Onlayn ictimai-siyasi qəzet
İrandan Azərbaycana keçən əfqanlar saxlanılıb. Onlar Azərbaycana işləmək məqsədi ilə gəldiklərini deyiblər.
Musavat.com xəbər verir ki, Əfqanıstanın Kabil, Qazni və Herat şəhərlərindən olan 22-23 yaşlı 4 nəfər şəxs əvvəlcə İrana gəliblər. Bir müddət orada qaldıqdan sonra Azərbaycana keçməyi planlaşdırıblar.
Bu məqsədlə İran ərazisindən Astaranın Armudlu kəndi istiqamətindən sərhədi gizli yolla, tikanlı çəpərlərin üzərindən aşaraq keçiblər. Həmin şəxslər Astaranın Züngüləş kəndində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər İranda tikintidə müxtəlif işlərdə çalışdıqlarını, maddi vəziyyətləri yaxşı olmadığı üçün Bakıya gəlməyi planlaşdırdıqlarını deyiblər. Əlavə ediblər ki, İranda viza almaq çətin olduğu üçün Azərbaycana qaçaq yolla keçməyi qərarlaşdırıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 318.2-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Cəzaları başa çatdıqdan sonra məcburi şəkildə ölkə hüdudlarından çıxarılacaqlar.
İ.Muradov
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ