İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda erkən seçki baş tutdu, azərbaycanlı namizəd...

Politoloq: “Pezeşkianın və ya digərlərinin seçilməsinin vəziyyəti dəyişəcəyini düşünmürəm”

İranda iyunun 28-də növbədənkənar prezident seçkisi keçirilib. 

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunmuşdu. 

Seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Qazizadənin sözlərinə görə, bu addımı “inqilabi qüvvələrin birliyini qorumaq üçün” atıb. Siyasətçi qeyd edib ki, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.

Seçkilərin favoritinə çevrilmiş yeganə azərbaycanlı namizəd “islahatçıların” tək təmsilçisi Məsud Pezeşkiandır. Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi Azərbaycanım mahnısı səsləndirilib. ttps://www.youtube.com/shorts/H3VnvİJQOx8

Peşələrə qadın kişi fərqi qoyulmalıdır?

Siyasi şərhçi Kənan Rövşənoğlu seçki ilə bağlı “Yeni Müsavat”a şərh verərkən bildirib ki,  qeyd olunan namizədlərin hansısa birinin seçilməsi İranda ciddi dəyişikliyə gətirməyəcəkdi:

“Çünki ölkə iqtisadiyyatının hazırkı vəziyyəti Qərbin - ABŞ-ın embarqolarına görə bu gündədir. Başqa sözlə yeni prezidentin vəziyyəti kəskin dəyişəcəyini gözləmək ən azı yaxın zamanda real deyil. 

Ancaq Pezeşkiyanın seçilməsi İranda seçki demokratiyasının olması, xalqın narazılığının müəyyən qədər zəifləməsi və daxildə birliyin güclənməsi baxımından İran üçün faydalıdır. Bu səbəbdən də ali dini rəhbərlik seçkilərdə daha çox kütləvi iştiraka çağırış edir", deyə siyasi şərhçi qeyd edib.

Fikrət Fəraməzoğlu deyir ki, İranda prezidentləri təkcə xalq deyil, həm də ölkənin dini rəhbəri və SEPAH seçir:

“Bu seçim səsvermənin nəticələrindən asılı olmayaraq, onların iradəsinə tabedir. Hazırda istər dini rəhbər, istərsə də ona bağlı SEPAH xaricdə baş verən hadisələrin nə ilə nəticələnəcəyinə xüsusi diqqət yetirirlər. Çünki xaricdə İrana qarşı atılacaq addımları tam müəyyən etmək hələ mümkün deyil. Düzdür, bəzi əlamətlər var ki, sözügedən tərəflərin seçim etməsinə təsir göstərə bilər. Məsələn, ABŞ qısa müddətdə İranla bağlı üç ciddi sanksiya paketini açıqlayıb. Yaxın günlərdə isə daha iki sanksiyanın tətbiq ediləcəyi gözlənilir. Bu sanksiyalar İranın xarici ticarət dövriyyəsinə, habelə silah sənayesinə ciddi problemlər yaradır. Elə Tehranın əsas narahatlığı da budur ki, həmin problemlərin öhdəsindən gəlməsi artıq mümkünsüzə çevrilib. Yəni, 45 ildir mümkün qədər sanksiyaların qarşısını alan İran, artıq yeni dönəm üçün bunun qarşısında dura bilmədiyinin fərqindədir.

Digər bir məsələ isə ABŞ və İsrail arasında iyulda keçiriləcək İranın nüvə proqramı ilə bağlı müzakirələridir. Bu ay üçün nəzərdə tutulan görüşün təxirə salınmasına səbəb İsrailin Qəzza və Rəfahda həyata keçirdiyi hərbi əməliyyatlardır. Lakin iyulda Vaşinqtonda keçiriləcək görüşdən çıxacaq nəticə də İranın xeyrinə olmayacaq. Hətta bəzi ekspertlər İrana qarşı bəzi sərt addımlarını atılacağını istisna etmirlər.

Amma molla rejimi üçün açıq qalan tək məsələ ABŞ-da kimin seçiləcəyidir. Bu ilin noyabrında Ağ Evə kimin rəhbərlik edəcəyi məlum olacaq. Seçkilərə 5 aydan az vaxt qalmasına rəğmən, Baydenin aqibətinin necə olacağı, respublikaçıların Trampla və ya başqası ilə seçkiyə gedəcəyi məlum deyil. İranı narahat edən məsələ Tramp və ya onun yaxınlarından birinin seçiləcəyidir. Bu baş verərəsə, sanksiyaların yumuşaldılması üçün heç bir addım atılmayacaq. Üstəlik, daha ağır şərtlərin diktə etməsinə səbəb olacaq. Bu isə Tehranın ən arzulamadığı məsələdir.

İndiki məqamda ABŞ-da demokratların respublikaçılara qalib gələ biləcəyini demək çətindir. Xüsusən ABŞ-da iqtisadi nəticələr əhalini narahat edir. Xarici siyasətdə də durum elə də parlaq görünmür. Amma bütün bunlar respublikaçıların da qalib olmasını şərtləndirən faktor deyil. Çünki ABŞ-da seçkilərin taleyi bir anda dəyişə bilər. Yəni, yekun nəticə üçün gözləmək lazım gələcək".

Ekspertin fikrincə, molla rejiminin iki hədəfi var:

“Birinci hədəf budur ki, Pezeşkianı önə verib, 2016-cı ildəki kimi Qərblə ümumi razılaşma əldə edilməsinə nail olunacaq, sanksiyalar qismən yumşaldılacaq. Bu indiki məqamda Tehrana çox lazımdır. Alınarsa uğurları öz ayaqlarına yazacaqlar.

İkinci hədəf isə istər xarici siyasətdə, istərsə də bunun fonunda daxili iqtisadi zəifləmələr fonunda islahatçıların gözdənsalınması prosesi start götürəcək. Yəni, bütün uğursuzluqlar islahatçıların ayağına yazılacaq. Bununla da molla rejimi “gördünüz, dəstəklədiyiniz, inandığınız islahatçılar ölkəni pis günə saldılar” təbliğatına başlayacaqlar. Bu, rejimə ona görə lazımdır ki, sağ təmayülün nüfuzunu artıra bilsin".

 

Fikrət Fəraməzoğlu Şuşa ilə bağlı xəbərə görə cərimələndi

Fikrət Fəraməzoğlu Azərbaycan mediasında Məsud Pezeşkiyanın “millətçi”, “Azərbaycan fədaisi” kimi təqdim olunmasını yanlış adlandırıb:

“O, əslən azərbaycanlı olsa da, liberaldır və millətçi kəsimlə heç bir əlaqəsi yoxdur. Üstəlik, onun anası kürddür. Özü də açıq şəkildə bəyan edib ki, onun üçün fars, türk və ya kürdün arasında heç bir fərq yoxdur. Seçki ilə əlaqədar olaraq apardığı təbliğat isə sırf Güney Azərbaycan və Kürdüstan əhalisinin səslərini qazanmaq məqsədi daşıyır. Çünki İranda bu iki kontingent seçkilərin müqəddəratını müəyyən etmək gücündədir”.

Politoloq Elxan Şahinoğlu da qeyd edib ki, İran Konstitusiyasına görə, xarici siyasətdə əsas söz sahibi prezident deyil, ali  lider Xamenei və SEPAH-dır:

“Xarici və təhlükəsizlik siyasətini onlar müəyyənləşdirir. Azərbaycana qarşı ən çox təxribatçı açıqlamalar elə bu iki ünvandan gəlir. Ona görə də, Pezeşkianın və ya digərlərinin seçilməsinin vəziyyəti dəyişəcəyini düşünümürəm. Bəlkə də Pezeşkian İranın regional siyasətini dəyişmək istəyər. O, keçmiş çıxışlarında deyirdi ki, İranın Türkiyə və Azərbaycan siyasəti yanlışdır. Belə bir istəyi ola bilər. Amma prezident seçiləndən sonra onun  bu istəyi yerinə yetirməsinə SEPAH və ali lider yaşıl işıq yandırarmı? Bu suala cavab vermək çətindir”.

Qeyd edək ki, seçkinin keçirildiyi vaxtda Ərdəbil şəhərində iki sosial media istifadəçisi həbs edilib. Bu barədə Ərdəbil əyalətinin Baş prokuroru Calal Afaqi açıqlama verib. Afaqi həmin şəxslərin “yalan məlumat yaymaqla” seçki prosesinə təsir etmək istədiklərini iddia edib. O, seçkilərin təhlükəsiz şərayitdə keçirilməsinin hakimiyyətin qırmızı xətti olduğunu deyib. Saxlanılanlar barədə cinayət işi açıldığını bildirən Calal Afaqi onların kimliyi barədə açıqlama verməyib.

Axşam saatlarında İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb. Bu haqda İranın Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib. 

Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.

Bu səbəbdən qəzetimiz çapa gedənədək qalib namizədin kimliyi bəlli deyildi. Böyük ehtimalla qalib bu gün rəsmən açıqlanacaq. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR