Onlayn ictimai-siyasi qəzet
Xalqımız çox həssasdır, yay aylarında isti vurduqca emosiyalarımız daha da yüksəliş yaşayır. Milli qəhrəmanın şəklinin torta vurulması, anasının bıçaqla həmin tortu kəsməyə məcbur edilməsi bu baxımdan uca milləti əsəbləşdirmişdir.
Biz fransız deyilik ki, çörək olmayanda tort yeyək, ya Bastiliyaya dırmaşaq, bizə belə hallar qətiyyən yaraşmır. Sözgəlişi, mənim bir qahımım var, əgər dünya antropoloqları orta statistik azərbaycanlının biometrik-etnik-geopolitik portretini cızmaq üçün adam axtarsalar onu məsləhət görə bilərəm. Bir gündə, eyni saat ərzində internetdə 5 mövqe paylaşa bilir: əvvəlcə dünyanın faniliyi haqda hansısa düşük qaqaşın TikTok videosu gəlir, ardıyca imam Hüseynə ağlaşırlar, üçüncü sırada Manaf oxuyur, dördüncü deputat Razi Nurullayev pambıqçılarla tarlada görüşür, beşinci videoda isə süpürgəçi qarı hökumətdən uşaq pulu istəyir. Fantastik rəngarəng adamdır. Meşə görür yaşıllaşır, dəniz görür maviləşir, dağa çıxır ağarır, qarpız yeyir qızarır, avqust gəlir qaralır... Təbiətdə beləsinə az rast gəlinir.
Elə xalqın həssaslığı aidiyyəti qurumlara da sirayət etmişdir deyə metroda doğulan uşağa daimi gediş bileti hədiyyə edildi. Hərçənd orada bir qədər xəsisliyə varılmışdır, bunu niyə uşaq 25 yaşa çatana qədər edirsiniz? Ömürlük olsa, metro ziyandan çökə bilərdimi? Bakının inkişaf planı pozulacaqdımı? Əlbəttə, hesablamaq lazımdır. Yəqin idarədə bunun hamısını çötkəyə vurmuşlar.
Sözgəlişi, bilmirəm fikir verdinizmi, Trampın masasının üstündə çötkə var idi. Bizim kolxozda hesabdarların istifadə elədiyi qədimi çötkənin eynisi. Bir də domino, nərd oynanılan yerlərdə olur. Görünür, Ağ Evdə dünyanın dəftər-kitabını kompüterə, kalkulyatora etibar eləmirlər.
Əslində uşağa 25 yaşacan pulsuz gediş hüququ verməyin özü də bir az şişirtmədir, çünki onsuz 7 yaşa qədər uşaqlara metro ödənişsizdir. Yəni 25-dən 7 çıxsaq qalır 18 il. 18 il adam hər gün metrodan azı 1 dəfə istifadə etsə, indiki qiymətlə 3 min 285 manatlıq hədiyyədən söhbət gedir. Çoxdurmu? Yox. Metro Tağıdan Akif Çovdarovun tutub aldığı 3-4 milyon dollara baxanda elə çox deyil.
Ancaq uca millətimiz bəy verən atın dişinə baxmayıb. Mənim adım İsmətdir, hər nə versən qismətdir. Üstəlik, heç o biri idarələr ərazilərində doğulan uşaqlara qəpik də vermir. Hələ bu yaxında avtobus idarəsinin biri ağlaşma qurmuşdu, deyir 5 ildir ziyanla çalışırıq. Özü də guya özəl idarədir. 5 il ziyanla çalışaraq, görəsən, bunlar nə yeyib-içirlər?
Uşağa Cəsur adının qoyulması isə lap yerinə düşür. Həqiqətən bəzən biz metroda vaqona minərkən böyük şücaət göstəririk. Gəl gör orada doğulasan... Üstəlik “20 Yanvar” kimi stansiyada. Orada tək metronun içində deyil, üstündə də insan dünyaya təzədən göz aça bilir. Məsələn, “İnşaatçılar”a getmək istəyi ilə yola çıxarsan, bir də baxarsan səni tutub taksiyə basıblar, Cəlilabada gedirsən. Hər il “20 Yanvar”ın kruqunda minlərlə insan itkin düşür. Mən neçə jurnalist dostumu orada itirmişəm, bəziləri axırda Kürdəxanıdan çıxıb, lakin çıxmayanları çoxdur. Allah hamımıza qəni-qəni rəhmət eləsin.
Keçən həftə dövlət dil komissiyasından Sayalı xanım ənənəvi açıqlamasını yaymışdı, deyir bəzi valideynlər yeni doğulan uşağına Rəzil, Kündə, Məlumat, Türmə adları qoymaq istəyirmiş. Təxmin edirəm Məlumat nəşriyyatda, Kündə təndirxanada, Türmə həbsxanada doğulubdur. Bəs görəsən, Rəzil hansı idarədə doğulubmuş? Təxminlərim var, amma yaza bilmərəm - adım Cəsur deyil.
Sonda fürsətdən istifadə edərək Cəsur müəllimi təbrik edirəm, ona cansağlığı, uzun ömür diləyirəm. Azərbaycanda doğulmasına hələ çox sevinəcəkdir!
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ