İnsanlara hürriyət, millətlərə istiqlal!

İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI

İran XİN sözçüsü İsmayıl Bəqainin Zəngəzur dəhlizi haqda açıqlamasının Azərbaycan mediasında dərhal tirajlanması Ermənistanda xüsusi panika ilə müşayiət olundu. Axar.az xəbər verir ki, məlumat yayılandan dərhal sonra İsmayıl Bəqai təkzib yayıb və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirib.

Bəs anlaşılmazlıq haradan qaynaqlanırdı?

İranın rəsmi xəbər agentlikləri Türkiyə ilə sərhəddə yığılıb qalan İrana məxsus 1000 yük maşını barədə məlumat yaymışdı. Belə ki, İranla Türkiyə arasında yük maşınları ilə bağlı problem yaranıb: İran Türkiyə yük maşınlarına yanacaq satılmasını qadağan edib. İranda yanacaq Türkiyəyə nisbətən ucuz olduğu üçün Türkiyə TIR-ları yanacağı İrandan almağa üstünlük verirlər - həm girişdə, həm də çıxışda.

Diaspora.tv - Azərbaycanı təbrik edirik - İsmayıl Bəqai

Türkiyə isə İranın bu qadağasına cavab olaraq İran yük maşınlarına Türkiyəyə girişdə çənlərindəki yanacağın hər litrinə görə 28 lirə vergi tətbiq edib. Üstəlik, İran TIR-ları ehtiyacdan artıq yanacaq da götürürlər və Türkiyədə satırlar. Türkiyə İran TIR-larının satdığı yanacağa da əlavə vergi təyin edib.

Bəqai məhz bu məqama toxunaraq, İran nümayəndə heyətinin yaxın günlərdə məsələnin həlli üçün Türkiyəyə yollanacağını açıqlamışdı.

Bəqainin açıqlamasında ən çox diqqəti çəkən isə “Bu, siyasi deyil, texniki məsələdir” sözləri olmuşdu.

Bütün deyilənlərə baxmayaraq, informasiya manipulyasiyasını Azərbaycan mediası deyil, İran mediası edib. Bəqainin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını yayan “Etimad”dır. “Etimad” İranın rəsmi qəzeti və ya xəbər agentliyi olmasa da, kifayət qədər geniş tiraja malik, oxunan saytdır. Azərbaycanın bəzi xəbər agentlikləri də informasiyanın mənbəyi kimi “Etimad” və “Xəbəronlayn”dan istifadə edib. 

Hər bir halda Azərbaycanın bəzi media qurumları burada manipulyasiyaya məruz qalandır, manipulyasiya edən isə İranın öz mediasıdır və maraqlıdır ki, Bəqainin təkzibindən sonra belə xəbəri səhifələrindən qaldırmayıb. 

Ümumilikdə isə  Zəngəzur dəhlizi İran, Türkiyə və Azərbaycanın dövlət maraqlarına cavab verən Avrasiyanın orta xəttindəki çox böyük layihələrdən biridir. Bu dəhliz sülh və əməkdaşlıq dəhlizidir. İran isə ilk gündən Zəngəzur dəhlizinin açılmasını istəməyib. Bunun bir neçə səbəbi var. Birincisi, Naxçıvanın blokadadan çıxarılması Azərbaycanın ondan asılılığını sonlandırır ki, bu da İrana sərf etmir. İkincisi, Zəngəzur dəhlizi açılarsa, Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtacdır. 

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı hesab edir ki, İran və Türkiyə arasında indi olmasa da, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparıla bilər ki, bu da regionda dəyişən yeni geosiyasi reallıqlarla bağlıdır: “Qardaş ölkə və müttəfiqimiz Türkiyə, Suriyada baş verən proseslər fonunda Yaxın Şərqin aparıcı siyasi və hərbi gücü ilə regionda əsas rəqiblərindən biri olan İranı zəiflətməyi bacardı. Cənub qonşumuz hazırda bölgədə zəifləyən mövqelərini tamam itirməmək üçün Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir”. 

D-8 üzvləri arasında ticarət dövriyyəsi 100 milyard dollardır - Rəşad  Bayramov | Hafta.az

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizi və bu dəhlizin hansı prinsiplər əsasında fəaliyyət göstərməsi ilə bağlı Azərbaycanın mövqeyi məlumdur: “Biz dəhlizdə Azərbaycandan-Azərbaycana prinsipinin tətbiqini tələb edirik. Başqa sözlə desək, buradan Naxçıvana və əks istiqamətdə hərəkət edən yüklərin, nəqliyyat vasitələrinin və sərnişinlərin hər hansı gömrük yoxlaması və gömrük rüsumu tətbiq edilmədən sərbəst hərəkətinin təmin olunmasını istəyirik. İkincisi isə müvafiq təhlükəsizlik zəmanəti və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımların atılmasını tələb edirik. Burada Ermənistanın hər hansı suveren hüququnun tapdanmasından və ya bu hüquqdan imtinadan söhbət getmir. Zəngəzur dəhlizi öz imkanları ilə əslində təkcə Azərbaycanın və ya Orta Asiya ölkələrinə birbaşa çıxış əldə edəcək Türkiyənin maraqlarına deyil, bütün region ölkələrinin maraqlarına cavab verir. Ermənistan bu dəhliz vasitəsilə birincisi, Azərbaycan dəmir yollarına çıxış əldə edərək İran və Rusiya ilə dəmir yolu əlaqələrini təmin edir, ikincisi isə bu dəhlizdən keçən beynəlxaq yükdaşımalara görə əlavə iqtisadi imkanlar qazanır. Çünki Zəngəzur dəhlizi təkcə Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birləşdirən bir dəhliz deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayan bir körpüdür”.

Politoloq bu məsələdə son söz sahibinin Azərbaycan olduğunu da diqqətə çatdırdı: “30 ildir Ermənistanı himayə etməsinə və dəstək verməsinə baxmayaraq, Ermənistanla birbaşa dəmir yolu olmayan İran da əslində bu imkanlardan bəhrələnməklə əlavə dividentlər əldə edəcək. Amma İran müxtəlif bəhanələrlə uzun müddətdir ki, bu dəhlizin reallaşmaması üçün Ermənistana təzyiq edir. Səbəb isə təkcə iqtisadi maraqlar deyil, çünki Zəngəzur dəhlizinin açılması bir tərəfdən İran ərazisindən keçən dəhlizin perspektivini azaltsa da, digər tərəfdən də İran üçün əlavə iqtisadi dividentlər vəd edir. Əsl səbəb İranın Türk dünyasının birliyi və bu birliyin İranda yaşayan türklərin milli oyanışına səbəb olacağının xofundan qaynaqlanır.

Amma İranın düşdüyü durum, iqtisadi çətinliklərlə üz-üzə qalması, böyük həcmdə qaz və neft ehtiyatlarına baxmayaraq, ölkənin enerji böhranı yaşaması, eləcə də Trampın hakimiyyətə gəlişi ilə yeni sanksiyaların tətbiqi ehtimalları rəsmi Tehranı bu məsələdə gec-tez geri addım atmağa məcbur edə bilər". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR