İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın mühasirəsi daralır - ABŞ husiləri ram etsə...

“Tehranın Yaxın Şərqdə bütün qol-qanadı kəsildikdən sonra onun özü ilə hesablaşmalar başlaya bilər” - analitik

ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verib. O, husilərin ABŞ gəmilərinə hücumlarını və bölgədəki dəniz ticarətinə mənfi təsirlərini əsas gətirərək, ABŞ ordusuna husilərə qarşı qətiyyətli və güclü hərbi əməliyyatlara başlamağı tapşırıb. Tramp İran administrasiyasına da çağırış edib. O bildirib ki, əgər İran ABŞ-ı təhdid etsə, bunun bədəli ağır olacaq.

ABŞ-ın maliyyə naziri Skott Bessent isə deyib ki, Yəməndə husilərə qarşı əməliyyat Tramp administrasiyasının İrana maksimum təzyiq göstərmək strategiyasının başlanğıcıdır. “Bu, güclü bir siqnaldır və əvvəlki administrasiyanın siyasətindən radikal şəkildə fərqlənir. Husilər və İran başa düşməlidir ki, bu, yalnız başlanğıcdır. Biz qlobal ticarəti yavaşladan və inflyasiya təzyiqlərini artıran naviqasiya azadlığı tıxanmasına imkan verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı "maksimum təzyiq" strategiyasını elan etdi", - deyə o bildirib.

Bu nədir, İrana hücum ərəfəsində “baş məşq”? Azərbaycana yaxın-uzaq hansı təsirləri ola bilər?

Heydər Oğuz

Siyasi Şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, əslində İrana qarşı hərbi əməliyyatlar 2023-cü ilin 7 oktyabrından başlayıb: “Məlum olduğu kimi, həmin gün HƏMAS öz mütəvazi dəstəsi ilə İsrailə qarşı hücuma keçdi və Təl-Əvivə uzun illərdən bəri gözlədiyi mühüm əsası verdi - HƏMASI tamamilə bitirmək imkanını. Amma İsrail təkcə HƏMAS-la qalmayacaq, özünün mövcudluğu üçün ekzistensial təhdid olaraq gördüyü İranı da "budayaraq" zəiflədəcəkdi. Təsadüfi deyil ki, HƏMAS-dan sonra İranın Yaxın Şərqdə ən qüdrətli “proksi”si olan "Hizbullah"a qarşı hərbi əməliyyatlar başladı. Təəccüblüdür ki, "Hizbullah" İsrail qarşısında ciddi müqavimət göstərə bilmədi və qısa zaman ərzində keçirilən müəmmalı əməliyyatlar nəticəsində tarix səhnəsindən silindi. Sözsüz ki, "Hizbullah"a qarşı əməliyyatlar başa çatdıqdan sonra sıra Yəmən husilərinə gəlməli idi və gəldi. Böyük ehtimalla, bu proses də uğurla tamamlanacaq və növbə İraqdakı Həşdi-Şabi qüvvələrinə gələcək. İranın Yaxın Şərqdə bütün qol-qanadı kəsildikdən sonra onun özü ilə hesablaşmalar başlaya bilər".

Bununla belə, Heydər Oğuzun fikrincə, İranın özü ilə hesablaşmaya ehtiyac belə qalmaya bilər: “Çünki görünən budur ki, İran öz proksi dəstələrini könüllü şəkildə İsrailə və ABŞ-a qurban verir. Biz bunun ilk təzahürünü HƏMAS-ın mərhum lideri İsmayıl Haniyə sui-qəsdində gördük. Bilirsiniz ki, İsmayıl Hanıyə İranın ən qorunaqlı yeri sayılan Prezident sarayı kompleksinə aid mehmanxanada öldürüldü. Bəzi müşahidəçilərin fikrincə, onun yeri İsrailə dəqiq verilməsəydi, MOSSAD-ın bu adamı öldürməsi mümkün olmayacaqdı. Yeri gəlmişkən, İranın sabiq prezidenti İbrahim Rəisi sui-qəsdi də bəzi konspiroloji nəzəriyyələri ağla gətirir”.

Siyasi şərhçinin fikrincə, məlum iddianın ən əsaslı dəlili “peycer partlayışları”dır: “Sirr deyil ki, "Hizbullah"a qarşı əməliyyatlar başlamamışdan əvvəl bu təşkilatın rabitə vasitələri sayılan peycerlər partladı, nəticədə minlərlə "Hizbullah" lideri müxtəlif xəsarətlər aldı. Sonradan məlum oldu ki, içərisində gizli bomba daşıyan bu peycerlər İran tərəfindən alınıb, "Hizbullah"a göndərilib. Belə çıxır ki, onların içərisinə partlayıcıların yerləşdirilməsində İranın da hansısa formada barmağı vardı. Bütün bu həqiqətlər istər-istəməz İranın artıq öz proksi dəstələrini qurban verdiyinə dair mülahizələri gücləndirir. Əgər bu iddialar doğrudursa, İranın himayəsi ilə varlığını qoruyan husilərin də məhvinin də çətin olmayacağından xəbər verir”.

H.Oğuz hesab edir ki, İsrail və ABŞ-ın İrana qarşı şərti olaraq “Aktopotun qollarını kəsmək” adlandırdığımız əməliyyatlarının İranın mərhum prezidenti İbrahim Rəisi sui-qəsdindən sonra daha da sürətlənməsi təsadüfi görünmür: “Bilirsiniz ki, İbrahim Rəisi İran siyasi elitasının ən radikal qanadına mənsub idi. Onun sui-qəsdlə ortadan qaldırılması və yerinə Azərbaycan əsilli Məsud Pezeşkianın gətirilməsi əslində bir dövrün qapanıb, yeni dövrün açılması anlamına gəlir. Məhz bu hakimiyyət dəyişikliyindən sonra İran "aktopotu"nun digər qanadlarının kəsilməsi (xüsusilə "Hizbullah" lideri Nəsrullahın və ardıcıllarının öldürülməsi) və İran qoşunlarının Suriyadan çıxarılması kimi hadisələr baş verdi. İndi isə “İran aktopotu”nun Yəmən qolu kəsilir. Yəqin ki, o, sonuncu qolu olan İraq həşdi-şabilərini də hərrac bazarına çıxardıqdan sonra məcburi islahatlara gedəcək. Əgər bu gözlənti özünü doğrultmasa, o zaman İranın daxili qüvvələri aktivləşdiriləcək. İran azərbaycanlılarına ehtiyac da məhz bu mərhələdə ortaya çıxacaq".

H.Oğuzun fikrincə, İran azərbaycanlıları məsələsi bu ölkəyə qarşı mübarizədə ABŞ-ın istinad etdiyi və ya nəzərə aldığı başlıca faktorlardan olub: “Hələ 2012-ci ildə ABŞ-da keçirilən Qlobal Təhlükəzilik-2012 Forumunda da bu məsələ müzakirə olunmuşdu. Həmin konfransda çıxış edən dünyaca ünlü strateq Zbiqnev Bjezinski İrana qarşı "planlaşdırılmamış" hücumun hər şeydən öncə, “qonşu regionlara dağıntılar gətirəcəyini” vurğulamışdı. O demişdi ki, “İrana yaxşı düşünülməmiş hücum Azərbaycanda Qərbin enerji maraqlarını böyük zərbə altına qoya bilər”. Strateq həmçinin etiraf etmişdi ki, İrana qarşı ən güclü silah bu ölkədə yaşayan Azərbaycan türkləridir. Amma təəssüf ki, onlar hələ bu mübarizəyə hazır deyillər.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR