İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və İrəvan kapitulyasiya aktının 9-cu bəndinə qarşı hərəkətə keçib - Turan dəhlizi xofu

Tehran-İrəvan əməkdaşlığı o həddə çatıb ki, artıq fars şovinistləri az qala hər gün “Ermənistana qarşı söz deyən qarşısında bizi görəcək”-mövqeyindən çıxış edirlər. Söhbət işğal dövründə Qarabağdakı 65 məscidi yer üzündən silən, nisbətən salamat qalanları isə donuz və inək ferması üçün yararlananları bağrına basan müsəlman dövlətindən gedir.

Daha bir ermənipərəst mövqeni nəzərinizə çatdırırıq: “Ermənistan və İran arasında əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi və yaxud, bizim dediyimiz kimi, Turan dəhlizinin reallaşma imkanlarını zəiflədir”. Bu sözləri beynəlxalq məsələlər üzrə iranlı ekspert kimi təqdim edilən Ehsan Mohavedian deyib (Axar.az). Ermənistanla İran arasında “hərbi və ya siyasi ittifaq” yaranması ehtimalı haqda danışan ekspert bildirib ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir. “Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzuolunan variantdır. Düşünürəm ki, biz mümkün qədər tez bir zamanda Şimal-Cənub dəhlizi proqramını tamamlamalıyıq. Təəssüf ki, İran şirkətləri bunu növbəti ilin yazına planlaşdırır. Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın Zəngəzur dəhlizi, bizim təbirimizcə desək, Turan dəhlizinin yaranması imkanlarını aşağı salır”, - o iddia edib.

İranlı ekspert erməni mediasına açıqlamasında qeyd edib ki, İrəvan və Tehran mədəni və tibbi sahədə də əlaqələri genişləndirməlidir ki, hər iki cəmiyyətdə dezinformasiyanın qarşısı alınsın: “Misal gətirim: bildiyim qədərincə, Ermənistan mediasının Tehranda filialı yoxdur. Niyə? Amma Tehranda Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqədə olan xəbər agentlikləri var (zəruri qeyd: belə bir agentlik yoxdur! - red.) Ermənistan mediası İran ictimaiyyəti ilə birbaşa danışmalıdır və regional hadisələr haqqında birinci əldən, aydın və doğru məlumat verməlidir. Və bu halda Türkiyə və Azərbaycanın verdiyi dezinformasiyanın, təbliğatın iranlılara heç bir təsiri olmayacaq. Bu barədə vaxtaşırı danışıram, amma nədənsə bu vacib məsələyə diqqət yetirilmir”.

2020-ci ilin 10 noyabrında Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti birgə bəyanat imzalayıblar, ancaq sözügedən sənədin bir sıra müddəaları bu günədək rəsmi İrəvan tərəfindən icra olunmayıb. Nikol Paşinyan imzasının arxasından qaçmaq üçün müxtəlif manevrlərə əl atır, hətta Azərbaycanı Qarabağdakı erməniləri “genosid” etməkdə ittiham edəcək qədər sərsəm açıqlamalar verir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağdakı mülki əhali ölkə vətəndaşlarıdır və onlarla bağlı hər hansı problem ola bilməz. Ancaq burada məskunlaşmış erməni silahlılarına, terrorçulara yer ola bilməz. Elə 14 noyabrda, gecə saat 4 radələrində Xocavənd istiqamətindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması faktı buradakı terrorçuların dərhal məhv edilməsi və ya ərazilərimizdən çıxarılması zərurətini ortaya çıxarır. Ancaq hələ ki nə Ermənistan, nə də onun havadarları bu reallığı qəbul etmək istəmir, əksinə, manipulyasiyalarla prosesi dalana sürükləməyə çalışırlar. Bu prosesdə İranın da İrəvanla bir cərgədə dayanması isə əcaib görünür. Artıq Ermənistanda anlayırlar ki, Zəngəzur dəhlizi ilə bağlı müsbət qərar qəbul olunmazsa, Laçın yolunun indiki şərtlər daxilində ermənilərin istifadəsində qalması mümkünsüz olacaq. İran da var gücü ilə çalışır ki, Zəngəzur dəhlizi açılmasın, elə hərbi təlimlər, İrandan Azərbaycana qarşı səslənən hərbə-zorbalar və digər qonşuluğa, müsəlmanlığa yaraşmayan davranışlar erməni faşizminin lampasına neft tökür. İran anlamaq istəmir ki, Azərbaycan, sadəcə, 10 noyabr anlaşmasının 9-cu bəndinin icra olunmasını istəyir. Sözügedən maddəni xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.  Burada isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzası var, Rəisinin yox!

Bəs İran Ermənistanla birləşib həm də Turan dəhlizi olaraq anlaşılan Zəngəzur dəhlizini - 10 noyabr sənədinin 9-cu bəndini əngəlləyə biləcəkmi? Tehran və İrəvanın bu yöndə ortaq müqaviməti nə vəd edir, iranlı ekspertin söylədikləri nə dərəcədə realdır?

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu: “Bu iki ölkənin müttəfiqliyi ortaq türk düşmənçiliyindən qidalanır”

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, regionda sülhə gedəcək yol Zəngəzur dəhlizindən keçir: “Hazırkı reallıqda Ermənistan-İran müttəfiqliyi regionda baş verən proseslərə koordinal dəyişiklik edəcək qədər güclü deyil. Hər iki ölkənin iqtisadi və hərbi-siyasi imkanları bunu mümkün etmir. Üstəlik, Ermənistan ərazisindən İrana qarşı istifadə edilməsi bir sıra beynəlxalq güclərin planlarının tərkib hissəsidir və Ermənistan bu planın bir hissəsi olmağı həvəslə qəbul edir. Hər nə qədər İrandakı fars şovinistləri, yaxud irançılar Ermənistana eyni millət, fərqli dindaş kimi baxsalar da, Ermənistandan İrana olan baxış islamofob baxışdır. Bu iki ölkənin müttəfiqliyi ortaq türk düşmənçiliyindən qidalanır”.

Deputat əlavə etdi ki, ancaq İran əhalisinin yarısından çoxunu təşkil edən türklər artıq bunun fərqindədirlər: “Çünki 44 günlük müharibə və ondan ötən iki illik postmüharibə dövründə İran davranışları ilə özünün antitürk siyasətini özü ifşa etdi. Məscidlərdə donuz saxlayan, əli müsəlmanların qanına batan Ermənistana hər cür dəstək verməklə öz dövlətinin adında olan islam sözünün İslama düşmən kəsilənlərlə ittifaq qurmağa mane olmadığını göstərdi. Ona görə də milliyyətindən asılı olmayaraq, öz mömin vətəndaşlarının İran dövlətinə olan inancını sarsıtmış oldu. Bu gün İranda baş verən hadisələrə diqqət etsək, səsləndirilən arqumentlərin nə qədər doğru olduğunu görərik. Belə olan halda öz vətəndaşlarından dəstək ala bilməyən hər hansı bir dövlət güclü ola bilməz və regionda yaxud dünyada baş verən proseslərdə ciddi təsir də göstərə bilməz”.

Ermənistana gəldikdə, H.Babaoğlu qeyd etdi ki, bu ölkə üçtərəfli bəyanata imza atmaqla Azərbaycandan Naxçıvana maneəsiz keçid təmin etməklə bağlı üzərinə öhdəlik götürüb və bu gec, ya da tez yerinə yetiriləcək: “Çünki regionda sülhə gedəcək yol Zəngəzur dəhlizindən keçir .Başqa ikinci yol yoxdur”.

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin  peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi - AZƏRTAC

Elçin Mirzəbəyli: “İran-Ermənistan əməkdaşlığı, sadəcə, təzyiq xarakterlidir və əsasən təbliğat xarakteri daşıyır”

Siyasi şərhçi, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli hesab edir ki, özünü iranlı ekspert kimi təqdim edən Ehsan Mohavedianın sərsəmləmələri molla rejiminin xəyallarından və Azərbaycanın ictimai rəyini qıcıqlandırmaq niyyətindən başqa bir şey deyil, arxasında heç bir real potensialın dayanmadığı söz yığınıdır: “Mohavedian molla rejiminin bütün təbliğatçıları kimi həyasızcasına yalan danışır. Təsisçisi Ermənistan Respublikası olan ARMENPRESS Agentliyinin İranın dövlət informasiya resursu İRNA ilə müqaviləsi var. ARMENPRESS-in Tehranda ofisi olmasa da, sözügedən agentliyin İranın dövlət qurumlarında rəsmi akkreditasiyadan keçmiş nümayəndəsi var və günü bu gün də fəaliyyətinə davam edir”. İranla Ermənistanın birləşərək Zəngəzur dəhlizinin gerçəkləşməsinə mane olacağına gəldikdə isə, E.Mirzəbəyli qeyd etdi ki, rəsmi Tehranın İrəvana dəstəyi təkcə sözügedən dəhlizlə bağlı deyil: “İran Rusiyanın Ukraynada qarşılaşdığı problemlərin yaratdığı boşluqlardan istifadə edərək, Ermənistana təsirini artırmaq istəyir. Məqsəd kommunikasiyaları Ermənistan və Gürcüstan üzərindən keçirməklə, Azərbaycan və Türkiyənin həyata keçirdikləri birgə layihələrin effektivliyini azaltmaqdan ibarətdir. İran uzun illərdir ki, bu istiqamətdə layihələr həyata keçirməyə can atır və bu günədək istəyinin bir faizinə belə nail ola bilməyib və olması da mümkün deyil. Çünki İran regionda yeganə və əhəmiyyətli təsir gücünə malik oyunçu deyil”. Bununla yanaşı, analitik qeyd etdi ki, bölgədə bu günə qədər həyata keçirilən və mühüm geosiyasi önəm daşıyan layihələri, eləcə də bu layihələrin davamlılığına və təhlükəsizliyinə zəmanət verən qlobal güclərin həm İrana, həm də Ermənistana təsir imkanlarını da nəzərə almaq lazımdır: “İran və Ermənistan bölgədəki proseslərə real təsir göstərə biləcək həddə qədər nə qədər istəsələr, əməkdaşlıq edə bilərlər. Amma ayaqlarını bir addım irəli atsalar, bir dövlət olaraq mövcudluqları şübhə altına düşə bilər. İran-Ermənistan əməkdaşlığı, sadəcə, təzyiq xarakterlidir və əsasən təbliğat xarakteri daşıyır”.

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, bu, bir daha Ermənistanın növbəti məkrli və xəbis planlarından xəbər verir: “Görünən odur ki, hər iki tərəf təxribatları davam etdirməkdə maraqlıdır. Birgə hərbi təlimlər tərəflərə nə verəcək? Hər iki ölkənin silah potensialı hər kəsə məlumdur. Belə olduğu halda prosesin İranın və Ermənistanın əleyhinə işlədiyini söyləyə bilərik. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hansı yolla olur-olsun Zəngəzur dəhlizinin açılışına nail olacaq”.

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Ceyhun Məmmədov: “Əgər birgə yalan uydurmağa davam etmək istəyirlərsə, bu, onların seçimidir”

Millət vəkili qeyd etdi ki, buna nə İran, nə də Ermənistan mane ola bilməyəcək: “Yaxşı olardı ki, hər iki tərəf münasibətləri gərginləşdirmək əvəzinə prosesə töhfə vermək barədə düşünsünlər. Proses artıq onların əleyhinə işləyir. Azərbaycan artıq dəmir yolu və avtomobil yollarının Ermənistan sərhədinə qədər olan hissəsini yekunlaşdırmaq üzrədir. Zəngəzur dəhlizinin açılmasında bir çox dövlətlər maraqlıdırlar. Getdikcə bu layihə daha qlobal layihəyə çevrilir. Media sahəsində əməkdaşlığa gəldikdə, Ermənistan istəyir onun saxta məlumatlarını İran birbaşa onlardan əldə etsin və yaysın? Onsuz hər iki tərəfin mediasının Azərbaycanla bağlı xəbərləri saxta və yalandır. Əgər birgə yalan uydurmağa davam etmək istəyirlərsə, bu, onların seçimidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR