva isə Ərdoğan və Əsədi barışdırmaqla problemi “yuxarıdan” həll etməyə çalışır. Ancaq Dəməşq-Ankara danışıqlarını məhz Türkiyə ordusunun Suriya ərazisində qalması məsələsində dirənib. Başqa sözlə, Türkiyə indi yaranmış yeni şəraitdə Suriyanın şimalında təsir ərazisini daha da genişləndirib, kürdləri sıxışdırmaqla Dəməşqi və himayədarlarını fakt qarşısında qoymağa çalışır.
Amerikalıların Suriyanın şimalını və kürdləri nəyin qarşılığında Ankaraya güzəştə gedəcəyi isə hələ tam məlum deyil. Trampın siyasi proseslərə qarşılıqlı qazanc prinsipi ilə yanaşdığını nəzərə alanda aydındır ki, ABŞ-ın Ankaraya yaşıl işıq yandırmasının arxasında hansısa səbəblər olacaq. İlk olaraq ağıla gələn Türkiyə vasitəsilə Suriya üzərində təsirin artması, yəni Suriya münaqişəsinin həllinin İran və Rusiyanın monopoliyasından çıxarılması, İranın Suriyadakı mövqeyini zəiflətmək ola bilər.
Çünki son məlumatlara görə, ABŞ ordusu Suriyaya əlavə qüvvə gətirir. Yəni amerikalılar Suriyanı tamamən tərk etmək fikrində deyillər, Tənf rayonunda və Deyr əz-Zorda ABŞ bazaları qalacaq.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ