İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda iğtişaşlar bitmir - molla rejimi 2023-dən salamat çıxa biləcəkmi - rəy

Cənub qonşumuzda dəyişikliyin daha qanlı üsulla baş verə biləcəyi proqnoz edilir

İranın teokratik iqtidarı özünün çöküş dövrünü yaşayır. Artıq 4 aydır davam edən daxili etirazlar səngimək bilmir. İranın ən müxtəlif yerlərində baş qaldıran əhali etirazları onu göstərir ki, indiki molla rejimi xalqı idarə edə bilmir və ondan narazılıq kütləvi xarakter daşıyır. Rejimin ən sərt davranışlarına, etirazçılardan 500 nəfər öldürməsinə, 17 nəfərə edam hökmü çıxartmasına baxmayaraq, İranda kütləvi etirazlar 2023-cü ilə də keçmiş oldu. Bəzi iddialara görə, ölkədə heç bir ictimai dayağı qalmayan molla rejimi 2023-cü ildən salamat çıxa bilməyəcək. Bu iddiaların əsası varmı? Hazırda davam edən iğtişaşlar Tehran rejimini hansı dərəcədə təhdid edir? Mollakratiya yaranmış durumdan necə çıxa bilər? Və belə bir durum Güney Azərbaycan məsələsini hansı dərəcədə təsirləndirir?

Elçibəy İnstitutunun rəhbəri, politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 4 aydır İranda davam edən kütləvi etiraz aksiyaları İranda molla rejimi qurulandan sonra ilk uzun müddətli və daha kütləvi, əhatəli etiraz aksiyaları kimi dəyərləndirilə bilər. Bu etiraz aksiyalarının 4 aydan bəri davam etməsi və ölkənin bütün bölgələrini əhatə eləməsi, xüsusilə də İranda yaşayan milli etnik qrupların və xalqların yaşadığı ərazilərdə daha kütləvi olması İrandakı molla rejimini təhdid edir, dayaqlarını sarsıdır: “O ki qaldı 2023-cü ildə molla rejiminin dəyişməsi və onun sonunun gələcəyi ilə bağlı fikirlərə, bu fikri irəli sürənlərin müəyyən əsasları var. Amma nəzərə almaq lazımdır ki, molla rejiminin də hazırda İranda hələlik mövqeləri kifayət qədər möhkəmdir. Onun dəyişməsi üçün hazırda 4 aydan bəri davam eləyən etiraz aksiyalarının daha kütləvi, daha qərarlı və daha davamlı olması şərtdir. Əsas şərtlərdən biri də bu etiraz aksiyalarına veriləcək beynəlxalq dəstəyin səviyyəsindən asılı olacaq. Əgər qeyd etdiyimiz şərtlər hamısı bir yerdə olarsa, o zaman 2023-cü ildə İranda molla rejiminin dəyişməsi baş verə bilər. Molla rejimi vəziyyətdən necə, hansı yollarla çıxa bilər?

İranda baş verən iğtişaşların Azərbaycana yan təsirləri - fars rejimi niyə  aqressivləşib?

Oqtay Qasımov

Mən düşünürəm ki, rejimin hazırda vəziyyətdən çıxış üçün iki yolu var. Bunlardan biri etiraz aksiyalarında irəli sürülən tələbləri nəzərə alaraq müəyyən qədər rejimdə yumşalmalara gedilməsidir. Bu halda təxminən İranda baş verən hadisələr sovetlərin yenidənqurma dövrünə bənzəyəcək. Artıq 44 ildir mövcud olan dini rejim yumşalmalara gedərsə, cəmiyyət daha əlavə tələblər irəli sürəcək və rejim bu tələbləri qarşılaya bilməyəcək, nəticədə rejimin çöküşünə gətirib çıxaracaq. İkinci yol budur ki, molla rejimi çox sərt xətt tutur, aksiyaları daha sərt formada boğur, ölkədə daha mürtəce sistem qurulur, irtica daha da qüvvətlənir. Amma bunun da düşünürəm ki, böyük effekti olmayacaq. Çünki necə deyərlər, artıq "cin şüşədən çıxıb" və İranda insanlar, xalqlar azadlıqlar istəyirlər. Bu azadlıqları almayınca etiraz aksiyaları dayanmayacaq. Rejimin daha da sərtləşdirilməsi onsuz da İranda rejimin süqutunu sürətləndirəcək və İranda dəyişiklik daha qanlı üsulla baş verə bilər. Digər bir yol rejimin ənənəvi hiyləgər siyasətinə xas olaraq rejimin qabıq dəyişdirməsi ola bilər. Yəni guya qərbpərəst və demokratiya tərəfdarı olan qüvvələr hakimiyyətə gələ bilər. Ancaq bu da rejimin mahiyyətini dəyişməyəcək. Molla rejiminin əvəzinə guya qərbpərəst adı altında panfarsist, paniranist qüvvələr hakimiyyətə gələcək ki, bu da problemləri həll etməyəcək". 

Ekspert qeyd etdi ki, İran əhalisinin yarıdan çoxunu təşkil eləyən Azərbaycan türkləri ölkədə baş verən proseslərdən təsirlənirlər: "Amma eyni zamanda biz aksiyalar keçirildiyi dövrdə soydaşlarımızın yaşadıqları ərazilərdə aktiv şəkildə etiraz aksiyalarında iştirak etdiklərini, insan haqları və digər haqlarla bərabər, özlərinin milli haqlarını tələb etdiklərinin şahidi olduq. Onların irəli sürdüyü tələblər “Azadlıq, ədalət, milli hökumət!” şüarı idi ki, bu da orada yaşayan soydaşlarımızın əhval-ruhiyyəsini ifadə edir. Hesab edirəm ki, soydaşlarımız bu məsələlərdə kifayət qədər dəqiq və təmkinli, ölçülü-biçili mövqe sərgiləyirlər. İranda baş verəcək dəyişikliyin lokomotiv rolu həmişə soydaşlarımıza məxsus olub. Bu dəfə əgər ciddi dəyişikliklər olacaqsa, yenə də aparıcı qüvvəsi Güney Azərbaycanda yaşayan soydaşlarımız olacaq. Azərabaycan türklərinin İranda öz haqlarını alması üçün artıq müəyyən şəraitin yetişməsi prosesi baş verməkdədir ki, bu proses yetişəndə soydaşlarımız orada öz haqlarını alacaqlar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR