İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “adını özgəyə qoyması” - Azərbaycana absurd suçlama

 

Terrorçu Ermənistana qucaq açan müsəlman qonşumuz fars dilinin əzbəri olan “qırmızı xətti” ayaqlar altına atıb; Bakıdan sərt reaksiyalar

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, yaxın qonşuluğa, tarixi əlaqələrə istinad edən münasibətinin, təmkinli davranışlarının qarşılığında İrandakı rejimin avantürist davranış sərgiləməsini müşahidə etməkdəyik. Cənub qonşumuz heç bir əndazəyə sığmayan tərzdə aqressiya nümayiş etdirməkdə, Azərbaycana qarşı absurd iddialar və ittihamlar səsləndirməkdədir. Bir müddət öncə Azərbaycanın Arazboyu sərhədi boyunca hərbi təlimlər keçirən Tehran yanlışını etiraf etməkdənsə, daha bir absurd iddianı tirajlayır. Buyurun: “Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub”. Bu barədə noyabrın 7-də İranın İnformasiya və Kəşfiyyat Nazirliyi məlumat yayıb və Azərbaycanı oktyabrın 26-da Şiraz şəhər məscidində azı 13 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı terror aktını təşkil etməkdə ittiham edib. “Hazırda 26 nəfər həbs olunub, onların hamısı qeyri-İran vətəndaşıdır. Hücumun əsas koordinatoru Azərbaycan Respublikası vətəndaşı olub. Həbs olunanların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır”, - deyə məlumatda bildirilir. “Ölkə daxilində əməliyyatların idarə edilməsində və əlaqələndirilməsində əsas koordinator Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan İmam Xomeyni hava limanına gələn Azərbaycan Respublikasının vətəndaşı olub. Bu şəxs Tehrana gəldikdən sonra Azərbaycan Respublikasındakı əlaqələndirici orqana çatması barədə məlumat verib. O, Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə dərhal İŞİD-in xarici vətəndaşlar şəbəkəsi ilə əlaqə saxlayıb və Tehranda olduğunu bəyan edib. Məsciddə insanlara atəş açan terrorçunun "Əbu Aişə" ləqəbli Tacikistan vətəndaşı olduğu bildirilir", - məlumatda iddia edilir.

Beləliklə, Tehran başını tamamilə itirərək, Bakını İran ərazisində terror aktı təşkil etməkdə ittiham edəcək qədər irəli gedib. Şübhə yoxdur ki, bu sərsəm və əsassız suçlama Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizdə terror aktları hazırlayan iranyönlü silahlı qrupları həbs etməsinə “cavabdır”.

Yeri gəlmişkən, noyabrın 7-də DTX əlavə olaraq bildirirdi ki, ölkənin Naxçıvan bölgəsində vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatlarla bağlı araşdırma başlanıb: “...İranın Naxçıvan Xalq Hərəkatı adından, guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İranın tərkibinə qatılmaq istəməsi, Ebarədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayılıb”.

Dünyanın bir sıra dövlətləri rəsmən İranı terrorçuluğa dəstək verən ölkə kimi tanıdığı halda, Azərbaycan hər zaman qonşuluq prinsiplərinə əməl edib. Hətta rəsmi şəkildə bəyan edib ki, heç bir ölkəyə ərazisindən üçüncü ölkəyə zərbə vurulmasına izn verməyəcək. Azərbaycanın mehriban qonşuluq siyasətinə İran hər zaman “erməni dostluğu” ilə cavab verib, son aylar isə aşkar anti-Azərbaycan mövqeyindən çıxış edir. Bugünlərdə məlum oldu ki, Ermənistan və İran illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir. Bu barədə APA “armenpress”ə istinadən məlumat yayıb. Məsələ Tehranda səfərdə olan Ermənistan maliyyə naziri Tiqran Xaçatıryan və onun müavini Avaq Avanesiyan İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi ilə görüşdə müzakirə olunub. “Ermənistan və İranın maliyyə nazirləri iki qonşu ölkə arasında bir sıra iqtisadi prioritetləri, xüsusilə hər il 3 milyard ABŞ dolları dəyərində ticarətin həyata keçirilməsi, mal mübadiləsinin həcminin 5 milyon tona çatdırılması, habelə maliyyə, bank, ticarət və gömrük əlaqələrini müzakirə ediblər”, - Ermənistan Maliyyə Nazirliyi yaydığı məlumatda bildirib. “İran və Ermənistanın iqtisadi və siyasi münasibətlərinin tarixi onilliklərə dayanır. Davam edən danışıqların əsasını iki ölkə arasında bu uzunmüddətli əməkdaşlıq təşkil edir və Ermənistanla İran arasında kommersiya əlaqələrinin üç milyard dollar səviyyəsinə çatdırılması məqsədi bu əsasların sübutudur”, Ermənistanın maliyyə naziri iranlı həmkarı ilə görüşdə deyib. İki ölkə arasında iqtisadi mübadilələrin həcmində qeydə alınan 25 faizlik artıma toxunan erməni nazir bildirib ki, bu il bu artım 40 faizdən çox olacaq. İranlı nazir isə deyib ki, onun ölkəsi qonşu dövlətlərin yürütdüyü iqtisadi siyasəti çox diqqətlə izləyir: “Bizim diqqətimiz həm də Qafqaz regionuna yönəlib və ümid edirəm ki, ölkələrimiz arasında 3 milyard dollarlıq ticarət dövriyyəsi həyata keçirmək məqsədinə çatacağıq”. O xatırladıb ki, bu məsələ İran prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə müzakirə olunub.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri isə bu arada təxirə salınıb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib, ancaq səfərin təxirə salınmasının səbəbi göstərilməyib. Qalibafın ziyarətinin daha uyğun bir zamanda baş tutacağı qeyd olunub. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı olub. İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyinin anonsunu vermişdi. Azərbaycan ərazilərini 30 il işğalda saxlayan, 60-dan çox məscidi darmadağın edən, Allahın evində donuz saxlayan, terrorçu, uşaq qatili Ermənistanı himayə edən, onunla ticarət əlaqəsini artırmağı hədəfləyən, Qafanda konsulluq, Mehridə başqa bir əməkdaşlıq mərkəzi quran İran Azərbaycana qarşı təhdidlərlə çıxış edir. Hansı ki, İrana qarşı hərbi əməliyyatlar planında Azərbaycan heç zaman yer almadı, öz ərazisini Qərb ölkələrinin hansısa planlarına açmadı, bütün təzyiqlərə rəğmən. Ermənistanda isə İrana qarşı çeşidli planlar quran xəfiyyələr yerləşib, Tehran bunu görməzdən gəlir. 

 Budur, iranlı siyasi şərhçi Həkmid Babai xəbərdarlıq edib ki, noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirilsə, dərhal adekvat cavab veriləcək. Yəni Tehranda aksiya keçiriləcək, aksiya iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar. Eyni zamanda  Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə götürülərək yandırılacaq. Bu, artıq terrora, cinayətə açıq çağırışdır. İrandakı bəzi korazehinlər anlamırlar ki, sivil etiraz aksiyasına terrorla cavab vermək olmaz və bu, ağılsızlıqdır, ağır fəsadları ola bilər. Normalda belə ağılsızlar dərhal nəzarət altına alınmalı, cəzalandırılmalıdır. Çünki yükdaşımalardan tutmuş, digər məsələlərədək beynəlxalq sazişlərlə, ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilir, dövlət təhlükəsizliyə təminat verir. Amma əgər İran rəsmiləri Azərbaycanı absurd şəkildə ittiham edirsə, digərlərindən nə gözləmək olar?

Bu arada İran mətbuatında yazılanlara görə, bu ölkənin parlament sədrinin Azərbaycana planlaşdırılan səfəri də təxirə salınıb. Əlbəttə, İran bu sərsəm bəyanatı ilə heç kimi inandırma bilməz, çünki Azərbaycan hər zaman terrora qarşı olub, özü də erməni terrorunun dəfələrlə qurbanı olub. İranın Bakıdakı səfirinin də qarışdığı son həbslərdən sonra “ayıbına kor olmaq əvəzinə” Bakıya qarşı absurd suçlama ilə çıxış etməyə üstünlük verib. İran son olaraq nəyə nail olmağa çalışır? Bu cür əsassız ittiham münasibətlərin diplomatik səviyyədə qırılma həddinə gətirib çıxara bilərmi? Bu arada Rusiya FTX-sinin rəhbəri Patruşevin Tehrana səfəri də diqqət çəkir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran Azərbaycana qarşı təxribatlarını davam etdirir, bu siyasətindən vaz keçmir, terrorda Azərbaycanın adını çəkir: “Guya İran ərazisindəki terrorda azərbaycanlılar iştirak edib. Hətta guya amerikan silahlarının İrana çatdırılmasında Azərbaycan sərhədlərindən istifadə edildiyi iddiası irəli sürülür. "Səhər" kanalında da  təxribatlar davam edir. Əlbəttə ki, rəsmi Bakı bütün bunların adekvat cavabını verir. Artıq ilk dəfədir müşahidə edirik ki, Güney Azərbaycan mövzusu Azərbaycanın rəsmi dairələrində də aktuallaşıb. Yəni bizim başqa alternativimiz qalmayıb. Elə bir nöqtəyə gəlmişik ki, artıq geri çəkilə bilmərik. İranın bu siyasəti adekvat cavabını almalıdır". E.Şahinoğlu bundan sonra Azərbaycan-İran münasibətlərinin normallaşmasını gözləmədiyini söylədi: “Nə qədər ki, bu rejim mövcuddur, normallaşma gözlənilmir. Gərək rejimi dəyişək, ondan sonra münasibətlərin normallaşması mümkün olsun. Hətta sərhəddə müəyyən gərginliklərin olacağı da istisna deyil. İranda bu qədər problem varkən Azərbaycana dil uzatması əslində İranın problemlərini artıracaq. İranda yaşayan azərbaycanlıların bir qismi artıq mövcud vəziyyətlə barışmayacaqlar. Onsuz da İranı küçə yürüşləri bürüyüb”. O ki qaldı Patruşevin İrana səfərinə, politoloq bildirdi ki, bu, sırf Ukrayna ilə bağlıdır: “Rusiyanın yeni raket və PUA-lara ehtiyacı var, bunları almaq üçün gedib. Onu iqtisadi heyət də müşayiət edir, yəqin maliyyə məsələləri də danışılacaq. İranın vəziyyəti ağırdır, Rusiya isə bu ölkədən hərbi texnika və silahlar alınması ilə onu bir az da bataqlığa sürükləyir. Çünki işğalçı Rusiyaya hərbi texnika vermək dünyada Ukraynanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilir. Odur ki, İrana qarşı sanksiyalar daha da sərtləşəcək”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə şübhə etmir ki, İran artıq siyasi simasını tamamilə itirib: “Azərbaycana qarşı aparılan informasiya terroru İran tərəfindən daim davam etdirilib. Bir gün belə olsun İran Azərbaycanın əleyhinə aparılan media hücumlarından əl çəkməyib. İranın əsas məqsədi İran əhalisi arasında Azərbaycanı gözdən salmağa yönəlib. 30 il ərzində ölkəmiz əleyhinə olmazın iftiralar edilib. İranın bütün dezinformasiya və feyk-nyus hücumları isə daim məğlubiyyətə düçar olub. Bir an olsa da, Cənubi Azərbaycan əhalisinin Azərbaycan sevgisi bitməyib”. T.İsmayılov qeyd etdi ki, İran son olaraq Azərbaycana qarşı çirkin niyyətlərini ortaya qoyur: “Azərbaycanı İrandakı hansısa hadisələrdə günahlandırmaq əlacsızlığın və ikiüzlülüyün göstəricisidir. İran o dərəcədə miskin durumdadır ki, Ermənistandakı sorosçuların ümidinə qalıb. İranın son ittihamları Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirəcək. İndi İranın Rusiyaya sığınma cəhdləri də təkliyinin nümayişidir. Rusiya və Ermənistandan başqa, demək olar ki, heç bir dövlətin İranla normal münasibətləri yoxdur”.

Beləcə, terrorçu Ermənistana qucaq açan müsəlman qonşumuz fars dilinin əzbəri olan “qırmızı xətti” ayaqlar altına atıb. Məşhur bir deyim var: “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. İrandakı “tünd sirkə”lər bunu unutmasınlar...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR